525.Az

“Gənclərimizin olduqları ölkələrin mədəniyyətini öyrənmələri faydalı olar”


 

Müsahibimiz Türkiyənin Erciyes Unversitetinin magistrantı, Zəngin Azərbaycan Mübarizə İctimai Birliyinin Kayseri nümayəndəsi Ləman Süleymanlıdır.

“Gənclərimizin olduqları ölkələrin mədəniyyətini öyrənmələri faydalı olar” <b style="color:red"></b>

– Erciyes Unversitetinin 75 azərbaycanlı tələbə, 20-yə yaxın müəllimi var. Tələbələrin hamısını desəm yalan olar, amma əksəriyyəti ilə görüşürəm. Müəllimlərin hamısı məni yaxşı tanıyır. Burada azərbaycanlı tələbələr iki aydan bir toplaşırıq. Bir-birimizə yardımçı olmağa çalışırıq. Azərbaycanla bağlı tədbirlərdə bir oluruq. Qısa bir müddətdə AZErderin Kayseride təmsilçisi oldum. Daha sonra dərs ağırlığı ilə bağlı təmsilçilikdən uzaqlaşmalı oldum. Hazırda Yabancı Uyruklu tələbələrin qız təmsilçisiyəm.

Mən hər zaman xaricdə təhsilimi davam etdirmək istəmişdim. Onu da deyim ki, təhsil aldığım ixtisas üzrə Hüquq fakültəsində tək azərbaycanlıyam. Buna bir tərəfdən məyus olsam da bir tərəfdən də sevinirəm.

Azərbaycandan gələn tələbələr hüquq fakültəsini seçmirlər. Səbəbisə bizim hüquqla türk hüququ ziddir.

Mən də bu ziddilikdən bir az əziyyət çəkirəm. Amma çox xoşbəxtəm. Mən ölkənin birinciləriylə, hakimləriylə, vəkilləriylə bir sinifdəyəm. Müəllimlərimlə şagird –tələbə kimi yox, dost kimiyəm. Oxuduğum universitet Türkiyənin ən yaxşı 10 ali məktəb siyahısına daxildir. Universitetin çox zəngin kitabxanası var. Burda tələbələr hər hansı problem yaşamır. Elektron kitabxanaya hər kəs baş vura bilir. Universitetin kitabxanası səhər 8- dən axşam saat 10-a kimi açıq olur.

– Azərbaycanın daha yaxından tanıdılması istiqamətində hansı addımlar atırsınız?

– Ölkəmizin tanınmasına ehtiyac olmasa da, biz tələbələr yenə də önəmli günlərimizdə gözəl proqramlarla müəllim və tələbələrin qarşısına çıxırıq. 2014-cü ildə universitetimizdə müəllimlərimlə birlikdə “Qarabağ gecəsi” hazırladıq. Xocalı faciəsinin növbəti ildönümündə dostlarımızla birlikdə millət vəkili Aydın Mirzəzadəni dəvət etdik. Gözəl bir konfrans oldu. Onu da deyim ki, azərbaycanlı tələbələr yaxşı oxumağa çalışırlar. Hər fakültədə demək olar ki, azərbaycanlı tələbə var. 2013-cü ildə məzun olan xarici tələbələr içində azərbaycanlı tələbə birinci oldu. Bu, bizim üçün uğurdur. Nə qədər fərqləndiyimizi biz yox, müəllimlərimiz deyə bilər.

Onu da deyim ki, dövlətimiz gənclər üçün imkanlar yaradır, ancaq daha çox olursa daha yaxşı olar. Çünki gənclərimizin xaricdə hər zamandan çox diqqət və qayğıya ehtiyacı var.

– Hazırda təhsilinizi davam etdirirsiniz. Çalışmaq üçün hansı ölkəni seçmək niyyətindəsiniz?

– Gələcəyə planlarım çoxdur. Avropa və Amerikada təhsilimi davam etdirmək istəyirəm. Görək həyat nə göstərir. Bir qadın olaraq Hüquq fakültəsində oxumaq və davam etdirmək çox qürurvericidir və eyni zamanda çətindir. Amma olsun, mən çətinlikləri sevirəm. Çətinliklə əldə etdiyin hər şeyin insan qədrini daha çox bilir. Qarşıma qoyduğum əsas məsələlərdən biri ölkəyə döndükdə sosioloji layihələrdə çalışmaqdır.

