525.Az

Romanda Azərbaycan tarixi və azərbaycanlı taleyi


 

YAXUD "İŞĞAL VADİSİ" ƏSƏRİNDƏN ALINACAQ İBRƏT DƏRSİ

Romanda Azərbaycan tarixi və azərbaycanlı taleyi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Bəzən tarixi hadisələri bədii ədəbiyyata gətirəndə belə düşünənlər də olur ki, onsuz da tarix məlumdur, onu bədiiləşdirməyə nə ehtiyac?

Zənnimcə, bu, kökündən yanlış olan bir fikirdir. Axı, tarixi faktları hər zaman yaddaşda hifz etmək mümkün deyil. Bir tərəfdən də yeni gələn nəslin keçmişi öyrənməyə marağı olmur. Bu baxımdan tarixi hadisələrin bədii əsərdə axıcı, rəvan təhkiyə ilə dövrünə xas üslubda işlənməsi, insanı duyğulandıran, həyəcanlandıran gerçəkliklərin xarakterik rənglərlə canlandırılması hafizəmizə sozalıb-itməyən naxışlar kimi nəqş olunur. M.S.Ordubadi, Y.V.Çəmənzəminli, Ə.Abbasov, Ə.Cəfərzadə, F.Kərimzadənin tarixi romanları dövrünün təzadlı mənzərəsini əks etdirməklə zaman-zaman yaddaşımızı közərtmirmi? Bu əsərlər məhz milli-bəşəri məzmun və mahiyyətilə düşüncəmizə təsir etdiyindən yadda qalır. Bunları yazıçı-publisist Yusif Kərimovun "İşğal vadisi" tarixi romanında mövzunun böyük məsuliyyətlə, zərrəbin dəqiqliyilə araşdırılması və hadisələrin maraqlı süjetlər boyunca bədii-publisist dillə təsvirindən təsirləndikcə bir daha yəqin etdim.

Romanda Qaçaq Miralı, Əziz kişi, Cəmil Qayalı, Kazım bəy, Sarı xan Şirvanski, sevgisinin odunda yanıb-qovrulan Suzanna, Damcılının qənirsiz gözəli, cəngavəri Qənirə, "Qızılbaş" Barat, "Cərcis peyğəmbəri"nin sahibi Şeyx Şəfi, məkrli hampa Təvəkkül, "Qoston bəy" (mehtər Güləstan) ümumi səhnənin iştirakçıları belə, öz düşüncəsi, səciyyəsilə maraqlı obrazlardır. Yazıçı onların xarakterini elə canlı, təbii ştrixlərlə yaradıb ki, bu təsvirlərin içərisində bircə yabançı ifadəyə belə rast gəlmirsən. Qostonun zalımlığını, qəddarlığını göstərən xırda detallardan biri - "yaxşı şallaq vurandı", bəzəməsi onun xislətini dəqiqliklə açır. Burda Seyid Miralı ilə Qoston bəyin münaqişəsi, ikincinin öz amansızlığının aqibətini ölüm şərbəti kimi içməsi, süjetin aparıcı qollarından biridir və bütünlükdə əsərin qayəsilə ciddi bağlılığı var.

Əsərdə paralel, həm də çarpaz xətlər boyunca inkişaf edən hadisələr yeknəsəklikdən kənar bir formada, qaynar təbdən gələn bir axarda təsvir olunur. Qəhrəmanların çətin keçən həyatları, çar mütləqiyyətinin müsəlmanlara tətbiq etdiyi ağır qanunlar belə onları işıqlı ideallar uğrunda mübarizələrdən çəkindirə bilmir. Quruluşun özündən doğan naqislik, zalımla məzlumun qovğası, bu ərazilərdə yaşanan hadisələr, tarixi-coğrafi mühit bu gün təsəvvürümüzdə canlana biləcək qədər görümlüdür. Hadisələr dərinə işlədikcə aradakı bağlılığın bir ideya istiqamətində inkişafı aydın görünür. Əsərdə şəcərə tarixlərilə böyük maraq doğuran bir çox şəxsiyyətlərin fəaliyyəti millətin taleyindən keçən hadisələrin içərisində dövr edir. Kazım bəyin, Əliş Qayalının kökünün Qarabağın məşhur Cavanşirlər nəslinə bağlanması, Rəsul bəyin Cəfərqulu xanın şəxsi mirzəsi və can həkimi olması, övrəti gəncəli Cavad xanın qız nəvəsi Zibeydə xanımla uğursuz taleləri... keçmişin qatı açılmamış məlumatları olmaqla bilgimizi artırır.

