525.Az

Romanda Azərbaycan tarixi və azərbaycanlı taleyi


 

YAXUD "İŞĞAL VADİSİ" ƏSƏRİNDƏN ALINACAQ İBRƏT DƏRSİ

Romanda Azərbaycan tarixi və azərbaycanlı taleyi<b style="color:red"></b>

Bəzən tarixi hadisələri bədii ədəbiyyata gətirəndə belə düşünənlər də olur ki, onsuz da tarix məlumdur, onu bədiiləşdirməyə nə ehtiyac?

Zənnimcə, bu, kökündən yanlış olan bir fikirdir. Axı, tarixi faktları hər zaman yaddaşda hifz etmək mümkün deyil. Bir tərəfdən də yeni gələn nəslin keçmişi öyrənməyə marağı olmur. Bu baxımdan tarixi hadisələrin bədii əsərdə axıcı, rəvan təhkiyə ilə dövrünə xas üslubda işlənməsi, insanı duyğulandıran, həyəcanlandıran gerçəkliklərin xarakterik rənglərlə canlandırılması hafizəmizə sozalıb-itməyən naxışlar kimi nəqş olunur. M.S.Ordubadi, Y.V.Çəmənzəminli, Ə.Abbasov, Ə.Cəfərzadə, F.Kərimzadənin tarixi romanları dövrünün təzadlı mənzərəsini əks etdirməklə zaman-zaman yaddaşımızı közərtmirmi? Bu əsərlər məhz milli-bəşəri məzmun və mahiyyətilə düşüncəmizə təsir etdiyindən yadda qalır. Bunları yazıçı-publisist Yusif Kərimovun "İşğal vadisi" tarixi romanında mövzunun böyük məsuliyyətlə, zərrəbin dəqiqliyilə araşdırılması və hadisələrin maraqlı süjetlər boyunca bədii-publisist dillə təsvirindən təsirləndikcə bir daha yəqin etdim.

Romanda XIX-XX əsrlərin ictimai-siyasi hadisələri və bunların içərisində formalaşan milli oyanış tariximiz, xalqın oyanış ruhu, bütövlükdə Azərbaycanın taleyi işıqlandırılıb. Başqa bir tərəfdən, "İşğal vadisi" tariximizə müasirlik prizmasından yanaşmanı, xalqımızın yaşadığı acıların, vətən-millət dərdlərinin, fiziki-mənəvi itkilərin bugünkü ictimai-siyasi həyatımızla bağlılığını əks etdirir. Bu mənada "İşğal vadisi"ndən bir qədər keçmiş romançılıq ənənəsi formasında söz açacağıq. Çünki əsər tarixi roman ənənəsində, həm də tər-təzə üslubda qələmə alınıb. Elə "İşğal vadisi"nin yeni nəfəslə, xarakterik cizgilərlə işlənməsi, dilin şirəli, zəngin bir təhkiyəyə malikliyi, bizə əsərlə bağlı fikrimizi söyləməyə haqq verir.

Bunu xüsusi qeyd etməliyik ki, Arazbasarın tarixi, o tarixdə baş verən hadisələr, şəxsiyyətlər haqqında ədəbi-mətbu məlumatlar indinin özündə də yox dərəcəsindədir. Dildən-dilə, yaddaşdan-yaddaşa köçən bu tarixi hadisələri müəllif yaradıcılığının mükəmməl qolu olan jurnalist təhqiqatı ilə araşdıraraq üzə çıxarmışdır. Yusif Kərimov ötən əsrin 60-cı illərində Bakıda, respublikanın ən nüfuzlu orqanı olan "Kommunist" qəzetində rahat və hörmətli işini qoyub, Arazbasar tərəfə, Jdanov (indiki Beyləqan), İmişli, Füzuli rayonlarının birləşmiş qəzeti olan "Yüksəliş"də (1962-1964-cü illər) işləməyə gedir. Görünür, bu qərar o yerlərin tarixini, keçmiş həyat tərzini dərindən öyrənmək, araşdırmaq arzusundan doğmuşdur. Bu istək Mil-Muğanın, bütünlükdə Arazbasarın yaşadığı tarixi hadisələri arayıb-axtarmağa təşnə olan gənci qədim yurd yerlərimizin taleyi ətrafında inadlı təhqiqatlara sövq etdi. O zaman bəlkə Yusif müəllim özü də düşünməzdi ki, ədəbi yaddaşında toxum kimi cücərtdiyi şah mövzusu neçə onilliklər boyu ruhunu saracaq, xam materialların üzərində düşünüb-daşınacaqdı. Amma buna qədər bədii təfəkküründə ədəbi məhsula çevrilən həyat gerçəklikləri "Bir buta gül" "Tavridada şimşək çaxır",  "Üçbucaq", "Gün ötər, geri dönməz", "Qırmızı sahil", "Pərişan eşqim", "İtkilər və ümidlər", "İçimə açılan pəncərə", "Qarabağ şikəstəsi", "Sarı sim", "Zülmətin bəyaz rəngləri", "Bakirələr xiyabanı", “Əbədiyyət yolu”, "Ömür adlı yol keçdim..." kimi əsərlərin yaranmasını zəruri etdi. Bu əsərlərdə müəllifin hafizəsində iz salmış ədəbi-ictimai məzmunlu xatirələri, yaddaş ağrıları da təsvir olunmaqla yaşadıqlarımızın bir növ bədii tarixi yaranmış oldu. Ötən zamanlar içrə ədəbi düçüncəsində yol gələn Arazbasar mövzusu da yaddaşında şaxələndi, qol-budaq atdı və maraqlı süjetlər üçün zəngin material toplayan müəllifi iki əsrlik tarixi həqiqətləri, faktları bir bədii əsərdə işləməyə vadar etdi. Beləliklə, Yusif Kərimov Arazbasarın tarixi, ictimai-siyasi, bədii taleyini "İşğal vadisi"ində təcəssüm etdirməklə ədəbiyyat tariximizə yeni bir roman bəxş etmiş oldu.