Xüsusilə qız uşaqlarının oxumasını və onları erkən nikahdan yayındırmaqdır. Çünki bir qız uşağının oxuması, bir ailənin qazanması deməkdir. Hansı ölkə olursa-olsun, ölkəm və millətim üçün işlər görmək istəyirəm.

Gənclərin ölkəmizə ən böyük töhfələri dərslərini oxumaqdır. Fərqli dillər öyrənmək və olduqları ölkənin mədəniyyətini və inkişaflarını öyrənmələri müasir Azərbaycanımız üçün faydalı olar. Ən əsası Vətənimizi sevmək lazımdır. Bir gənc torpağını, millətini sevərsə o ölkəyə zərər yox, xeyir gələr. Hər şeyin başlanğıcı sevgidir.

–Bəzən qadınlar üçün bu ixtisasın çətin olduğunu deyirlər. Sizin üçün bu sahədə çalışmaq çətin deyilmi?

– Bu tip düşüncəyə hörmət etmirəm. Qadın yalnız həkim və müəllim olmaq üçün yaranmayıb. Heç bilirsiniz Türkiyədə nə qədər hakim və prokuror qadın var? Ağlınıza gəlməyəcək qədər çoxdur. Mən heç vəkilləri demirəm. Qadın- kişi ayrımı etməyi sevmirəm. Məncə bu insandan asılıdır. Mənim ailəm hər zaman arxamda olublar. Mən iki bacımdan fərqləndim. İstəyimi biləndə məndən çox sevindilər. 21-ci əsrdə bu tip düşüncələrin var olmasına çox təəssüflənirəm. Qadın memar, mühəndis, arxeoloq olmaq istəyirsə olsun, bu həyat onlarındı və arzularının arxasınca getsinlər.

– Yaşadığınız ölkə, şəhər sizdə hansı təəssüratlar oyadıb? Hansı görməli yerləri, abidələri, mədəniyyət ocaqları var?

– Türkiyə bir başqa ölkədir. Burda yaşayan bunu bilər. Amma onu deyə bilərəm ki, televiziyadan göründüyü kimi deyil. Hər tərəfi bir başqadır. Mənim yaşadığım şəhər- Kayseri Türkiyənin 7-ci böyük şəhəri siyahısına daxildir. Erciyes dağının ətəyində yerləşir. Bizim şəhər daha çox iqtisadi şəhərdir. Ticarətin mərkəzi sayılır.

Şəhərdə 4 ali məktəb var. Cümhuriyyətin ilk zamanlarında Kayserini paytaxt olaraq təklif ediblər, amma sonradan Mustafa Kamal Atatürk Ankaranı paytaxt elan edib. Kayserinin əvvəllər adı Qeysəriyə olub, amma zamanla Kayseri olub. Qədim şəhərdir, Səlcuqluya aid çox az tarixi yerləri qalıb. Məşhur Memar Sinan bu şəhərdəndi. Bu şəhərdən olmasına baxmayaraq yalnız 1 məscid inşa edib.

–Təhsil aldığınız ali təhsil ocağının hansı üstünlükləri var?

– Erciyes Unversitetində təhsilin səviyyəsi çox gözəldir. Avropa təhsilindən heç seçilmir. Kitabxanası qeyd etdiyim kimi zəngindir. İldə 4 dəfə imtahan var. Tələbələr oxumaqla məşğuldur. Sosial layihələr çox olur.

Tələbə oturmur. Burada tələbə olmaqla Azərbaycanda tələbə olmaq arasında böyük fərq var. O ki qaldı bizlərə qarşı münasibətə. O tələbənin oxumağından, mədəniyyətindən çox şey asılıdır. Hörmət edirsənsə, hörmət görürsən. 20-30 min tələbənin içində nə dərəcədə fərqləndiyimizi mən deyə bilmirəm. Bu haqda məlumatı heç vaxt tələbə işləriylə məşğul olanlardan soruşmamışam. Amma onu deyə bilərəm ki, oxuyurlar, çünki başqa imkanları yoxdur. Oxumaq tək çıxış yollarıdır.

PƏRVANƏ

 





12.01.2015    çap et  çap et