ABŞ-da yaşayan vəkil Mark S.Zukerberq feysbukun qurucusu Mark E.Zukerberqlə eyni adı daşıdığı üçün sosial şəbəkə tərəfindən dəfələrlə hesabının bloklanmasına məruz qalıb.
525.az BBC-yə istinadən xəbər verir ki, o, bu səbəbdən "Meta" şirkətini məhkəməyə verib.
Mark S.Zukerberqin iddiasına görə, son səkkiz ildə feysbuk onun hesabını beş dəfə bağlayıb. Bu isə vəkilin minlərlə dollar dəyərində müştəri itirməsinə səbəb olub. O, feysbukun onu “məşhur şəxs kimi özünü təqdim etməkdə” haqsız yerə ittiham etdiyini bildirir.
İndiana ştatında fəaliyyət göstərən və 38 illik hüquq təcrübəsinə malik olan Mark S.Zukerberq deyir ki, o bu sahəyə başlayanda milyarder Mark E.Zukerberq hələ körpə idi.
"Meta" şirkəti isə məsələ ilə bağlı açıqlama verərək, vəkilin hesabının səhvən bloklandığını etiraf edib və artıq bərpa olunduğunu bildirib. Şirkət gələcəkdə belə halların qarşısını almaq üçün tədbirlər gördüyünü də qeyd edib.
“Bu, heç də gülməli deyil", - deyə Zukerberq İndiana ştatının WTHR-TV kanalına açıqlamasında bildirib. – Xüsusilə də onlar mənim pullarımı alanda”.
Vəkilin Merion dairəsinin yuxarı instansiya məhkəməsinə təqdim etdiyi iddiada bildirilir ki, o, feysbukda 11 000 ABŞ dolları dəyərində reklam yerləşdirib, lakin bu reklamlar əsassız olaraq silinib.
“Bu, sanki siz magistral yolun kənarında reklam lövhəsi alırsınız, pulunu ödəyirsiniz, sonra isə kimsə gəlib həmin lövhəni iri bir örtüklə bağlayır və nəticədə siz heç bir fayda əldə edə bilmirsiniz”, - deyə vəkil bildirib.
Zukerberqin yerli mediaya təqdim etdiyi elektron yazışmalarda feysbukun onu “əsl adından istifadə etməməkdə” ittiham etdiyi görünür. O isə şəxsiyyətini təsdiqləmək üçün şəxsiyyət vəsiqəsi, kredit kartları və öz şəkillərini təqdim etdiyini deyir.
“Mənim adım Mark Stivendir. Onunki isə Mark Elliott”, - deyə vəkil izah edir.
Vəkilin hesabı may ayında bağlanıb və yalnız məhkəmə iddiası təqdim edildikdən sonra yenidən aktivləşdirilib.
"Meta" şirkəti bildirib ki, hesabın bağlanması səhvən baş verib və artıq bu səhv düzəldilib.
“Biz cənab Zukerberqin bu prosesdə göstərdiyi səbir və anlayışı yüksək qiymətləndiririk və gələcəkdə bu cür halların qarşısını almaq üçün işləyirik”, - deyə Meta-nın açıqlamasında qeyd olunub.
“525”
çap et