525.Az

7 yanvar hadisəsi: terror, yoxsa təxribat?


 

MİLLƏT VƏKİLİ FAZİL MUSTAFA: “BUNUN QİSASINI MƏHƏMMƏD PEYĞƏMBƏRDƏN ALMAQ BU AXMAĞIN AĞLINA GÖRƏSƏN HARADAN GƏLİB?”

7 yanvar hadisəsi: <b style="color:red">terror, yoxsa təxribat?</b>

Parisdə baş vermiş qanlı faciə ilə bağlı müxtəlif sensasiya yaradan fikirlər səslənməkdədir. Maraqlısı isə budur ki, həmin fikirlərin əksəriyyəti elə avropalılar tərəfindən ortaya atılır. İslam peyğəmbərinə qarşı qərəzli münasibətdən hadisənin öncədən hazırlanan tamaşa olduğuna qədər irəliyə atılan mövqelər səngimək bilmir. Bu isə Qərbin və xristian dünyasının məsələyə münasibətində ziddiyyətlərin olduğunu göstərir. Yəni, vəziyyət göründüyü qədər qəliz deyil. Dünya xristianlarını, eləcə də digər qeyri-İslam etiqatı daşıyan millətləri müsəlmanlara qarşı çevirməyə, İslamı terrorizm və ekstremizmlə bərabər tutmağa çalışan islamafob qüvvələrin məkrli planları hələ baş tutmayıb. Terrorçuların axtarışlarının davam etdiyi bir vaxtda YUKOS neft şirkətinin eks sahibi, məşhur rusiyalı ictimai xadim Mixail Xodorkovskinin dünya mediasını Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırması hadisənin mahiyyətində İslama qorxu və nifrətin dayandığını bir daha göstərib. Dünyanı lərzəyə salan terror aktlarını törədənlərin müsəlman olmaları önə çəkilsə də, əksər qanlı hadisələrin, silahlı hücum və partayışların hədəfində İslam ölkələrinin dayandığını, bunun nəticəsində demək olar ki, hər gün Yaxın və Orta Şərqdə kütləvi şəkildə insanların öldürüldüyünü unutmaq olmaz. Yəni, terrorun arxasında İslam amili dayansaydı, hədəf kimi müsəlman dövlətləri seçilməzdi. Paris terroru ilə bağlı açıqlama verərkən M.Xodorkovskinin müsəlmanları qıcıqlandıran fikirlər işlətməsi xüsusilə Qafqaz regionunda böyük məyusluq və qınaqla qarşılanıb. Çeçenistan Prezidenti Ramzan Kadırov YUKOS neft şirkətinin keçmiş rəhbərini müsəlmanların və özünün şəxsi düşməni elan edib. “Trend”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, R.Kadırov M.Xodorkovskinin son hərəkətləri ilə “özünü çarmıxa çəkdi”yini deyib: “Xodorkovskinin yaşadığı İsveçrədə “minlərlə qanunsevər vətəndaş” onu məsuliyyətə cəlb etməyi tələb edəcək. Görünən odur ki, bu tələb kobud və həssas olacaq”.

Rusiyalı biznesmenin Məhəmməd peyğəmbərlə bağlı qərəzli fikirlərinə görə, Azərbaycanın ictimai-siyasi həyatında da onu qınayanlar az olmayıb.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, YUKOS neft şirkətinin eks sahibi Mixail Xodorkovski kimi anormal düşüncə sahibini Rusiya prezidenti Vladimir Putin haqlı olaraq uzun müddət həbsxana divarları arasında saxlayıb: “Son illərdə bu qədər təxribatçı və ağıldankənar təklifə bəlkə də rast gəlməmişəm. Adam bütün müsəlmanları qıcıqlandıracaq, daha geniş miqyasda təxribatın baş verməsinə səbəb olacaq bir təklif irəli sürüb. O bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb. Təbii ki, Parisdə baş verən terrora ağlı başında olan insanların münasibəti birmənalıdır və bunun hər şeydən əvvəl müsəlmanlara qarşı düşünülmüş bir hərəkət olduğu kimsədə şübhə doğurmur. Hətta terrorçular müsəlman olsalar belə, bu vəhşiliyin bədəlini Avropada yaşayan müsəlmanlara ödətmək məqsədilə törədildiyi ehtimal olunur. Buyurub Fransanın çevik polis sistemi terrorçuları ələ keçirsin və ən ağır cəzaya məhkum etsinlər. Bunun qisasını Məhəmməd peyğəmbərdən almaq bu axmağın ağlına görəsən haradan gəlib? Peyğəmbərin karikaturasını çəkməklə hansısa xəstə təxəyyüllü insan həzz alırsa, bunları heç ciddiyə almağ da lazım deyil. Məkkədə, Taifdə daşqalaq edirdilər, üzünü qanadırdılar, ələ salıb təhqir edirdilər, sonu nə oldu, onun ideyasına, vizyonuna əngəl ola bildilərmi? Endirilmiş dinə bağlı olan müsəlmanlar heç şübhəsiz Peyğəmbərə qarşı təhqirlərə onun özünün göstərdiyi səbrli davranışı göstərərdilər, buna terrorla cavab verməzdilər. Ancaq son olaraq onu deyə bilərəm ki, Xodorkovskinin bu əxlaqsız çağırışı sifarişli təxribatdır”.

