525.Az

“Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var”


 

“Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var”<b style="color:red"></b>

“2015-ci ildə il ilk xarici səfərimi qardaş Türkiyəyə edirəm. Bu, artıq gözəl bir ənənəyə çevrilib. Bu səfər imkan verdi ki, bu il görüləcək işləri bir daha müzakirə edək, birgə fəaliyyət planını təsdiq edək. Birgə bəyanatda əvvəlki dövrdə görülən və gələcəkdə görüləcək işlər əksini tapıb”.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.
 
Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha yüksəklərə çıxaracaq: “Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlətlər yoxdur. Bizim əlaqələrimiz tarixə və qardaşlığa söykənir. Türkiyənin Azərbaycanı “G20” toplantısına dəvət etməsi bizim üçün şərəfdir, ilk növbədə ona görə ki, bu dəvət qardaş Türkiyədən gəlib. Azərbaycana göstərilən bu diqqətə görə əziz qardaşıma minnətdaram. Əminəm ki, dostluq-qardaşlıq əlaqələrimiz bundan sonra da uğurla davam etdiriləcək. Bu gün bir çox məsələ müzakirə edildi, qərarlar verildi, nazirlərin öz aralarında görüşləri keçirildi. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha yaxın edəcək”.
 
Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanın Türkiyədən xeyli silah aldığını söyləyib: “Azərbaycanda birgə hərbi məhsul istehsalı barədə fikir mübadiləsi apardıq. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Birgə təlimlər bundan sonra da mütəmadi keçiriləcək. Biz Türkiyənin böyük uğurlarına çox sevinirik, Türkiyə artıq güc mərkəzidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaq”.

 





15.01.2015    çap et  çap et