1828-ci ildə Türkmənçay qalaçasında bağlanmış müqavilənin bədii təcəssümünu ifadə edən "Proloq"u - məğlubiyyət tarixinin imzalanması mərasimində qalib-məğlub tərəflərin ovqatını, birinin gözlərindən açıq-aydın görünən sevincqarışıq istehzanı, digər tərəfin içini doğrayan qəzəbin təsvirini həyəcansız oxumaq mümkünsüzdü. O tarixi hadisələr gözlərimin qarşısında canlandıqca General Paskeviçin haqqımızı əzən bu fikirləri ürəyimi gizildətdi. "Sizin əliniz yüngül imiş, Vəzir ağa... birinci təslim aktını imzalayandan sonra bizim qələbələrin, sizin isə məğlubiyyətlərin sayı artmağa başladı. Müqavilənin şərtlərini pozduğunuz üçün burnunuz yaxşıca əzildi. Nəticə göz qabağındadır, yenilməz rus qoşunları Təbriz ətrafında oturub, buradan isə İran taxt-tacına məsafə çox qısadır..." Yeni gələn nəsillər də bilməlidir ki, Rus-İran müharibəsinin xalqımıza yaşatdığı acılar, Qacarlar dövlətilə Rus İmperiyasının çarpışması, əslində bütöv, müstəqil Azərbaycan arzularımızı hələ beşikdəykən boğmaq siyasətinin canı olmuşdur.

Təsəvvür yaransın deyə, əsərin ideya və bədii yükünü daşıyan insanları mənfi-müsbət cəhətlərinə görə iki qütbdə təqdim edirik: Doktor Mirzə, Seyid Miralı, Mirzə Rəşid, Sərrac Əhməd, polkovnik Mina bəy... xarakter və düşüncə tərzi, fədakarlıqları, mili mənafe uğrunda çalışmaları onları bir qütbdə birləşirlər. O biri tərəfdə Sarı xan, hampa Təvəkkül, "Cərciz peyğəmbəri"nin Şeyx Şəfisi, çarın Arazbasardakı nümayəndələri - pristav, "qəzəbli Jakov", mühəndis Telnov dayanır. Və romana qaynarlıq gətirən hadisələr də bu qütblərin arasında cərəyan edir. Bəri başdan deyək ki, yazıçı baş verən hadisələri təxəyyül süzgəcindən keçirərək həyatımızın romanı edə bilmişdir.

"İşğal vadisi"nin əhatə etdiyi məkan və hadisələr olduqca geniş və rəngarəngdir. Bu yerlərdə "Urus arxı"nın ("Moskva" kanalının) çəkilməsilə bağlı "Muğanstroy" adlı qəsəbənin salınması, əhalinin qarşılaşdığı ağır, əzıyyətli iş prosesi, insanların taleyində yaşanan faciələr, gözümüzün önündə canlanır. Mil-Muğan torpaqlarında çarizmin apardığı işğalçılıq siyasəti, xalqa gətirdiyi fəlakət, ağrı-acılar əsərdə çarpaz xətlər boyunca inkişaf edir. Arazbasar camaatının ağır keçən güzəranı, cənubluların Şimala, sənaye şəhəri olan Bakıya axını, fabrikdə fəhlələrin istismarçılarla toqquşması, inqilabi mübarizənin vüsət aldığı bir mühitdə xalqın oyanması və siyasi burulğanlar maraqlı obrazların, milli xarakterli qəhrəmanların yetişməsinə şərait yaradır. Bir-birini izləyən və inkişaf etdirən hadisələr bədii sənətkarlıq baxımından ustalıqla işıqlandırılmışdır. 

