525.Az

ABŞ məhkəməsi Tramp administrasiyasının qərarını ləğv etdi


 

MƏHKƏMƏ HARVARD UNİVERSİTETİNİN MALİYYƏLƏŞMƏSİNİN AZALDILMASINA RAZILIQ VERMƏDİ

ABŞ məhkəməsi Tramp administrasiyasının qərarını <b style="color:red"> ləğv etdi</b>

ABŞ Federal Məhkəməsi prezident Donald Tramp administrasiyasının Harvard Universitetinə milyardlarla dollar dəyərində federal maliyyəni azaltmaq qərarını qanunsuz hesab edərək ləğv edib.

525.az BBC-yə istinadən xəbər verir ki, Boston şəhərində fəaliyyət göstərən federal hakim Ellison Burroughs qərarında bildirib ki, Tramp administrasiyası Harvard da daxil olmaqla ölkənin ən nüfuzli (Ivy League) universitetlərinin söz azadlığı hüququnu pozub. Nəticədə, təxminən 2 milyard dollar məbləğində tədqiqat qrantlarının geri çağırılması əsassız sayılıb.

Hakim Burroughs deyib ki, hökumətin universitetə qarşı atdığı bu addımlar ABŞ Konstitusiyasının Birinci Düzəlişinə ziddir. O, administrasiyaya nə maliyyələşdirməni dayandırmağa, nə də mövcud qrant ödənişlərini gecikdirməyə icazə verib.

Ağ Ev isə bu qərarı rüsvayçı adlandıraraq apellyasiya şikayəti verəcəyini açıqlayıb. Tramp administrasiyası apreldə universiteti antisemitizm, “radikal solçu ideologiyalar” və irqi ayrı-seçkilikdə ittiham edərək maliyyəni dondurmuşdu.

Harvard Universitetinin prezidenti Alan Garber qərarı alqışlayaraq bildirib ki, məhkəmə ali təhsil müəssisəsinin söz azadlığı və hüquqi prosedur çərçivəsində olan hüquqlarını tanıyıb. “Bu qərar Harvardın haqlarını qoruyur. Biz hüquqi prosesin növbəti mərhələlərini diqqətlə izləyəcəyik və dəyişən mühitdə öz missiyamızı davam etdirəcəyik”, - deyə o bildirib.

84 səhifəlik qərarında hakim Burroughs Harvardın son illərdə universitetdə yayılan antisemitizmə qarşı kifayət qədər tədbir görmədiyini də qeyd edib. “Universitet nifrət doğuran davranışlara bu qədər uzun müddət dözdüyü üçün məsuliyyət daşıyır”, - deyə hakim əlavə edib.

Bununla belə, o, Tramp administrasiyasının əsas niyyətinin antisemitizmə qarşı mübarizə olmadığını vurğulayıb. Hakimə görə, hökumət bu mövzunu bəhanə gətirərək ölkənin aparıcı universitetlərinə qarşı ideoloji motivli hücumlar həyata keçirib.

“525”

 





04.09.2025    çap et  çap et