(Əvvəli ötən sayımızda)
Yazıçı-dramaturq İmran Qasımov ictimai xadim kimi xarici ölkələrdə səfərlərdə olmuş, təəssüratlarını qələmə almışdı. Bir yazıçı ancaq bu qədər milli ola bilər və həm də yalnız bu qədər bəşəri ola bilər. "Fransız qobeleni" və "İtaliya mozaikası" povestlərinin daxil olduğu "Azərbaycan xalçası" triptixini İ.Qasımovun müəllif monoloqu da adlandırmaq olar. "Üç etüd"ü oxuyandan sonra, insanın zövqü, həyata baxışı, lap elə həyatının özü dəyişir. Gedib həmin yerləri gəzmək, yazıçının gözü ilə görmək istəyirsən. "Fransız qobeleni" yol qeydlərini yazıçı 1969-cu ildə yazmışdı. 1976-cı ildə İ.Qasımov "Seyran" povestini qələmə alır. Yazıçının "Fransız qobeleni"ndəki səfərinin məqsədi olan araşdırmaları fakt olaraq bu povestdə öz əksini tapmışdı. "Ceyran" haradasa "Dairəni genişləndirin" dramının davamıdır. Göründüyü kimi, müəllif öz qəhrəmanlarını başlı-başına buraxmır, həyat yollarını nəzarətdə saxlayır, fürsət düşdükcə yenə onlara "dönür". "Ceyran"ı, onun dumanlı qalan aqibətini unutmayan yazıçı povesti teatr üçün işləyir. İ.Qasımovun əsərlərinin zəncirvari gediş üzrə bir-birinə bağlılığını, bir neçə janrda yaşamağa davam etdiyini yuxarıda misallarla qeyd etmişdim. Deməli, "Fransız qobeleni"...
Povest müasir səyahətnaməyə xas standartla başlayır. Enməyə başlayan təyyarənin salonu, bort bələdçisinin "kəmərləri bağlayın, papiros çəkməyin" xəbərdarlığı, kiçik ilüminatordan görünən böyük və yad şəhər... "Bu mənzərə mənə ağ-qara rənglərlə toxunmuş, məharətlə, zövqlə işlənmiş qobeleni - divar xalçasını xatırlatdı. Qış günlərinin Fransası bu böyük və gözəl qobelen surətində həmişəlik havizəmdə nəqş olunub qaldı". Sonra müəllif prosedur qaydada yol yoldaşlarını təqdim edir, gəlişinin məqsədini onlara, eyni zamanda səfəri maraqla izləyən oxucuya danışır. Məsələ belədir... Moskva yaxınlığında müalicə olunan İ.Qasımov xəstəxana qonşusundan Moskva metropoliteninin tikintisində işləyən azərbaycanlı Ceyran Səfərova haqqında informasiya alır. Söhbətin maraqlı cəhəti ondan ibarət idi ki, bu qadının sonradan könüllü İspaniyaya getdiyi, 1944-cü ildə hitlerçilər tərəfindən edam olunduğu iddia edilir. Müqavimət hərəkatına qoşulan bu qadının "Ceyran" adlı kafesi də var imiş. Göründüyü kimi, illər keçəndən sonra, belə koordinatlarla Ceyranın izinə düşməyin necə çətin olacağı ilk səhifələrdən bilinir. Yazıçı elqızını axtara-axtara oxucusunu da unutmur, dünyanın paytaxtını ona "müxtəlif mövqelərdən" və "müxtəlif işıqda" göstərir. "Bu qobelenin naxışları arasından gənc bir qadının siması zahir olur. Mən aydın surətdə Ceyranı Neverdə, Plan de Orqonda, döşəməsinin altında tüfənglər, tapançalar, mina dolu yeşiklər yığılmış yastı, alçaq evdə görürəm; əlində vərəqələrlə dolu zənbil düz esesçilərin sırasına doğru addımlayan görürəm". Yazıçı 1961-ci ildə "Bizim küçə"də Sara Gözəlovanı da axtarmışdı. Qızlar hər ikisi müharibədə itgin düşsə də, bu axtarış o axtarışdan deyildi. Sara başı min bəla çəkəndən sonra xoş təsadüf nəticəsində anasına qovuşa bilmişdi. Burada isə Ceyranın son mənzilini tapmaq, ipucunun hara gedib çıxdığını öyrənə bilmək özü bir şans idi.

