525.Az

"Təbiətdə izi qalan meşəçilər" işıq üzü görüb


 

"Təbiətdə izi qalan meşəçilər" işıq üzü görüb<b style="color:red"></b>

Bu yaxınlarda yazıçı-publisist Əlləz Vəliyevin (Ormeşənli) "Təbiətdə izi qalan meşəçilər" kitabı nəşr olunub. Müəllif kitabı meşə mühafizəsi işinin görkəmli təşkilatçısı və dövlət xadimi, meşəçilərin yaxın dostu olmuş Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin 100 illik yubileyinə həsr edib.

Biologiya emləri doktoru Kərəm Əsədovun yazdığı önsözdə kitabın əlyazmasını həyəcanla vərəqlədiyini, maraqlı taleli bu qəribə insanların həya tarixçəsini, qısa da olsa, öz səhifələrində işıqlandıran bir nəşrin həyata vəsiqə almasından çox sevindiyini və Əlləz Vəliyevə olan inamında yanılmadığından məmnunluğunu ifadə edib: "Mən ürəkdən əminəm ki, Əlləz Vəliyevin xeyirxah əməlini bu kitabda yer almış şəxslərin- həyatda olanların özləri, haqq dünyasına qovuşanların isə övladları, qohum-əqrəbaları, dost-tanışları minnətdarlıq və məhəbbət hissi ilə qarşılayacaqlar". 

Müəllif bu nəşrin kitabda həyatı və fəaliyyəti işıqlandırılmış görkəmli insanları gələcək nəslin yaddaşına köçürüb əbədiləşdirmək məqsədi daşıdığını qeyd edib: "Keçən əsrin ikinci yarısından etibarən respublikamızda meşələrin, meşə mühitinin qorunması məqsədi ilə yasaqlıq və qoruqların yaradılması xüsusi vüsət tapıb. Bu səpkili işlərin gerçəkləşməsində zəmanəmizin siyasət nəhəngi Heydər Əlirza oğlu Əliyevin adını xüsusilə vurğulamaq gərəkdir. Respublikamızda meşə mütəxəssisi hazırlayan ali təhsil ocağı olmadığından məhz H.Əliyevin təşəbbüsü ilə gənclərimiz bu peşəyə yiyələnmək üçün qonşu respublikaların təhsil ocaqlarına göndərilib".

Nəşrdə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Həsən Əliyev, Mehdi Mustafayev, Hüseynqulu Bağırov, Faiq Əmirov, Qəzənfər Bağırov, Həsən Qiyasbəyli, Allahverdi Dolxanov, Cahangir Zeynalov, Gülnarə Əliyeva, Aslan Rüstəmov kimi onlarla tanınmış təbitəşünas, meşə təsərrüfatı işinin görkəmli təşkilatçısı, meşəçi alim və onların sayəsində salınmış və qorunub bugünümüzə ərməğan edilmiş gözoxşayan meşəliklər haqqında məlumatlar yer alıb.

Mehdi Mustafayev haqqında məqalədə vurğulanır ki, o, mənalı həyatının 31 ilini respublikanın meşə təsərrüfatının inkişafına həsr edib: "Bu illəri sözün əsl mənasında, meşə təsərrüfatında quruculuq və inkişaf illəri də adlandırmaq olar. Yaranmış ağır vəziyyətdən çıxış yolunu 34 yaşlı gənc nazir ilk növbədə kadr hazırlığında görürdü...Mehdi Mustafayevin gördüyü ən qiymətli işlərdən biri də Bakı şəhərinin və Abşeron yarımadasının yaşıllaşdırılması ilə əlaqədar olub". 

S.MÜRVƏTQIZI  

 





14.01.2015    çap et  çap et