525.Az

Millət vəkili pakistanlı həmkarlarını sərhədyanı bölgəyə səfərə dəvət etdi


 

Millət vəkili pakistanlı həmkarlarını sərhədyanı bölgəyə səfərə dəvət etdi<b style="color:red"></b>

“Mən dəfələrlə Pakistanda olmuşam və demək olar ki, bu ölkənin bölgələrini daha çox gəzən azərbaycanlılardan biriyəm”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Azərbaycan-Pakistan parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva noyabrın 26-da Pakistan Milli Assambleyasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş zamanı bildirib.

Millət vəkili xatırladıb ki, o istər jurnalist fəaliyyəti zamanı, istərsə də son 7 illik deputatlıq fəaliyyəti dövründə bu ölkəyə səfər edib, orada görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub:

“Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycan xalqını və dövlətini nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Mən Ermənistanla sərhədyanı bölgələri parlamentdə təmsil edən millət vəkillərindən biri kimi Azərbaycan xalqı adından Pakistan dövlətinə və Milli Assambleyasına öz təşəkkürümü çatdırmaq istəyirəm. Çünki Pakistan Milli Assambleyası Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin parlamentarilərinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir.

Q.Paşayeva deyib ki, bu gün Pakistan həm də Ermənistanla diplomatik əlaqələr qurmayan tək-tük dövlətlərdən biridir.

“Biz Pakistan dövlətinin bu addımını da çox yüksək qiymətləndiririk və ona minnətdarlığımızı bildiririk. Çox istərdik ki, bir çox dövlətlər Azərbaycana münasibətdə qardaş və dost Pakistandan örnək, nümunə götürsünlər. Pakistan BMT və digər nüfuzlu beynəlxalq təşkilatlarda hər zaman Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. İnanıram ki, bu dəstək bundan sonra da davam edəcək”.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan dövləti və xalqı da hər zaman Kəşmir məsələsində Pakistanın yanında olub.

“Mən özüm şəxsən azad Kəşmirdə olmuşam və hesab edirəm ki, istər pakistanlılar, istərsə də kəşmirlilər qaçqın-köçkün məsələsində bizi ən çox başa düşən və anlayan insanlardır. Çünki hər iki xalq eyni problemdən əziyyət çəkir.

Onu da nəzərinizə çatdırım ki, bu gün Pakistanın Azərbaycanda fəaliyyət göstərən səfiri həm də bir növ Kəşmirin səfiri sayıla bilər. O bu məsələdə çox uğurlu fəaliyyət göstərir. Məlumat üçün qeyd edim ki, bir müddət öncə Azərbaycanda Kəşmir məsələsi ilə bağlı geniş tədbir də keçirmişdik. Bunları qeyd edərək bir daha bildirmək istəyirəm ki, Azərbaycan və Pakistan arasında dostluq, qardaşlıq münasibətləri heç zaman pozulmayacaq, sarsılmayacaq, əksinə, bu münasibətlər, bu əlaqələr daha yüksələn xətt üzrə inkişaf edəcək”.

Millət vəkili sonda pakistanlı həmkarlarını təmsilçisi olduğu sərhədyanı Tovuz bölgəsinə səfərə dəvət edib və onun bu dəvəti müsbət qarşılanıb.

Kamil Həmzəoğlu

 





26.11.2012    çap et  çap et