525.Az

Yaponiyanın Azərbaycandakı səfiri Tərtərdə olub (FOTOLAR)


 

Yaponiyanın Azərbaycandakı səfiri Tərtərdə olub<b style="color:red"> (FOTOLAR)</b>

Şusuke Vatanabe Beynəlxalq Avrasiya Mətbuat Fondunun Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirdiyi layihənin nəticəsi ilə tanış olub

 

BAMF-ın informasiya departamentindən 525.az-a verilən məlumata görə, Tərtər rayonunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Yaponiya dövlətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi” layihəsinin başa çatması ilə bağlı tədbir keçirilib. Tədbirdə layihə çərçivəsində inşa edilmiş heyvandarlıq kompleksinin açılışı və alınmış texnika, avadanlıqlara baxış olub, subartezian quyusu istismara verilib.

 

Bu məqsədlə Yaponiyanın Azərbaycandakı səfiri cənab Şusuke Vatanabe, səfirliyin nümayəndələri, BMT-nin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviç,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmisi Cəlil Hacıyev, BAMF-ın sədri Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kabir və digərləri Tərtər rayonuna səfər ediblər. Əvvəlcə onların və Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) rayondakı üzvləri və PTM təsərrüfatı yaxınlığında yaşayan icma nümayəndələrinin, rayun icra strukturlarının təmsilçilərinin iştirakı ilə Tərtər Regional Peşə Təlim Mərkəzində toplantı olub.

 

Toplantını açan BAMF sədri Umud Rəhimoğlu Fondun regiondakı fəaliyyətindən danışıb, o cümlədən Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən layihələrdən danışıb. O, Yaponiya hökumətinə bu layihəyə maliyyə vəsaiti ayırdığına, Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun timsalında Azərbaycan dövlətinə, Azərbaycan Respublikası Baş nazirin müavini, Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənova yaxından dəstək verdiklərinə görə minnətdarlığını bildirib.

 

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Qarabağ məsələsinə toxunub, Tərtərin cəbhə bölgəsi kimi qarşılaşdığı problemlərdən danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin rahat və firavan yaşaması üçün gördüyü işlərdən bəhs edib. O, da Yaponiya hökumətinə belə bir layihəyə dəstək verdiyi üçün minnətdarlığını bildirib. Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin məsləhətçisi Cəlil Hacıyev də çıxış edərək Azərbaycanda həyata keçirdikləri çoxsaylı layihələrə görə Yaponiya hökumətinə təşəkkürünü bildirib.

 

Toplantıda çıxış edən səfir Şusuke Vatanabe Yaponiya Hökumətinin Azərbaycanda gördüyü işlərdən danışıb, bundan sonra da bu tipli layihələrə dəstək verəcəklərini söyləyib. O, qeyd edib ki, Bərdə və Tərtər rayonları kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çox faydalı ərazidi.

 

Qeyd edək ki, layihənin məqsədi ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində yaradılan Tərtər Regional Peşə və Təlim Mərkəzinin təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi idi. Layihənin həyata keçirilməsi nəticəsində PTM təsərrüfatından daha çox mina qurbanı, müharibədən zərər çəkən insanlar və onların ailə üzvləri, qaçqın və məcburi köçkün faydalanmağa başlayıb.

 

Bu layihənin davamı olaraq bu il sentyabrın 1-dən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) tərəfindən “Minadan zərərçəkənlərin məşğulluğunun təmin edilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə yaradılmış kooperativ təsərrüfatın inkişaf etdirilməsi” layihəsinin icrasına başlanıb.

 





26.11.2012    çap et  çap et