525.Az

Vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri gücləndirilir


 

Müsahibimiz Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədovdur.

Vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri gücləndirilir<b style="color:red"></b>

- Vidadi müəllim, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2014-cü ildə vergi hüquqpozmaları ilə bağlı həyata keçirilən mübarizə tədbirləri haqqında məlumat verməyinizi istərdik.

- İl ərzində departamentə daxil olmuş 1024 material üzrə 971 cinayət işi başlanıb. VCİAD tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 213-cü maddəsi ilə (vergi ödəməkdən yayınma) 897 cinayət işi, 192-ci (Qanunsuz sahibkarlıq) və 213-cü maddələri ilə 46, 192-1.2-ci maddəsi ilə (Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi) 4,  192-ci maddəsi ilə 11, CM-in 205-1-ci maddəsi ilə (Saxta aksiz markalarını hazırlama, əldə etmə və ya satma) ilə 1, CM-in 162-1-ci maddəsi ilə (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) 6, 213-1-ci maddəsi ilə (aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) 6, ümumilikdə 971 cinayət işi başlanaraq istintaqı davam etdirilmişdir. Qeyd edim ki, bu göstərici 2013-cü ilə nisbətdə 452 cinayət işi çoxdur.  

Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərlə bağlı ötən il departamentin istintaq idarəsində 395 cinayət işi 125 nömrə altında birləşdirilərək ittiham aktları ilə məhkəməyə göndərilib: bunlardan 72-si 2014-cü ildə, 31-i 2013-cü ildə, 22-si isə əvvəlki illərdə başlanmış cinayət işləridir. Ümumilikdə ötən il vergi hüquqpozmaları nəticəsində 134 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində 36 nəfər şübhəli şəxs qismində tutulmuş, 26 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.

Departamentə daxil olmuş material və başlanmış cinayət işləri üzrə  dövlət büdcəsinə dəymiş ziyan tam şəkildə ödənildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsi ilə 340 prosessual qərar qəbul edilərək, metariallar üzrə cinayət işinin başlanması rədd edilib, başlanmış cinayət işləri üzrə icraata xitam verilib.

- Görülən tədbirlər nəticəsində dövlət büdcəsinə ödəmələr nə qədər olub?

- 2014-cü il ərzində departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı dövlət büdcəsinə ödənilməsi təmin olunmuş vəsaitin məbləği 16 milyon 81 min 402,17 manat təşkil edib ki, bunun da 4 milyon 583,3 min manatı istintaqı tamamlanmış cinayət işləri üzrə, 779,6 min manatı cinayət işinin başlanması rədd edilmiş materiallar üzrə, 2 milyon 197,9 min manatı icraatı dayandırılmış cinayət işləri üzrə, 111,4 min manatı aidiyyəti üzrə göndərilmiş cinayət işləri üzrə, 8 milyon 409,2 min manatı isə istintaqı davam etdirilən cinayət işləri üzrə ödənişlərdir.

- Əsasən hansı fəaliyyət sahələri və tədiyyə növləri üzrə vergi cinayətlərinə yol verilib?

- Başlanmış cinayət işləri ilə bağlı vergi ödəyicilərinin fəaliyyət istiqaməti üzrə təsnifata nəzər salsaq görərik ki, daha çox ixtisaslaşdırılmamış (ərzaq, məişət və digər) məhsulların alqı-satqısı, təmir-tikinti xidməti, tikinti materiallarının alqı-satqısı fəaliyyəti ilə məşğul olan şəxslər vergi ödəməkdən yayınırlar. 2014-cü il ərzində vergi ödəməkdən yayınma cinayəti törətmiş şəxslər daha çox ƏDV,  sadələşdirilmiş vergi və mənfəət vergisi üzrə ödəyicilər olublar.

- Geniş yayılmış hüquqpozmalardan biri də ƏDV fırıldaqçılığıdır...

- Ötən illərdə olduğu kimi, 2014-cü il ərzində də departament tərəfindən ƏDV fırıldaqçılığı ilə məşğul olan şəxslərin aşkar edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində mühüm işlər görülüb. 49 cinayət işi üzrə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan şəxslərin 49-u barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilib, onlara ittiham elan olunub, həmin şəxslərdən 9-u barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilərək cinayət işləri ittiham aktı ilə məhkəməyə göndərilib. Cinayət işlərinin istintaqı zamanı müəyyən edilib ki, son dövrlər bəzi qrup şəxslər hüquqi şəxsin elektron formada təsis edilməsi ilə bağlı vergi orqanları tərəfindən göstərilən  operativ və şəffaf xidmətlərdən öz cinayətkar məqsədləri üçün istifadə edirlər. Onlar ƏDV ödəyicisi kimi qeydiyyata durmamaq və vergidən yayınmaq məqsədilə müxtəlif şəxslərin adlarına yüzlərlə müəssisə təsis edirlər. Əksər hallarda təsis edilən hüquqi şəxslərin hüquqi ünvanları eyni olur. İstintaq zamanı ifadə verən şəxslərin bəziləri ilkin ifadələrində heç bir müəssisə təsis etmədiklərini, qısa müddət ərzində tanıdığı şəxslər tərəfindən onlardan notarial qaydada təsdiq edilmiş etibarnamə və adlarına elektron imza alındığını bildiriblər. İstintaq təcrübəsində artıq bir neçə şəxsin elektron imzasının bloklaşdırılmasına nail olunub və həmin şəxslər tərəfindən təsis edilmiş müəssisələrin ləğv edilməsi istiqamətində müvafiq proseslər aparılıb.