Roman axar su kimi ana yatağından baş alıb quraq düzləri cana gətirirmiş təki Arazbasarın  işğal tarixini bu günlə həmahənglik xəttində təsvir edir. Əslində bütün Azərbaycanı çəpərləyən işğalçılıq halqasında cərəyan edən hadisələr, Arazbasardan Bakıya, ordan da Rusiyanın bir sıra şəhərlərinə keçərək bir ideya istiqamətində inkişaf edir. Bu çətin, qarışıq zamanlarda bir qarın çörəkdən ötrü Bakıya axışan şimallı-cənublu soydaşlarımızın səfalət içində yaşadıqları həyat mövzunun içində şaxələnərək, tarixi taleyimizlə vəhdətdə işlənmişdır.

Bütün rus səltənətini bürüyən iğtişaşların içərisində özünü vətənə yetirərək gizli yollarla Arazın lilli sularına baş vurub həmyerlilərinin köməyinə can atan Doktor Mirzənin (Cəmil Qayalının) "Təqib" dən çıxaraq yaralı vəziyyətdə Sərrac Əhmədlə qarşılaşması oxucunu olduqca maraqlı hadisələrin axarına salır. Doktor Mirzədən sonra romana daxil olan Sərrac Əhməd elə ilk təsvirlərdən sadə, zəhmətkeş, həm də qürurlu bir insan kimi yaddaşımıza köçür. Bu kişi çarıq tikib satmaqla ailəsinin çörəyini qazanır. O, kəndxudanın, darğanın qansızlığından cana doyan rəiyyətin bir nümayəndəsi kimi həyatın ağır sınaqlarından keçərək inqilabi mübarizələrin içərisində yetişir.

Ümumiyyətlə, əsərdəki obrazların hər biri öz xarakteri, ictimai-siyasi fəaliyyətilə görümlüdür. Müəllif roman boyu oxucunu çeşid-çeşid insanlarla qarşılaşdırır və dəyərli olan da budur ki, onlar əsərə hazır vəziyyətdə gətirilmir, quruca təqdim edilmir. Fərdlərin hər biri mənəvi aləmi, düşüncəsi, hadisələrə ictimai baxışları, fərqli xarakterə malik olmasıyla yadda qalır.

Romanda Arazbasarın tarixi keçmişini təsvir edən müəllif sanki o yerlərin xəritəsini çəkir. Dağının, aranının, yaylağının səfası və cəfasını, torpağın yetirib-bitirdiyi nə varsa göz önünə gətirə biləcəyimiz qədər canlı təqdim edir. Əkin-biçinin, mal-davarın, otlaqların, bulaqların da geniş təsviri bu gün çox-çox arxada qalmış kənd həyatının ətrini, şirinliyini bizə xatırladır. Bu səyahət ruhumuza dinclik gətirir.

Əsərdə xalqın ictimai-sosial taleyilə yaşayan əqidə-əxlaq sahiblərinin, siyasi gedişlərini öz məkrli planlarına uyğun nizamlayan yırtıcı xislətli işğalçılarla, yerli bəylər, xanlarla qarşılaşdığı səhnələr bəzən sakit görünən yaşamların içərisində cərəyan etsə də, əslində xalqın həyatında qasırğalar, tufanlar yaradır. İctimai-siyasi hadisələri göz önündə canlandıranda faciələrin ağrısı sanki canımızda qövr edir. Nə xoş ki, bu təzadların arasında tər çiçək kimi boy göstərən aşiqlərin də həyat hekayətləri var. Bu epizodlar sadə, yoxsul insanların maddi-mənəvi sıxıntılarının qəlbimizi əzdiyi məqamlarda belə, ovqatda rəngli duyğular oyadır. Bütün hadisələr kimi, sevgi macəraları da torpağa səpilən toxumun günəşin hərarətindən cücərib boy göstərdiyi kimi yaranır. Romana rövnəq gətirən belə lövhələrdə müəllifin lirik-romantik, xarakterik səhnələr yartmaq bənzərsizliyi aşkar görünür.

(Ardı var)

 





13.01.2015    çap et  çap et