525.Az

“Azərbaycan-ABŞ münasibətləri yeni fazaya daxil olub” - Deputat


 

“Azərbaycan-ABŞ münasibətləri yeni fazaya daxil olub” - <b style="color:red"> Deputat</b>

“ABŞ-Azərbaycan münasibətləri yeni müstəviyə keçib və kordinal şəkildə fərqlənən bir istiqamətdə inkişaf etməkdədir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Azər Allahverənov ABŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, iki ölkənin münasibətləri demokratların hakimiyyətdə olduğu müddətdə, xüsusilə də Cozef Baydenin prezidentliyi dönəmində çox soyuq idi:

“Demokratlar ermənipərəst mövqe sərgiləyir, Ermənistanın xeyrinə qərarlar çıxarır, Cənubi Qafqazla bağlı xarici siyasət kursu tam şəkildə İrəvanın maraqlarına cavab verirdi. Onların siyasəti bölgədə münaqişə vəziyyətini saxlamağa, eskalasiyanı artırmağa yönəlmişdi. Amma respublikaçıların, xüsusilə Donald Trampın hakimiyyəti dövründə bu siyasət dəyişməyə başladı, daha praqmatik xarakter aldı. Biz münaqişəni dərinləşdirmək yox, onu həll edilməsinin, hər hansı formada davam etməsinə səbəb ola biləcək amillərin aradan qaldırılmasının, bununla da bölgədə bir neçə on illiklər ərzində mümkün inkişafın qarşısını alan münaqişənin başa çatması üçün ciddi addımların atılmasının şahidi olduq. Bir neçə müstəvidə ciddi təmaslar, rəsmi səfərlər həyata keçirildi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla ABŞ arasında münasibətlər yeni fazaya daxil olub və bu, qarşılıqlı əməkdaşlıq, qarşılıqlı fayda verə biləcək bir tərzdə həyata keçirilir”.

Deputat söyləyib ki, Azərbaycan bu məsələdə həmişə praqmatik xarici siyasət kursu aparıb: “Ölkəmizin xarici siyasətinin balanslaşdırılmış şəkildə icra olunduğunu nəzərə alsaq, görərik ki, Azərbaycan bütün qütblərlə, tərəflərlə əlaqələrin qurulmasında hər zaman maraqlı olub. Sadəcə bu, birtərəfli proses ola bilməzdi. Bunun qarşığı olmalı idi. Respublikaçılar dönəmində artıq bu baş verdi və biz bir sıra çox ciddi, vacib uğurlara imza atmışıq ki, onlarından əsaslarından biri 8 avqust Vaşinqton razılaşmaları ilə bağlıdır. İstər üçtərəfli Birgə Bəyannamənin imzalanması, istərsə də ABŞ-la ikitərəfli sənədlərin imzalanması, xüsusilə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün birgə işçi qrupların yaradılması, eyni zamanda, Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmininə xidmət edən sülh sazişinin paraflanması, “907-ci düzəliş”in aradan qaldırılması, ATƏT-in Minsk qrupunun buraxımasına dair birgə müraciətin edilməsi və nəticə etibarilə belə bir institutun fəaliyyətinə xitam verilməsi, Zəngəzur dəhlizi ilə bağlı razılığın əldə olunması, bu proseslərin  intensivləşdirilməsi üçün təmasların artırılması və nəhayət ABŞ-dan nümayəndə heyətinin Azərbaycana gəlməsi və Zəngəzur dəhlizi ilə bağı danışqların aparılması bunun sübutudur. Biz görürük ki, çoxşaxəli bir proses gedir, enerji, nəqliyyat, təhlükəsizlik, beynəlxalq yükdaşımalar, logistika, rəqəmsallaşma, yaşıl enerji, yəni bir neçə istiqamətdə müzakirələr aprılır ki, bunların əsas qayəsini də Cənubi Qafqazda kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılması təşkil edir. Yəni, çoxaspektli, amma eyni zamanda qarşılıqlı fayda verə bilən bir mühüt formalaşdırılır. Azərbaycan  da bu prosesdə hər zaman yeni-yeni təşəbbüslərlə çıxış etməklə onsuz da mürəkkəb olan bir dönəmdə, xüsusilə yeni dünya nizamının formalaşdırdığı təkqütblü dünyadan çoxqütblü dünyaya keçiddə nizamın yaratdığı yeni çağırışlar və onların fonunda bütün tərəflər üçün açıq olmaqla öz töhfəsini verir”.

Deputat bildirib ki, Azərbaycanın təşəbbüsü ilə  həyata keçirilən müxtəif istiqamətlərdə inteqrasiya layihələrinin intensiv icrasına dair artıq qərarların verilməsi çox sevindiricidir: “Nümunə üçün, Zəngəzur dəhlizi məsələsi, Ermənistanın maliyyə ayıra bilməməsi və prosesə ABŞ-ın qoşulması, 145 milyon dollar ayırması qərarı onu göstərir ki, bu dəhlizin tezliklə istifadəyə verilməsində həm də ABŞ maraqlıdır.  Azərbaycan üzərindən reallaşan bir sıra beynəlxalq yükdaşımalar, logistika enerji resurslarının müxtəlif qütblərə çatdırılması prosesi baş verməkdədir. Azərbaycan uğurlu şəkildə bu prosesi idarə edir, bu məsələlərdə dünyanın güclü dövlətləri ilə bərabər hüquqlu əsaslarda danışıqlar aparır, birgə addımların atılmasına müvəffəq olur, beynəlxalq münasibələr sistemində söz sahibinə çevrilir. Cənubi Qafqazla bağlı siyasətin aparılmasında dünyanın maraqlı olan dövlətləri, güclü, qüdrətli ölkələri Azərbaycanın bu rolu və reputasyası ilə hesablaşmalı, milli maraqlarımızın təmin olunması şərtilə bizimlə birgə əməkdaşlıq etməklə bu layihələrin uğurla həyata keçirilməsində müvəffəq ola bilərlər”.

Pərvanə Sultanova

 





12.09.2025    çap et  çap et