Xodorkovskinin söylədiyi fikirlərin tamamilə əsassız olduğunu deyən millət vəkili Vahid Əhmədov “modern.az”a bildirib ki, ümumiyyətlə, YUKOS neft şirkətinin sabiq rəhbərinin hansı millətdən olduğu da məlum deyil. Onun sözlərinə görə, bundan əlavə, rusiyalı biznesmenin hansı dinə qulluq etdiyi də bilinmir. V.Əhmədov qeyd edib ki, məhz bu çağırışdan sonra Avropanın bir sıra nəşrlərində Məhəmməd peyğəmbərin karikaturası çap olunub: “Hamı Parisdə baş verən hadisənin terror olduğunu qəbul edir. Bu qanlı hadisənin məhz Məhəmməd peyğəmbərin karikaturasının həmin jurnalda çap olunmasına görə baş verdiyi iddia edilir. Əgər həqiqətən belədirsə, Xodorkovski öz çağırışı ilə Avropanın digər ölkələrindəki KİV-ləri də terrorçuların növbəti hədəfinə çevirir. Bu yalnız müsəlmanlara qarşı provokasiyadır”.

Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi, ilahiyyatçı Hacı Şahin Həsənli Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı və bunun nəticəsində İslam dünyası və onun peyğəmbərinə qarşı qərəzli fikirlərin süni şəkildə ortaya atılmasıyla bağlı “lent.az”a açıqlamasında bildirib ki, bu hadisəyə bir neçə aspektdən yanaşmaq olar: “Fransada baş vermiş hadisə bir neçə cəhətdən diqqəti cəlb edir. İnancından asılı olmayaraq insanların heysiyyatı, şəxsiyyəti möhtərəmdir. Bu cəhətdən Avropada belə bir addımın atılması, İslam müqəddaratına həqarət heç bir əxlaqi və hüquqi normaya sığmır. Əgər Fransada erməni yaxud yəhudi soyqırımını məzxərə etsəydilər, hökumət strukturları dərhal qarışacaqdılar. Lakin müsəlmanlara gəldikdə, ciddi tədbirlər görülmür. Belə ikili standartlar və cəzasızlıq bəzilərini linç məhkəməsi qurmağa vadar edir”.

Karikatura olayının Avropa cəmiyyətinin İslamofob ruhu ilə bağlı olmadığını deyən ilahiyyatçı əksinə bu hadisənin mahiyyətində Qərbdə bu ruhiyyəni yaratmaq niyyətinin olduğunu bildirib. O, qeyd edib ki, Avropanın üzləşdiyi iqtisadi, sosial və siyasi problemlər müqabilində, bütün ideoloji immunitetini itirmiş bir cəmiyyəti səfərbər etmək gərəkdir: “Səfərbərlik üçün də ən yaxşı yol onsuz da avropalıların plebey kimi baxdıqları müsəlmanlara qarşı nifrətin təbliği idi. Beləliklə, həm cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq, həm də Yaxın Şərqdəki zorakılığa bəraət qazandırmaq mümkün olur. Bunun üçün təsirli bir şou lazım idi, o şounu da yaratdılar”.