Bir epizod üzrə cinayət işinin istintaqı zamanı müəssisə rəhbərinin evində axtarış-istintaq hərəkəti aparılıb. İstintaq zamanı 100-ə yaxın müəssisənin təsis sənədləri, həmin müəssisələrə dair ciddi hesabat blankları, möhürlər götürülüb. Müəyyən edilib ki, şəxs müxtəlif ərazi vergi orqanlarında ayrı-ayrı şəxslərin adlarına müəssisələr təsis etdirmiş və öz yaxın qohumlarını direktor vəzifəsinə təyin etdirərək banklarda aparılmış əməliyyatlara görə daxil olmuş pul vəsaitlərini özü götürərək vergi orqanına bəyannamə təqdim etməyib. Həmin şəxs şübhəli şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə həbs edilib. Külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda təqsirli bilinərək cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib.

Ötən il departament tərəfindən aparılmış əməliyyat-istintaq tədbirləri zamanı 109 müəssisə təsis edərək külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınan 6 nəfərdən ibarət qabaqcadan birləşmiş sabit cinayətkar qrup - mütəşəkkil dəstə zərərsizləşdilmiş və həmin şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış şəxslərin müxtəlif müəssisələr təsis edərək tender və kotirovkalarda iştirakının qarşısının alınması məqsədi ilə adlarına 1886 müəssisə olan 35 şəxs barədə məlumatlar dövlət orqanlarına, təhsil müəssisələrinə göndərilib.

- Vergi cinayətlərinin ibtidai araşdırılması zamanı qarşılaşdığınız əsas çətinliklər nədən ibarətdir?

- Bunlardan biri müəssisənin rəhbərinin vergi orqanındakı baza məlumatları ilə müəssisənin bank hesablarında olan məlumatların üst-üstə düşməməsidir. Yəni müəssisənin təsisçisi və direktoru vergi orqanının baza məlumatlarında və müəssisənin bank hesablarında müxtəlif şəxslər olur. Hesab edirəm ki, vergi cinayətlərinin qarşısının alınması və  ödəyicilər tərəfindən bəyannamələrin vaxtında təqdim edilməsinin təmin olunması üçün qanunverciliyə müvafiq dəyişikliyin edilməsi zəruridir. Təcrübə göstərir ki, müəssisənin rəhbərinin vergi orqanlarında kim olmasından asılı olmayaraq, bankda hesab açan həmin müəssisənin faktiki rəhbəri "təsisçi tərəfindən direktor təyin etmə haqqında" əmri banka təqdim etməklə digər şəxslərin bankda direktor kimi göstərilməsinə nail olur və müəssisələrin bank hesablarına daxil olmuş pul vəsaitlərini həmin şəxslər götürür. Yerli vergi orqanları isə həmin şəxslərin direktor təyin edilməsindən xəbərsiz olurlar. Aparılmış əməliyyatlar barədə məlumatlar olduqda isə vergi orqanlarında direktor kimi adı olan şəxsləri bəyannamə təqdim etmək üçün vergi orqanına dəvət edirlər. Hesab edirik ki, bununla bağlı mövcud qanunvericiliyə dəyişiklik etməklə banklarda yalnız vergi orqanından verilmiş reyestrdə adı olan şəxsin direktor kimi imza nümunəsi götürülməlidir. Yeni direktor təyin edildikdə və bu barədə vergi orqanına məlumat daxil olduqdan və müvafiq vergi orqanı tərəfindən verilmiş reyestrdən çıxarışdan sonra banklar tərəfindən həmin şəxslərə əməliyyat aparılmasına şərait yaradılmalıdır.     

- Vergi cinayətlərinin ibtidai araşdırılması sahəsində işlərin daha səmərəli təşkili üçün gələcəkdə hansı yeniliklərin və ya tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- Vergi hüquqpozmalarına, cinayətkarlığa qarşı mübarizə aparılması üçün həmin fəaliyyətlə məşğul olan əməkdaşların - əməliyyat müvəkkilinin, tədqiqatçının, müstəntiqin ixtisaslaşması zəruridir. Yəni ixtisasca hüquqşünas olan əməkdaşlarımız iqtisadi biliklərə yiyələnməli, ixtisasca iqtisadçı olan əməkdaşlarımız isə hüquqi bilikləri mənimsəməlidirlər.  Bu məqsədə nail omaq, peşəkar formada vergi cinayətlərinin istintaqını aparmaq üçün 2010-cu ildən VCİAD-da tədrisə xüsusi diqqət ayrılmış və müstəqil treninqlərin aparılması təmin edilmişdir. Təsadüfi deyil ki, departamentin bütün əməkdaşları həftənin müxtəlif günlərində öz profillərinə uyğun olaraq tədrisə cəlb edilirlər.

Planlaşdırdığımız tədbirlər Vergilər Nazirliyi yanında yaradılmış Tədris-metodiki Şura ilə əlaqələndirilmiş  şəkildə  tədris proqramlarına uyğun olaraq həyata keçirilir. İstintaqın aparılması Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə əməliyyat-istintaq tədbirlərinin daha peşəkar səviyyədə aparılması üçün bundan sonra da təlim və tədrisə xüsusi diqqət yetiriləcək.

 





15.01.2015    çap et  çap et