525.Az

“Fransadakı terror aktında islamofobiya böyük rol oynayıb”


 

“Fransadakı terror aktında islamofobiya böyük rol oynayıb” <b style="color:red"></b>

“Fransada baş verən terror aktından sonra artıq müsəlmanlara qarşı anti-təbliğat kampaniyasına start verilib”.

Bu barədə politoloq Qabil Hüseynli bildirib. Yanvarın 7-də Parisdə baş vermiş terror aktından sonra İslam əleyhinə təbliğatın aparılmasına toxunarkən deyib. Onun sözlərinə görə, artıq bəzi Avropa ölkələrində müsəlmanlara qarşı hücum kampaniyasına başlanılıb və bu yöndə kütləvi nümayişlər keçirilir, müsəlmanların Avropadan, ilk növbədə Fransadan çıxarılması üçün şüarlar səsləndirilir: “Əslində  əvvəllər də müsəlmanlara qarşı bir kampaniya mövcud idi. Fransadakı terror aktının törədilməsində də anti-müsəlman təbliğatı, islamofobiya böyük rol oynayıb. Bir sözlə Avropada çox təəssüflər olsun ki, sağçılar və onların əsas radikal qanadı olan millətçilər sayca çoxalmaqda, təşkilatlanmaqdadırlar. Bunun da nəticəsində müsəlmanlara qarşı müxtəlif  təzyiqlərin sayı artır. Biz 21-ci əsrdə müxtəlif sivilizasiyaların birlik olacağını düşünürdük, amma çox təəssüf ki, kimlərsə sivilizasiyalararası qarşıdurmalara və toqquşmalara dəstək verir”.

Siyasi ekspert Arzu Nağıyev isə düşünür ki, belə təxribatlar mütəmadi olaraq təkrarlanır və bu, birinci hal deyil: “Rüşdinin yazdığı anti-İslam xarakterli şeirlər, ABŞ-da katolik kilsənin nümayəndəsinin “Qurani-Kərimi” yandırması və digər bu kimi məsələləri hər kəs yaxşı xatırlayır. Bu məsələlərdən sonra İslamın tənqid hədəfinə tutulması, müəyyən qadağaların qoyulması, bəzi geyimlərin yasaqlanması, beynəlxalq mükafatların təsis edilməsi və başqa hallar baş verir”.  Ekspert hesab edir ki, ümumiyyətlə, tənqidə görə silaha əl atmaq və qətllər pislənməlidir: “Lakin bu heç də demokratiyanın təzahürü demək deyil. Bir tərəfdən də bu, qanunlarda boşluqdan əmələ gəlir. Demokratiya adı altında insanların inancı, əqidəsi ilə oynamaq olmaz. Azərbaycanda, Rusiyada, ümumiyyətlə, bir sıra ölkələrdə bu qanunlar tətbiq olunur və müşahidələr göstərir ki, tolerantlıq baxımından bu, öz bəhrəsini verir”.

A.Nağıyevə görə, bu hadisədən sonra bütün istiqamətlərdə, istər maarifçi, istərsə də radikal İslama basqılar artacaq: “Birmənalı şəkildə belə qətlləri dəstəkləmək olmaz. Dünyada baş verən bütün proseslər nəzərə alınmalıdır. Maraqlısı da odur ki, həmin hadisəni törədənlər Fransanın öz vətəndaşlarıdırlar”.

Qeyd edək ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik həftəliyinin mənzil-qərargahına hücum nəticəsində 12 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Bir gün sonra isə polislə atışma olub, iki nəfər öldürülüb, dünən də paytaxtda terrorçuların saxlanılması əməliyyatı həyata keçirilərkən ölən və yaralananlar olub. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında terror hadisəsi qəti şəkildə pislənilib. Azərbaycan dövlət başçısı da fransalı həmkarına başsağlığı verib. Hadisə ilə bağlı Fransada matəm elan edilib.

PƏRVANƏ

 





10.01.2015    çap et  çap et