Y.Kərimov qəhrəmanların həyat tarixçəsinin ölkənin tarixilə bağlılığını izləmiş, savadlı, bacarıqlı bir azərbaycanlı kimi fəaliyyətlərini araşdırmış, onların hərb tariximizdəki yerini göstərməyi də unutmamışdır. Əliş və Cəmil Qayalılar, Kazım bəy Kazımbəyli vətəndən uzaqlarda fəaliyyət göstərsələr də Azərbaycanın ağrılı taleyilə yaşamış, xalqın həyatında əhəmiyyətli işlər görmüşlər.

Romandakı qəhrəmanların bir qismi ədəbiyyatımızda yeni obrazlardır. Bu mənada onları ayrı-ayrılıqda və qarşılıqlı surətdə ədəbi-nəzəri təhlilə cəlb edən cəhətlər də yetərincədir. Buna bir məqalənin imkan vermədiyi təqdirdə düşünürəm ki, roman boyu müəllifin böyük şövqlə izlədiyi, çeşidli faktlar, hadisələr işərisində təsvir etdiyi Sarı xan Şirvanskini qısaca xarakterizə etməklə, oxucuda başqa obrazları da tanımağa maraq oyadacağıq. Kimdir Sarı xan Şirvanski? Bu tarixi şəxsiyyət haqqında indiki nəsil olsun ki, bir sısqa məlumata da malik deyil. O, Arazbasarda şan-şöhrəti, mürəkkəb xarakterilə tanınmış tarixi şəxsiyyətdir. Müəllifin təsvirinə görə, mal-mülkünün, var-dövlətinin sanı-sayı bilinməyən xandan Tanrı boy-buxunu, yaraşığı əsirgəməyib. At çapmaqda, ov ovlamaqda mahir olan Sarı xan Şirvanskinin yaylaqda, ovlaqda od parçası kimi görünməsi diqqətimizi çəkir. Əsərin tarixi-bədii yükünü çəkən əsas simalardan biri kimi, çox yerlərdə özünün çılğınlığı, qaynarlığı, qəddarlığı, hadisələrə özünəxas yanaşmaları ilə görünməsi Sarı xan Şirvanskini bizə yaxından tanıdır. Bu insanın həyat tərzi, yaşamaq amalı öz mənafeyinə hesablanır. Onun ərkanlarla müəyyən oxşarlığı olsa da fərqli cəhətləri daha coxdur. Bu da onu tünd xarakterli obraz kimi səciyyələndirir. Bütün mahalda güc və nüfuz sahibi olan xanın təşər görünüşü, "sahiblənə bilmədiyi kəbinli arvadı" Qənirə və erməni aşnası "ətirşah Afrodita" ilə davranışı, ovda, ərkanlar arasında vəhşiyana ehtirası, cəldliyi, çevikliyi, hərbə-zorbaları, tipik vərdişləri Sarı xan Şirvanskinin ədəbiyyatımızda yeni obraz olduğunu deməyə haqq verir.

Y.Kərimovun böyük ustalıqla təsvir etdiyi "Xan ovu"nda Sarı xan Şirvanskinin ov tədarükünə nökər-naibin  təmtəraqlı hazırlığının, ov büsatının xüsusi qaydalarının, özəllik və incəliklərinin ən xırda detallarına qədər zərifliklə işlənməsi, səfər hazırlığından başlamış, yol boyu çölçülüyün füsunkarlığı, nağılvari mənzərəsi özünün əsrarəngiz rənglərilə yaddaşımıza köçür. Atların növü, cinsi, istismarı ilə bağlı müəllifin eşidib-bildiklərindən bəhrələndiyi tövsiyəyə fikir verin: "Dədə ovçular buyurublar ki, ata mindin, alçağına minmə, adam yekəpər olsa da, at onu cılız göstərər. Yorğa və sakit ata yalnız uzaq yola gedərkən min, çünki at sakit olanda adam özünü boş saxlayır. Elə ki ova çıxdın, onda oynaq və tünd qaçan ata min ki, onun tündlüyü səni ayıq olmağa məcbur etsin. Həmişə atda düz, şəstlə otur ki, gözə pis dəyməyəsən..." Xalqın dilindən alınmış, minillərin sınağından çıxmış aforizm, məsəllər, bənzətmələr roman boyu müəllifin təsvir-təhkiyəsinə şirinlik, əlvanlıq qatmışdır.

"İşğal vadisi"ndə romanın qolları hesab edilən bölmələrin hər biri bitkin, tamamlanmış əsər təəssüratı bağışlayır. Romanın ana xəttini ifadə edən işğalçılıq tarixinin xronoloji ardıcıllıqla təsvirində bu bölmələrin yeri, bədii dəyəri misilsizdir. Bəzən çeşidli, çarpaşıq əhvalatlar oxucunu elə bir qarışıqlığa salır ki, düşünürsən, müəllif onları özünün rəvan axarına sala biləcəkmi? Hadisələrə dərindən bələd olduqca onların bir-birilə məntiqi, mənəvi bağlılığı nigarançılığımıza son qoyur.

