525.Az

Nehrəmi gəzdim, gəldim


 

Nehrəmi gəzdim, gəldim<b style="color:red"></b>

"Biz hamımız uşaqlıqdan gəlirik..." Bu sözlər böyük humanist yazıçı Ekzüperiyə məxsusdur. Həmin kəlamın məntiqi davamı kimi deyə bilərik ki, bizim hər birimizin rişələri doğulub ərsəyə gəldiyimiz yerdədir, başqa sözlə, dünyanı dolaşsaq da, göbəyimiz basdırılan yerdən heç vaxt ayrıla bilmirik. Bunu, insan ahıl yaşlarında xüsusən dərk etməyə başlayır.

"Tarixi özündə yaşadan kənd" kitabının müəllifi Kamil Məhərrəmoğlu da, səhv etmirəmsə, 55- yaşındadır. Onun bu yaşı doğma elini, yurd-yuvasını, uşaqlıq illərinin çalarlarını təşkil edən insanları əsl xatırlamaq,  xatırlamaq yox ey, xəyalən canlandırmaq çağıdır.

Kitab Nehrəm kəndindən bəhs edir.Nehrəm deyən kimi böyük Mirzə Cəlil yada düşür.Çünki, o da bu şanlı kəndin yetirməsidir.

Uşaqlıq dövrümdən Cəlil Məmmədquluzadəni çox sevmişəm, onu nəsrimizin peyğəmbəri bilmişəm, bilmişəm ki, Azərbaycan dramaturgiyasına öz "Ölülər" ilə ölməzlik qazandıran da məhz o kişidir. Buna görə də Nehrəm kəndinə də həmişə böyük marağım olub. Oranı görmək arzusuyla yaşamışam, təəssüf ki, həmin arzum bu günə qədər arzu olaraq qalır. Yox , yox, deyəsən düz demədim.Kamil Məhərrəmoğlunun sözügedən kitabıyla tanış olana qədər belə idi, ancaq Kamil müəllimin "Tarixi özündə yaşadan kənd" kitabını oxuyandan sonra, elə bil, bu kəndi qarış-qarış gəzdim, onun mərd sakinləriylə tanış oldum. Qismət olsun, gerçəkdə də bu kəndə getsəm, güman ki, elə bilərəm kəndə ikinci dəfə gəlmişəm, birinci dəfə artıq olmuşam ,deyərəm, Kamil Məhərrəmoğlunun kitabının vasitəsilə olmuşam. 

Kamil müəllim anasını çox sevir.Anasını sevən insan öz doğma elinə-obasına da , doğulduğu kəndə də çox  bağlı olur. Çünki həm ana, həm də doğma kənd doğuluşla, insanın dünyaya gəlişiylə əlaqədardır. Kamil Məhərrəmoğlu da sevimli anasından və doğma kəndlilərdən bəhs edə-edə , sanki oxucuya bələdçilik edir, kənddə keçirdiyi ömrün gözəl çağlarını özü də yenidən yaşayır, bizə də yaşadır.Baxırsan heyran olursan. Nehrəm kəndi məmləkətimizə elə oğullar verib ki. Onların hər biri ayrı-ayrılıqda kifayətdir ki, bir kəndi ucaltsın, üzünü ağ eləsin.

Alman filosofu Şopenhauer deyir ki, insanda olan yer həsrəti əslində yerə görə deyil,insanın həmin yerdə yaşadığı situasiyaya, dövrə və çağa görədir.Bu və ya digər situasiya , dövr isə konkret insanlarla bağlıdır.Ətrafında olan insanlardır ki, həmin çağa,həmin zamana unudulmaz məzmun verir.Kamil Məhərrəmoğlu da Nehrəm kəndində yaşadığı o çağları diriltmək üçün məhz insanlara,onu əhatə edən, o mühiti yaradan adamlara müraciət edir.Düşünürəm, bu səbəbdəndir ki, Nehrəm kəndini özündə canlandıran kitab belə uğurlu alınıb. Nehrəm kəndi tarixi özündə yaşatdığı kimi bu kitab da Nehrəm kəndini özündə yaşadır.

İmir MƏMMƏDLİ

 





14.01.2015    çap et  çap et