525.Az

"Radikalların iddialarının heç bir əsası yoxdur"


 

Milli Məclisin (MM) deputatı Azər Badamovun "525"ə müsahibəsi.

"Radikalların iddialarının heç bir əsası yoxdur"<b style="color:red"></b>

-Azər müəllim, siz parlamentin Regional məsələlər komitəsinin üzvüsünüz və bu komitə də daha çox yerli  özünüidarəetmə orqanları, bələdiyyələrlə qarşılıqlı surətdə fəaliyyət göstərir, həmçinin, bələdiyyələrlə bağlı qanunvericiliyin hazırlanmasında, təkmilləşdirilməsində mühüm rol oynayır.  O da məlumdur ki,  təxminən 20 gün öncə - ötən ilin sonlarında ölkədə  növbəti  bələdiyyə seçkiləri keçirildi. Eyni zamanda,  parlamentin qarşıdan gələn  yaz sessiyasında bələdiyyələrlə bağlı növbəti hesabat dinləniləcək. Bu baxımdan istərdik  ki, həm seçkilərlə, həm də ümumən bələdiyyələrlə bağlı fikirlərinizi bildirəydiniz.

- Əvvəla, onu qeyd edim ki, ötən ilin dekabrın 23-də ölkəmizdə sayca dördüncü bələdiyyə seçkiləri keçirilib. İşğal olunmuş ərazilər istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15 035 bələdiyyə üzvü seçilib. Vurğulayım ki, millət vəkili olaraq mən də parlamentdə təmsil etdiyim Qusar rayonunda seçkiləri müşahidə edirdim və orada da böyük seçici fəallığı qeydə alındı. Əslində budəfəki seçkiyə vətəndaşların marağının daha yüksək olmasında bir sıra səbəblər mövcud idi. Belə ki, artıq vətəndaşlarımız yerli özünüidarə strukturlarının iş prinsipi ilə yaxından tanış olur, bələdiyyələrin onların həyatında oynadığı rolu dəyərləndirirlər. Digər tərəfdən, bələdiyyələrin gördükləri işlər də artıq nəzərə çarpır.

Tam məsuliyyətlə qeyd etmək olar ki,  bu sistemdə aparılan islahatlar, bələdiyyələrin birləşdirilməsi yönündə atılan addımlar yerli özünüidarə strukturlarının fəaliyyətinin daha da effektiv xarakter almasına gətirib çıxarıb. Bu mənada, vətəndaşlarımız bələdiyyələrin yaradılmasında, fəaliyyətində daha aktiv iştirak etmək istəyirlər. Ölkəmizdə mövcud olan mükəmməl seçki qanunvericiliyi və seçkilərin azad, demokratik şəkildə keçirilməsini təmin edən münbit şərait vətəndaşlarımızın öz seçib-seçilmək hüququndan azad şəkildə istifadə etməsinə imkan yaradır. Vətəndaşlarımız konstitusiyamızın tanıdığı hüquqları reallaşdırmaqda azaddırlar.

 Bu mənada son  bələdiyyə seçkiləri özündən əvvəlkilərdən müsbət mənada fərqlənirdi. Seçkiləri 50 mindən artıq müşahidəçi izlədi və bütün müşahidəçilər də seçkilərin gedişatında qanun pozuntularının baş vermədiyini bildirdilər. Şəffaflığın yüksək səviyyədə təminatı, seçki məntəqələrində veb-kameraların quraşdırılması ölkəmizdə yüksək standartlara malik seçki mühitinin varlığını ortaya qoyur.

Bu seçkilər Yeni Azərbaycan Partiyası (YAP) üçün də mühüm nailiyyətlərlə müşayiət olundu. Sevindirici haldır ki, partiyamız bu dəfə də qatıldığı seçkini böyük zəfərlə başa vurdu. Xalqımız hər zaman olduğu kimi, bu seçkilərdə də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi YAP-ı  dəstəkləməklə hər zaman dövlətçiliyin keşiyində dayanan, milli maraqlarımızı qoruyan siyasi təşkilata öz inamını və sevgisini nümayiş etdirdi...

