525.Az

Noel baba - Firəngiz Ağalar yazır


 

Noel baba - <b style="color:red">Firəngiz Ağalar yazır</b>

İnsanlardan yazmağı sevirəm. Onları çox sevdiyimə görədir, bəlkə də bu. Yazanda elə bil, portret çəkirəm, insanı kağız üzərində yenidən yaradıram. Və yenidən, təzədən sevirəm...

Amma insanlar mənim onlardan yazmağımı çox da sevmirlər nədənsə. Deyəsən, qorxurlar. Yəqin bilirlər ki, yazanda təkcə onların müsbət cəhətlərindən söz açmayacam, mənfi xüsusiyyətlərinə göz yummayacam. Buna görə də pis görsənməkdən qorxurlar...

İndi haqqında söz açacağım adam çox istəyirdi ki, ondan yazım. Düzdür, heç vaxt bu barədə açıq nəsə deməmişdi, amma intuisiyam deyirdi ki, istəyir. Mən onun ürəyindən keçənləri  yaxşı hiss edirdim. O bu yazıda aynada gördüyü üzünü yox, ürəyini görmək istəyirdi. Daha doğrusu, öz ürəyini mənim yazımın güzgüsündə görmək istəyirdi...

İndi o yazını yazıram. Söz verirəm, çox səmimi olacam, amma qəhrəmanımın adını çəkməyəcəm...

Biz ona Noel baba deyirik...

Neçə illər öncənin söhbətidir. Noyabr ayının sonu idi. Atam həbsdə idi – Azərbaycanda. Biz onda Rusiyada yaşayırdıq. Dörd aydan çox idi atamızın üzünü görmürdük. Maddi problemlərdən danışmaq istəmirəm, onları qoyaq bir kənara, ən böyük problem sabah nə baş verəcəyini bilməmək idi: Atamız nə vaxt qayıdar, biz vətənə necə dönərik? – bilmirdik. Gözümüz mobil telefona dikilmişdi, xəbər gözləyirdik.

Bir gün o, zəng elədi.

Uşaq idik, onu tanımırdıq. Anamız dedi ki, bəs atamızın ən yaxın dostudur. Onların uşaqlıq macəralarından danışdı, sonra cavanlıqdan, qız sevməyindən, müharibədən. Adını da dedi. Amma Azərbaycan adları dilimizə yatmırdı deyə, biz də ona Noel baba dedik.

Rusiyada bayram havası ilk qarla başlayır, yəni noyabrın sonu. Bizim bayram havamız o zəngdən sonra gəldi. Atamızı yeni ilə kimi azadlığa buraxırlar dedi, bu da oldu yeni il hədiyyəmiz. Noel baba o il bizə belə bir gözəl hədiyyə etdi...

Onu ilk dəfə görəndə on birinci sinifdə oxuyurdum. Hansı ixtisası seçdiyimi soruşanda Jurmalistika fakültəsini arzuladığımı dedim. Çox sevindi. Mənim üçün iş yeri də tapdı o gün. Bütün gələcəyimi planlaşdırdı beş dəqiqənin içində.

Noel baba məni çox təəccübləndirirdi. Sonradan bildim ki, təəccüblənən tək mən deyiləm. Hər şeyi bilirdi, hər şeydən xəbəri var idi. Hansı sahədən sual versən, cavabı hazır idi. Özü də gələcəyə elə inanırdı ki, istər-istəməz onunla bərabər sən də inanmağa başlayırdın. Çox pozitiv insan idi (“idi” yazmağıma baxmayın, Noel baba sağ-salamatdır, Bakı şəhərində yaşayır. Mən indi burda onun haqqında yazı yazıram, bəlkə də o bu dəqiqə şirin yuxudadır, xorulduyur, yeddinci yuxu görür – gecə saat üçdür axı).  “İdi” ona görə yazıram ki, bu inamın, bu pozitivliyin ancaq onun üzündə olduğunu öyrəndim sonralar. O da mənim kimi insanları çox sevir. Amma inciyib. Onu çox möhkəm incidib insanlar. “Həyatdan incimək” ifadəsi, məncə, düzgün deyil. Həyat tək insanlardan ibarət deyil, burda heyvanlar, bitkilər, maşınlar da var. Amma səni ancaq insanlar incidə bilər. Heyf ki, bu insanlar da səni çox tez-tez incidir. Sən ürəyini çıxarıb onlara verirsən, onlarsa ürəyini tapdalayıb üstündən keçirlər. Amma elə tip insanlar var ki, onların ürəyini tapdasalar da,  yerdən qaldırıb yenə də başqalarının ayaqları altına atırlar. Onlar başqa cür yaşaya bilmirlər – başqalarının problemlərinə laqeyd yanaşa bilmirlər. Amma ürəkləri tapdalandıqca çox kədərlənirlər, çox pis olurlar, çox pis...

Sizin də ürəyiniz çox tapdalanıb, sizi də çox incidiblər. Ola bilsin, hansısa məqamda başqaları kimi siz də  hər şeyə laqeyd yanaşmaq istəmisiniz, amma  alınmayıb – bunu gözlərinizdəki kədər çox açıq büruzə verir...

Yəqin siz çox istərdiniz ki, insanlar dəyişsin, amma bunu tək bacarmayacağınızı da yaxşı bilirsiz. Bəlkə də, indi soruşan olsa,  deyərsiz ki, heç vecinizə də deyil, çox çalışdınız, dəyişmədilər, indi yorulmusunuz. Yəqin elə buna görədir ki, əlləriniz cibində yorğun-yorğun hər gün parkda gəzişirsiniz. Amma əminəm ki, parkda gəzişə-gəzişə yenə də insanlara baxıb onlar haqda düşünürsüz.

Yəqin ətrafınızdakı insanları iki tipə bölürsünüz: birincilər ürək tapdalayan, ikincilər o ürəyin qədrini bilənlər. Ürək tapdalayanları yola verirsiz, “neyniyim, bunlarla da yaşamaq lazımdır birtəhər, yola getmək lazımdır” – deyib “yola verirsiz”.  Amma ürəyinizin qədrini bilən insanlardan ötrü canınızı da qurban verməyə hazırsınız – bunu bilirəm. Bu insanlara yaxşıya inanmağı, dözümlü olmağı öyrədirsiz. Elə məni də siz öyrədirsiniz...

O noyabr ayının gecələrindən birində anam mənə sizin qızınızdan danışmışdı. Demişdi ki, müharibə illərində qızınızı itirmisiniz. Ondan sonra siz heç kimi “qızım” deyib çağırmamışsız. Amma mənə “qızım” dediniz. Ürəyinizi mənə verdiniz...

O “yola verilən” insanlar sizi çox narahat edir. Yəqin düşünürsüz ki, bəlkə sizin yaxşıya inanan, başqalarının çətinliklərinə biganə qala bilməyən insanlar çox olsa, o “yola verilənləri” yola gətirmək olar. Mən də düşünürəm ki, bu məsələdə sizə çox çətin olacaq, amma bacaracaqsınız. Siz bacarmasanız, başqa kimsə bacarmayacaq. Mən sizə inanıram... Sizin kimi yaxşıya inanıram...

P.S. Bu yazını Yeni il ərəfəsində yazdım. Yeni iliniz mübarək, Noel baba! Həmişə siz hədiyyə verəsi deyilsiniz ki. Bu dəfə də mən verirəm hədiyyəni – Sizin təmiz, amma bir az qırılmış ürəyinizin rəsmini sizə hədiyyə edirəm. Xoşbəxt olun!

 





12.01.2015    çap et  çap et