Millət vəkili Zahid  Oruc hesab edir ki, keçmiş məhbus, indi isə ölkəsinin bütün müsəlmanlarının heysiyyatı üzərindən taxt-taca doğru addımlayan Mixail Xodorkovskinin çağırışı ilə bütün dünya mediası karikaturalar sərgisinə dönsə də, bundan Məhəmməd peyğəmbərin ilahi missiyası heç bir ziyan çəkməyəcək. Onun sözlərinə görə, əsas Quranı terrorçuların əlindən almaqdır: “Belə qüvvəni daxilində yetişdirə bilməyən xalqlar isə xaricdən xilaskar gözləməyə məhkumdular”.

Millət vəkili qeyd edib ki, karikaturalara görə intiqam aldıqlarını bağıraraq sakit və kimsəsiz küçədə kiminsə kameralarına düşməyə ümid bəsləyən maskalı muzdlular az qala nümayişkəranə şəkildə İslamı və müsəlmanları hədəfə çeviriblər. O bildirib ki, qəddarlıqla qətlə yetirilən insanlarla həmrəyliyini nümayiş etdirməyə çıxan minlərlə fransalı, Berlin sakini, yaxud londonlu etirazçılar hələ ki, yalnız söz azadlığına qarşı yönələn barbarlığı pisləməklə, ölənlərin xatirəsini anmaqla məhdudlaşıblar: “Qarşıdakı günlərdə bütün Avropada “əcinə ovu”na çıxılacağı, reaksionist və qatı dini əqidə daşıyacaqlarının tapılıb cəzalandırılacağına şübhə yeri yoxdur. Onsuz da son həftələr Almaniyadan tutmuş İsveçədək, artan müsəlman sayına qarşı kəskin milli dirəniş açıq meydanlara qədər güclənib. İndi isə hər cür antimiqrant qanunvericiliyinə, təhlükəsizlik tədbirlərinə qərar vermək üçün ortada ən azı 12 cəsəd var. Kütlə ilə bir sırada addımlayan prezident Fransua Olandın milli qəzəbi sakitləşdirmək üçün ona müsəlmanların qanını “halal” edilib. O, hazırda 21-ci əsrin Napoleonu kimi dünya yürüşlərinə çıxmaq üçün beynəlxalq tərəfdaşları ilə gizli sövdələşməyə başlaya bilər”.

Z.Oruc əlavə edib ki, cinayətdə şübhəli bilinən Səid və Şərif qardaşlarının maskalı sifətləri arxasında hansı mərkəzlərin dayandığını təyin etmək Roma papasına güllə atan Əli Ağcaya fitva verənlərı tapmaq qədər çətindir: “Hər halda terror qruplarının rəhbərləri müxtəlif kəşfiyyat mərkəzlərinə bağlıdır”.

Fransadakı terror aktından sonra müsəlmanlara qarşı anti-təbliğat kampaniyasına start verildiyini deyən politoloq Qabil Hüseynli “SİA”ya bildirib ki, bu istiqamətdə kütləvi nümayişlər keçirilir, müsəlmanların Avropadan, ilk növbədə Fransadan çıxarılması üçün şüarlar səsləndirilir: “Əslində  əvvəllər də müsəlmanlara qarşı bir kampaniya mövcud idi. Fransadakı terror aktının törədilməsində də anti-müsəlman təbliğatı, islamofobiya böyük rol oynayıb. Bir sözlə Avropada çox təəssüflər olsun ki, sağçılar və onların əsas radikal qanadı olan millətçilər sayca çoxalmaqda, təşkilatlanmaqdadırlar. Bunun da nəticəsində müsəlmanlara qarşı müxtəlif təzyiqlərin sayı artır. Biz 21-ci əsrdə müxtəlif sivilizasiyaların birlik olacağını düşünürdük, amma çox təəssüf ki, kimlərsə sivilizasiyalararası qarşıdurmalara və toqquşmalara dəstək verir”.

Qeyd edək ki, yanvarın 7-si Parisdə baş vermiş terror aktını törədənlərin axtarışı davam edir. Jurnal redaksiyasına edilmiş silahlı basqın zamanı 12 nəfər həlak olub. Peyğəmbərin karikaturasını dərc etmiş “Charlie Hebdo” satirik jurnalın redaksiyasına hücum edən şəxslərin müsəlman dininə mənsub olduğu və məhz karikatura hadisəsinə görə bu addımı atdıqları bildirilib.

Ceyhun ABASOV

 





10.01.2015    çap et  çap et