Dünyanın ən böyük aysberqi A23a son 3 ayda 36 faiz balacalaşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun Mətbuat Mərkəzi məlumat yayıb.
Aysberqin kiçilməsinə əsas səbəb ondan 30-300 kv.km arasında 3 böyük hissənin qopmasıdır. Ümumiyyətlə isə buz dağı indiyə kimi 1000 kv.km balacalaşıb. Hazırda A23a-nın ölçüsü 1750 kv.km-dir. Müqayisə üçün Abşeron yarımadasının 2110 kv.km olduğunu bildirək.
Qeyd edək ki, A23a 1986-cı ilin sentyabrında Filhner buzlağından qopub və 30 ildən çox Veddell dənizində hərəkətsiz qalıb. 2023-cü ilin noyabrında Cənubi Georgiya adasına doğru hərəkətə başlayan aysberqin bir ara ada ilə toqquşma ehtimalı olsa da, sonradan hərəkət istiqamətinin dəyişməsi bu ehtimalı azaldıb.
L.Tağıyeva
çap et