525.Az

Bakı Təhlükəsizlik Forumu: Təhdidlərin qarşısının alınmasında mühüm platforma


 

AZƏRBAYCAN TƏHLÜKƏSİZLİYİN KOORDİNASİYA OLUNDUĞU STRATEJİ ARENAYA ÇEVRİLİB

Bakı Təhlükəsizlik Forumu: Təhdidlərin qarşısının alınmasında mühüm platforma<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan paytaxtında daha bir mühüm tədbir - Bakı Təhlükəsizlik Forumunun üçüncü iclası keçirilib. Hazırda dünya müxtəlif çağırışlarla, təhlükəsizlik problemləri, o cümlədən müharibələr, münaqişələr, terrorçu hücumları, separatizm, kibertəhdidlərlə üz-üzədir. Bunlarla mübarizədə isə əlaqələndirilmiş şəkildə fəaliyyət tələb olunur. Bu baxımdan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumu mühüm əhəmiyyət kəsb edir və bu tədbirə dünyada maraq getdikcə artmaqdadır. Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi beynəlxalq təhlükəsizlik tədbiridir. Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır.

Prezident İlham Əliyevin Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının iştirakçılarına ünvanladığı müraciətdə konfransın əhəmiyyəti vurğulanıb və vacib mesajlar verilib.

Dövlət başçısı qeyd edib ki, Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir: “Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.

Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur”.

Prezidentin müraciətində vurğulanıb ki, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir: “Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir”.

Prezident 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında imzalanmış Birgə Bəyannamənin də əhəmiyyətini qeyd edib: “Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir. Əminəm ki, müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir”.

Qeyd edək ki, I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü ilin may ayının 3-də təşkil olunub. Dünya ölkələrinin kəşfiyyat və təhlükəsizlik orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin qatıldığı müvafiq forum çərçivəsində plenar iclasla yanaşı, ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. İclas “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusuna həsr olunub.

II Bakı Təhlükəsizlik Forumu isə ötən il sentyabr ayının 15-də “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda keçirilib.

Builki forumun mövzusu isə “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların, eləcə də qlobal xarakterli texnogen qəza və ekoloji fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin rolu” olub.

Keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürdüyü təklifin iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəklənməsi bu foruma beynəlxalq arenada marağı bir daha nümayiş etdirir. Eyni zamanda, ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun Katibliyinin təsis edilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzu ilə bağlı “525”ə deyib ki, bu gün Azərbaycan çox sayda beynəlxalq tədbirlərin ev sahibinə çevrilib: "Bu, çox mühüm məsələdir və Azərbaycanın imicinin, müstəqil daxili və xarici siyasətinin təzahürüdür. Dünya ölkələrinin kəşfiyyat və əks-kəşfiyyat, xüsusi xidmət orqanlarının iştirak etdiyi Bakı Təhlükəsizlik Forumu çox mühüm əhəmiyyət kəsb edir. Bu konfrans son illərdə Azərbaycanın təhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlərin, beynəlxalq əməkdaşlıq platformasına çevrilməsinin göstəricisidir. Bakı həm regional dövlətlər, həm də qlobal güclər arasında etimadın qurulması üçün mühüm görüş yeri rolunu oynayır. Bu gün dünyada düzən dəyişib, dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanunu miqrasiya, separatizm, silah qaçaqmalçılığı, çoxsayda hüquqa zidd əməllər təhlükəsizlik sistemi üçün ciddi narahatlıq doğurur. Bu gün təəssüf doğuran məsələ odur ki, beynəlxalq hüquq tam şəkildə pozulub və güc onları üstələyir. Bakı konfransı təkcə regional sabitlik, sərhəd təhlükəsizliyi, enerji, nəqliyyat dəhlizlərinin qorunması, terrorizmə qarşı mübarizə, kibertəhlükəsizliyə qarşı mübarizə kimi aktual məsələrinin müzakirəsinə şərait yaratmır, həm də gələcəkdə əlaqələndirilmiş şəkildə təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycanın təşəbbüsləri ölkəmizi təkcə enerji və nəqliyyat mərkəzinə deyil, həm də təhlükəsizlik məsələsinin koordinasiya olunduğu strateji bir arenaya çevirib:

“Bu, təbii ki, istər Dövlət Təhlükəsizlik Xidmətinin, xarici kəşfiyyat sisteminin, eyni zamanda, hüquq-mühafizə orqanlarının, digər müvafiq strukturların birgə zəhməti və təbii ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən tədbirlərin təzahürüdür, bariz nümunəsidir. Cənab Prezident konfransla əlaqədar iştirakçılara öz təbrik məktubunu ünvanladı. Azərbaycanın təhlükəsizliyin qlobal gündəliyində aktiv mövqedə olmasını, beynəlxalq əməkdaşlığa açıqlığını göstərdi, sülh, qarşılıqlı etimad və əməkdaşlıq prinsiplərinin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini və xarici siyasət xəttinin əsasını təşkil etdiyini göstərdi. Cənab Prezident öz çıxışında Vaşinqton görüşünü misal gətirərək regionda yeni reallıqlar fonunda Azərbaycanın təşəbbüslərinin dəstəklənməsinin gələcəkdə sabitlik və inkişafa gətirəcəyini bir daha qeyd etdi”.

Deputatın sözlərinə görə, ən mühüm mesajlardan biri də budur ki, Azərbaycan yalnız öz təhlükəsizliyini deyil, həm regional, həm də beynəlxalq təhlükəsizliyi gücləndirmək niyyətindədir: “Məhz bu konfransda aparılan müzakirələr, eyni zamanda, qəbul olunan qərarların da əsas istiqaməti bundan ibarətdir. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması tək bizim region üçün deyil, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır. Bir sözlə, Bakı Təhlükəsizlik Forumunun üçüncü konfransı çox mühüm bir konfransdır və gələcəkdə də davam etdiriləcək. Artıq bununla bağlı cənab Prezidentin mühüm tapşırıqlarına uyğun olaraq həmin konfransın katibliyi və digər icraçı orqanları yaradılıb. Düşünürəm ki, çox yaxın zamanda biz bütün bunların müsbət nəticələrini görəcəyik”.

 





23.09.2025    çap et  çap et