Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ATƏT-in Minsk qrupunun buraxılmasını regiondakı əsaslı dəyişikliklərlə əlaqədar haqlı addım kimi qiymətləndirib.
525.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu fikri Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinq zamanı deyib.
“Bu addımı əsaslı və haqlı hesab edirik, çünki regionda vəziyyət köklü şəkildə dəyişib”, - deyə Zaxarova “RİA Novosti”nin sualını cavablandırarkən bildirib.
M.Zaxarova qeyd edib ki, Minsk qrupunun buraxılması ilə bağlı qərar 1 sentyabr tarixindən qüvvəyə minib. Onun sözlərinə görə, Rusiya Minsk qrupu çərçivəsində fəaliyyəti dövründə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması üçün maksimal səylər göstərib.
“Minsk qrupunun münaqişənin nizamlanması ilə bağlı prinsip və metodlara dair topladığı təcrübə müxtəlif beynəlxalq platformalarda istifadə olunub və regionda sülhün və sabitliyin bərpasına töhfə verib”, - deyə Zaxarova əlavə edib.
Xatırladaq ki, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı rəsmi müraciət bu il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan XİN rəhbərləri tərəfindən imzalanıb. Bu sənəd iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair birgə bəyannamənin bir hissəsidir.
“525”
çap et