525.Az

“Erməni separatçıları qısa müddətə ağ bayraq qaldırmağa məcbur oldular” - Deputat


 

“Erməni separatçıları qısa müddətə ağ bayraq qaldırmağa məcbur oldular” - <b style="color:red"> Deputat </b>

“Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bir çox aspektdən xüsusi önəm daşıyır. Bu qələbə ilə Azərbaycan xalqı tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi və “güclü Ermənistan”, “güclü Ermənistan ordusu” mifini aradan qaldırdı”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Vətən müharibəsində qələbə ilə Azərbaycan bölgədə yeni reallıq yaratdı. Bütün dünya Azərbaycanın bu qələbəyə necə nail olması barəsində müzakirə aparır. Təbii ki, qələbə Azərbaycanı daha da gücləndirdi və xalqımızda böyük ruh yüksəkliyi yaratdı:

“Azərbaycan Vətən müharibəsində çox böyük və tarixi qələbə qazandı. Son 200 illik tariximizdə ilk dəfə torpaq itirmədik, əksinə, itirilmiş torpaqlarımızı geri qaytardıq. Ermənistan Vətən müharibəsi başa çatdıqdan sonra imzalanan üçtərəfli Bəyanat üzrə öhdəliklərini qətiyyən yerinə yetirmirdi. Onların arasında, xüsusilə də erməni silahlılarının ölkəmizin ərazilərindən çıxarılmaması Azərbaycanı dərindən narahat edirdi. Ermənistan isə silahlı birləşmələrini ərazilərimizdən çıxarmaq əvəzinə orada şəxsi heyət, zirehli vasitələr, artilleriya qurğuları saxlayırdı. Həmçinin həmin ərazilərə müharibədən sonra Ermənistanda istehsal olunan minalar daşınırdı. Burada məqsəd separatçı rejimin Azərbaycan Ordusuna qarşı müqavimətini gücləndirmək idi. Ermənistandan Azərbaycan ərazilərinə göndərilən minalarla itkilərimiz davamlı olaraq artırdı. Bütün bunları nəzərə alan ölkəmizin xəbərdarlığına və bəyanatlarına məhəl qoymayan separatçı rejim və onu dəstəkləyən Paşinyan komandasının cəzalandırılması üçün Azərbaycan antiterror tədbirlərini həyata keçirmək qərarını verdi. Bu antiterror tədbirləri Azərbaycan ərazilərində mövcud olan erməni silahlılarından min nəfərdən çoxunun məhv edilməsi və ya yaralanması ilə nəticələndi”.

C.Məmmədov vurğulayıb ki, qəhrəman Azərbaycan Ordusu cəmi bir gün ərzində yüzlərlə kvadratkilometr işğal altındakı ərazimizi azad etdi, düşmənin 65-ə yaxın zirehli və zirehsiz vasitələrini, avtomobil texnikasını sıradan çıxardı: “Ordumuz düşmənin döyüş texnikalarını, artilleriya vasitələrini, xüsusi texnikalarını qənimət olaraq ələ keçirdi. Bundan başqa, ermənilər atıcı silahlarını və onlara aid milyonlarla sursatı da döyüş meydanında atıb getdi. 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı.

Azərbaycan başqa bir addım atmaya bilməzdi. Biz hansı yolla olur olsun, torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan bu işğala son qoydu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılır və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırırdı. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilirdi”.

Deputat əlavə edib ki, bu gün sülh ən çox Ermənistana lazımdır: “Ermənistan anlamalıdır ki, bu gün onlar sülh üçün ciddi səylər göstərməlidirlər. Çünki Ermənistan özü blokadada qaldı və ciddi problemlər yaşadı. Münasibətlərin bərpasından sonra regional əməkdaşlıq, Zəngəzur dəhlizinin açılması və digər məsələlər Ermənistan iqdisadiyyatının dirçəlməsi üçün vacibdir. Bu şans uzun illər olmayacaq. Azərbaycan əlinin uzun müddət havada qalması ilə barışmayacaq”.

Pərvanə Sultanova

 





18.09.2025    çap et  çap et