525.Az

"Kənd təsərrüfatı ili": Qeyri-neft sektorunun inkişafında yeni mərhələ


 

MİLLƏT VƏKİLİ ƏLİ MƏSİMLİ: "KƏND TƏSƏRRÜFATI AZƏRBAYCAN İQTİSADİYYATININ SƏNAYEDƏN SONRA İKİNCİ ÖNƏMLİ SAHƏSİDİR"

"Kənd təsərrüfatı ili": <b style="color:red">Qeyri-neft sektorunun inkişafında yeni mərhələ</b>

Dövlətin inkişafı onun iqtisadiyyatının nə qədər dayanıqlı və güclü əsaslarla təşkil olunmasından asılıdır.

Xüsusilə, təbii yeraltı resurslarla zəngin olan ölkələrdən biri kimi Azərbaycanın iqtisadiyyatını getdikcə tükənməkdə olan neft və təbii qazdan asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün bu sahəyə diqqətləri artırmaq vacibdir.

Dövlət başçısı İlham Əliyevin tərəfindən hər il müxtəlif sahələr üzrə sürətli inkişafının təmin olunması üçün dövlət səviyyəsində təkanverici mexanizmlərin həyata keçirilməsi - dövlət proqramlarının imzalanması, şəffaflığın artırılması sahəsində tədbirlər planının tutulması və həyata keçirilməsi həmin sektora daha çox diqqətin cəmləşməsinə, iqtisadi dayanıqlılığının daha da möhkəmlənməsinə şərait yaradır. Sevindirici haldır ki, bunun nəticəsi olaraq hər il sözügedən sektor üzrə ölkə büdcəsinə daxil olan gəlirlər də yüksələn tempdədir. Bu baxımdan ilin yekunlarına dair keçirdiyi son müşavirədə 2015-ci ili "Kənd təsərrüfatı ili" elan edən ölkə rəhbəri bununla müvafiq sektoru əhatə edən dövlət orqanları və özəl şirkətlərin üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə çatdırmış oldu.

Dövlətin təklif etdiyi imkanlar və yaratdığı şərait iqtisadi sferada ölkə üzrə hər bir sahənin inkişaf potensialını artıra bilər. Sadəcə bu işə səlahiyyətli dövlət orqanlarının qarşısına qoyulan tapşırıq və öhdəliklər düzgün yerinə yetirilməlidir. Qeyd etmək lazımdır ki, 2014-cü ilin ölkəmiz üçün uğurlu il kimi tarixdə qaldığını deyən Prezident bu dövr ərzində Azərbaycanın sürətli inkişaf tempini qoruduğunu, ölkəmizin təhlükəsizliyinin təmin edildiyini, müxtəlif iqtisadi və sosial proqramların  icra olunduğunu bildirib.

Ölkə iqtisadiyyatı üzrə 3 faiz artım müşahidə edildiyini, neft gəlirlərindən asılılığın getdikcə aşağı düşdüyünü, dünyada baş verən proseslərə baxmayaraq Azərbaycan iqtisadiyyatının sabit qaldığını da diqqətə çatdıran İlham Əliyev əhalinin pul gəlirlərinin inflyasiyanı üç dəfədən çox üstələdiyini vurğulayıb.

2015-ci ilin "Kənd təsərrüfatı" ili elan edilməsi ilə bağlı dövlət başçısının imzalamış olduğu sərəncam ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritet olduğunu bir daha təsdiqlədiyini deyən İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli "Olaylar"a bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının sənayedən sonra ikinci önəmli sahəsidir. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatla məşğul olanların 40 faizə yaxını kənd təsərrüfatında çalışır: "Dünyanın 11 iqlim qurşağından 9-unun Azərbaycanda mövcud olması bu sahənin böyük potensialı var. Həmin potensialı işə salmaqdan ötrü dövlət bir sıra tədbirlər həyata keçirir. Fermerlər üçün bir sıra güzəştlər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilmişlər.

Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Bununla belə kənd təsərrüfatında əmək məhsuldarlığı potensial imkanlardan xeyli aşağı olduğundan, hələ bu mühüm sahənin potensialdan yetərli səviyyədə istifadə olunmur".

Əli Məsimli hesab edir ki, son illər bu sahədə ciddi irəliləyişlər olsa da, Azərbaycan özünə lazım olan ərzaq məhsullarının bir hissəsini hələ də xaricdən almaqda davam edir: "Ona görə də kənd təsərrüfatının yeni əsaslar üzərində qurulması və əhalinin bu sahənin məhsulları ilə təminatınn yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatını neftdən sonra eksportumuzun vacib sahələrindən birinə çevrilməsi günün tələbinə çevrilib. Son illər bu sahəyə qoyulan sərmayələr artır, iri təsərrüfatların yaradılması hesabına bu sahədə əmək məhsuldarlığının artırılması istiqamətində məqsədyönlü işlər gedir".

Əli Məsimlinin sözlərinə görə,  prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi haqqında sərəncamı həmin işlərə sistem xarakteri verilməsi və yeni mərhələyə daşınmasına impuls verəcəkdir: "Şəmkirçay və Taxtakörpü su anbarlarının istismara verilməsi suvarılan yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində irəliyə doğru çox mühüm addım olacaqdır. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndiriləcək, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatlarının təşkili sahəsindəki işlər genişləndiriləcək".

İqtisadçı-ekspert Vüqar Bayramov iqtisadi diversifikasiya və qeyri-neft sektorunun şaxələnməsi aspektindən bu ilin dövlət başçısı İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı ili” elan edilməsilə aqrar sektorun inkişafına daha çox diqqət ayrılmasını müsbət hal hesab edir. Onun sözlərinə görə, Ümumi Daxili Məhsulda payı 6 faizindən az olan sözügedən sektorda hazırda əmək qabiliyyətli əhalinin 38 faizinin çalışdığını nəzərə alsaq, təbii ki, bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir.

V.Bayramov  "Kənd təsərrüfatı ili”ndə sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın işinin asanlaşdırılması üçün bir sıra işlərin görülməsini də vacib hesab edir. O, qeyd edib ki, subsidiyaların verilməsi şərtlərində dəyişiklik edilməsi, şəffaflığın gücləndirilməsi, korperativlərin, klasterlərin yaradılması prosesi sürətləndirilməsi, xarici investorlar ilə birlikdə ölkəmizdə kənd təsərrüfatı texninka və avadanlıqlarının istehsalının həyata keçirilməsinə ehtiyac var: "Subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. Bu baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var".

Ceyhun ABASOV

 





15.01.2015    çap et  çap et