-Amma müxalifət, xüsusilə, onun radikal adlandırılan qanadı bu seçkilərin nəticələrini bir növ tanımadıqlarını bildirdilər...

-Radikalların iddialarının heç bir əsası yoxdur. Radikal müxalifətin danışdığı yalanların, atmağa çalışdığı çirkabların arxasında hansı səbəblərin durduğu da məlumdur. Ötən ilin son aylarında bu partiyalar şəhərin mərkəzində mitinq keçirməyə çalışdı və buna nail ola bilmədilər. Sözün əsl mənasında fiasko yaşandı. Onlar hətta icazəli mitinqə belə 200-300 nəfərdən artıq adam çıxara bilmirlər. Bu özü xalqın onlara inamsızlığının bariz göstəricisidir. Fakt odur ki, radikal düşərgə partiyalarının hətta bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürməyə potensial üzvləri yoxdur. Onlar etiraf etməlidirlər ki, ətraflarında üç beş nəfərdən artıq adam qalmayıb. Bu partiyalar sadəcə olaraq xarici ermənipərəst qurumlardan ianə almaq və ölkəmizdə keçirilən seçkilərə ləkə yaxmaq əmrini alırlar və onu da yerinə yetirirlər. Necə olur ki, dünənə qədər Seçki Məcəlləsinin dəyişdirilməsi bəhanəsi ilə bələdiyyə seçkilərinə qatılmaqdan imtina edənlər bu gün artıq 2015-ci il parlament seçkiləri haqqında danışırlar. Demək ki, onlar sifarişlər əsasında seçkilərə qatılır və ya bundan imtina edirlər. Bu isə növbəti dəfə onların Azərbaycana qarşı olan qüvvələrin oyuncağına çevrildiklərini təsdiqləyir.

- Yeri gəlmişkən,  yenicə qədəm qoymuş 2015-ci il ölkəmiz üçün hansı perspektivlər vəd edir, gözləntiləriniz nədən ibarətdir?

- Mətbuata açıqlamamda da qeyd etdiyim kimi,  hər zaman olduğu kimi, bu il də əsas gözləntilərimiz Azərbaycanın bir nömrəli probleminin-Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır. Bu gün istər hərbi sferada, istərsə də beynəlxalq hüquq çərçivəsində Azərbaycan mühüm üstünlüklər əldə edib və buna da Prezident İlham Əliyevin apardığı düzgün və qətiyyətli siyasət nəticəsində nail olunub. Mən arzu edirəm ki, Ermənistan özünün qeyri-konstruktiv, işğalçılıq, təcavüzkarlıq  mövqeyindən əl çəksin və işğal etdiyi Azərbaycan torpaqlarını boşaltsın. Təbii ki, bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında aparılan xarici siyasət kursu, o cümlədən, ordumuzun daha da mütərəqqi və yüksək standartlara uyğunlaşdırılması torpaqlarımızın işğaldan azad olunacağına tam əminlik yaradır. Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Cənab Ali Baş Komandanımız İlham Əliyev də bildirib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.

Ümumilikdə, gələn il mühüm tədbirlərlə zəngindir. Belə ki, ilin ortalarında keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Oyunları dünyada bir ilkə atılacaq imzadır. Bu oyunlar istər iqtisadi nöqteyi-nəzərdən, istərsə də siyasi müstəvidə olduqca böyük bir hadisədir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə özünə mühüm yer qazanması, demokratik inkişafın yeni modelini yaratması bütün dünya tərəfindən etiraf olunur. Əminəm ki, ölkəmizə gələn turistlər də ölkəmizin inkişafı ilə yaxından tanış olacaqlar, Azərbaycanın dünyaya bəxş etdiyi tolerantlıq modelini öyrənəcəklər...

Kamil HƏMZƏOĞLU

 





15.01.2015    çap et  çap et