Məşhur italyan dizayneri Corcio Armaninin vəfatından sonra vəsiyyətnaməsi ictimaiyyətə açıqlanıb.
525.az “Reuters”ə istinadən xəbər verir ki, sənəddə, 50 il əvvəl yaradılmış və dünya miqyasında tanınan “Armani” moda imperiyasının tədricən satılması və ya birjada listinqi nəzərdə tutulur. Bu qərar, şirkətin uzun illərdir sərt şəkildə qorunan müstəqillik xəttindən kəskin dönüş kimi qiymətləndirilir.
Vəsiyyətnaməyə əsasən, Armaninin mirasçıları 18 ay ərzində şirkətin 15 faizlik payını satmalıdır. Daha sonra, 3-5 il ərzində həmin alıcıya əlavə olaraq 30-54,9 faiz səhm təhvil verilməlidir. Vəsiyyətnamədə bu prosesin prioritet alıcılar sırasında LVMH, “L’Oréal” və “EssilorLuxottica” kimi qlobal nəhənglərin nəzərdə tutulduğu qeyd olunub.
Əgər satış reallaşmasa, alternativ variant kimi şirkətin İtaliya birjasında və ya digər beynəlxalq bazarda ilkin ictimai təklifi (IPO) həyata keçirilə bilər.
2024-cü ilin maliyyə hesabatlarına görə, “Armani” qrupunun gəliri 2,3 milyard avro olub. Lakin qlobal lüks sektorundakı durğunluq səbəbindən şirkətin mənfəəti əvvəlki illərlə müqayisədə azalıb. Bu, Armaninin qərarına təsir edən əsas səbəblərdən biri hesab olunur.
“525”
çap et