Romanda aparıcı xətlərdən biri, "Cərciz peyğəmbəri"nin yaranması və əsrlərlə yaşaması tarixi, dini ehkamlara baxışların, sünni-şiyə məzhəbinin yaratdığı qarşıdurmaların publisist şərhi də tarixilik fonunda həssaslıqla işlənmişdir. Yaradılmışın özünüdərki, Yaradanı duyması, əslində dini dəyərlərin qorunmasına, maarifçiliyin yeni ənənələrlə inkişafına yönəlmişdir. Burda Şeyx Şəfi obrazı zahiri görkəmindən başlamış, hərəkətləri, düşüncəsi, dini görüşləri və bunların qarışığında özünün mənafe-iddiaları ona tamlıq verən dəqiqliklə, xəfifliklə yaradılmışdır.

Y.Kərimov hadisələrin mərkəzində olan bəylərin, xanların, dindarların arasındakı ixtilafların, çəkişmə-tirəliklərin səbəblərini orijinal görünən bədii priyomlardan istifadə etməklə, həm də həyat tarixçələrinin fonunda təqdim edir. Sarı xan, Təvəkkül ağa, Şeyx Şəfi ayrılıqda hər biri güclü şəxsiyyət olsa da çox təəssüf ki, tarixin özünün diqtə etdiyi kimi, bu nüfuzlu şəxsiyyətlər xalqa dayaq durmaq əvəzinə, güclərindən, var dövlətlərindən öz hiyləgər məqsədləri üçün istifadə edən işğalçılara kömək edirlər. Çar mütləqiyyəti Arazbasarın bu adlı-sanlı, imkanlı şəxslərini "himayə edərək" var dövlətlərinə toxunmadan öz tərəflərinə çəkərək bir-birinin üstünə salışdırır, onlar da top-tüfənglərini xalqın qənimlərinə yox, ümumi düşmənlərinə (Qaçaq Miralıya, Cəmil Qayalıya, polkovnik Mina bəyə) qarşı yönəldir. Beləliklə, yerli hakimlərin milli mənafeləri saya almaması çar mütləqiyyətinə milləti parçalamaq fürsətini verir. Burdan da xalqın təklənməsi, başsızlığı - milli faciələrimiz baş alıb gedir. Lakin bu mübarizələrdə Rus İmperiyası da itkilərə düçar olmuş, Arazbasarın dözümlü, dəyanətli oğullarının mərdliyi, mübarizliyi qarşısında böyük dirənişlərlə üzləşmişlər. Bütün bunlar tarixdir və müəllif bu tarixi nəsrin böyük qolu olan roman janrında sənətkarlıqla işləmişdir.

Əsərdə xalqın həyat tərzinin, obaların, yaylaqların, dağların, düzlərin təsviri, dilin zənginliyi, xoş ahənglə səslənişi romana rəngli çalarlar gətirir. Müəllif oxucunu yüzillərin daş yaddaşında qalmış tarixi yerlərə aparır. "Urus arxı"nın ətrafında bu qədər zəngin materiallarla yaşanan həyat hadisələrini, siyasi gedişləri ədəbi ustalıqla yerbəyer edə bilməsi bizi heyrətləndirməyə bilməz.

"Proloq"la "Epiloq" arasında müəllifin təsvir etdiyi hadisələr, 200 illik bir tarixi dövrü əhatə edən soyqırımlar, qaçqınlıq, köçkünlük "könüllü" köçürülmələr içərisində yurd itkiləri, işğalçılığın bu gün də başqa bir qiyafədə Azərbaycana yeridilməsi göz qabağındadır. Romanın son sətirlərində yazıçı belə bir faktı da yaddaşımıza ötürməklə düşmənin talançılıq ehtirasının soyumadığını bəyan edir: "Ən qəribəsi odur ki, işğalçının işğalçılıq iştahası sönmək bilmir. Elə olmasaydı, Azərbaycanın ilk işğal tarixinin (oktyabr 1813) 200 illiyini təntənəli surətdə qeyd etməzdilər..."

Müəllifin yeni nəslə çatdırmaq istədiyi həqiqətlər budur: Biz keçmiş faciələrimizdən ibrət almalı, işğal tariximizi unutmamalı, səhvlərimizdən nəticə çıxartmalıyıq. İndiki dövrdə yaşamaq hüququmuzu qorumalı, təcavüzlərdən, işğaldan qurtulmağı bacarmalıyıq.

 





14.01.2015    çap et  çap et