İ.Qasımov Marseldən, Parisdən sonra "isti bir iyun günündə "İtaliya mozaikası"nın ardınca Romaya uçub gəlir. Povest maraqlı və həyəcanlı başlayır. İtaliya "Mixaylo" deyib ona üz tutan yazıçını soyuq qarşılayır. Bu elə zaman idi ki, Romanı etiraz dalğası bürümüşdü. Mehmanxanalara, dəmiryol kassalarına qədər heç yer işləmirdi. SSRİ-dən olan zamanı məhdud nümayəndələr çıxılmaz vəziyyətə düşmüşdülər. Hətta "olmaya, məni yola salanda, hay-küy içində, ardımca su atmağı yaddan çıxarıblar?" - deyə müəllifin ümidsizliyə qapıldığı da olur. Burada yenidən qəhrəmanımızın sevimli obrazı ilə qarşılaşırıq. Mixaylo tək "Uzaq sahillərdə"nin deyil, bütünlükdə İ.Qasımov yaradıcılığının baş qəhrəmanıdır. Müharibənin Mehdini tələbə ikən haqlayıb uzaq Adriatik sahillərinə atdığını, igid həmyerlimizin anında və düzgün qərarlar verə bilmək bacarığını, Mehdinin "atlı", faşistlərin "piyada" olub onu tapa bilməməsini bir daha oxuyuruq. Mixaylonun adı əfsanəyə döndüyü yerlərdə - uzaq sahillərdə o qədər tanınır, əziz tutulur ki, xüsusi isim olmaqdan çıxmış, ona bənzəməyə çalışan "mixayloçular" yetişmişdi. "Uzaq sahillərdə" əsərinin yazılmasından 15 il, müharibənin bitməsindən daha artıq vaxt keçəndən sonra yenidən bu mövzuya və qəhrəmanının döyüşdüyü yerə qayıdan yazıçı üçün vacib idi ki, görsün "şöhrətli partizanın qəbri müasir Avropa peyzajı ilə necə bağlanır, faşizmə müqavimət göstərənlər arasında onun xatirəsi nə dərəcədə yaşayır, ona ehtiram və məhəbbət gənc nəslə necə aşılanır" və sair. Yazıçının səfəri məhsuldar olur. "Küçələr, meydanlar, döngələr - Seyidbəyli ilə bərabər, biz xəyalən, fikrən bu yerlərdə gəzmişik, bunlar hamısı bizim romandakı kimidir, ya təxminən o cürdür: külək əsəndə yapışmaq üçün məhəccər, şəhərin kənarına gedən kiçik tramvay". İ.Qasımov altı min kilometr məsafə qət edib yetişdiyi Mixaylonun türbəsindən vətənində qoyulacaq abidəyə tökmək üçün bir ovuc torpaq götürməklə yanaşı, Bakıya ondan az qiymətli olmayan xəbər də gətirir. Qafqazlı balası M.Hüseynzadənin qəhrəmanlığı haqqında o zamankı mötəbər İtaliya mətbuatı belə yazırdı: "Hadisələrdən nə qədər çox vaxt keçirsə, onlar o qədər aydın və qabarıq görünürlər". Bəli, uzaqdan daha yaxşı görünür. Yazıçının ünsiyyətdə olduğu adamlar Mixaylo haqqında elə xatirələr yada salırlar ki, oxucunun qəlbi fəxrlə dolur, millətimiz və xalqımız adına qürurlanırsan. Şahidlərdən biri danışır: "Hamı məndən soruşur ki, Mixaylo necə adam idi? Bəlkə fövqəlbəşər idi? Yox, yox, bir daha yox! Adi bir adam idi. Cəsur və namuslu". Əsər hadisələrin epik həllindən əlavə, yeni forma axtarışları, maraqlı epizodları, nüansları ilə də diqqəti cəlb edir. Məsələn, İ.Qasımovun Jorj Simenonun evinə təşrifi, onun yaradıcı atmosferinin təsviri və nəhayət, məşhur yazıçının şəxsiyyəti, qonaqpərvərliyi 3 səhifə həcmində, oxucu üçün maraqlı, diqqət çəkən məqamlar qabardılmaqla əks etdirilib. Belə məqamlardan biri də, Simenonun İ.Qasımovu bu qədər maraqlandıran Müqavimət hərəkatının fəal üzvlərindən olması, partizan paraşütçüləri dəfələrlə evində gizlətməsi faktıdır. Beləliklə, İ.Qasımovun professional nasir kimi daha bir məziyyəti, az kəlmə ilə çox "danışmaq" bacarığı, uzunçuluqdan, sözçülükdən uzaq olmaq kimi əsas yazıçı keyfiyyəti üzə çıxır. İ.Qasımov Romada Trevi fontanının yanından dəfələrlə ötüb keçsə də, işin çoxluğundan ora pul atmağa imkan tapmır (Deyilənə görə, bu ənənənin əsasında "Fontana atılmış 3 xırda pul" melodramı dayanır). Dünyanın ən məşhur və ən "varlı" fontanı bu "qəbahəti" ona bağışlamır. Bir onillik ötəndən sonra yazıçı həmin məsələyə qayıdır, dünyanı dolaşsa da, bir daha Romaya - Trevi fontanına dönə bilməməyinin, yolu düşməməsinin səbəbini həmin o inancda axtarır, bu təəssüfünü povestə "son söz əvəzi" kimi əlavə edir. Düşünürəm ki, bu da yazıçının həssas, romantik qəlb sahibi olduğuna bir işarədir. O, hansı mövzuda yazır-yazsın, istər tapdanmış yolla getsin, ya yeni cığır açsın, öz üslubunu, pozisiyasını, əqidəsini gözləyən sənətkardır. Gördüklərinə özünəməxsus münasibət, dəqiq müşahidələr, maraqlı qeydlər, detallara girmə və s. onu bir publisist kimi səciyyələndirir. İ.Qasımovun publisistikası ayrıca tədqiqatın mövzusudur. 1968-ci ildə Kremlin Sütunlu salonunda böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah "Vaqif haqqında söz" demiş, sonra bu çıxışını məqalə və nitqlərinə əlavə edib Moskvada çap etdirmişdi. M.P.Vaqifin 250 illiyi münasibətilə etdiyi məruzəsi bu günümüzdən baxanda böyük əhəmiyyət daşıyır. Burada natiq kiçik Qafqazın yüksək zirvəsində yerləşən Şuşa qalasından, Vaqifin saraya dəvət olunub xanlığın idarə edilmə işlərinin ona tapşırılmasından, şairin ictimai xadim kimi Qarabağın çiçəklənməsi, digər Azərbaycan xanlıqları ilə yaxınlaşmasında gördüyü böyük işlərdən danışır. Qarabağ problem olmadığı kimi görünən zamanda da millətimizin ziyalılarının, fikir sahiblərinin diqqət mərkəzində olmuş, barıt çəlləyi olduğu respublika rəhbərliyinin yadından çıxmamışdı. Ümummilli liderimiz Heydər Əliyevin Şuşada şairə məqbərə yaratmaq təşəbbüsü "bir tərəfdən milli ədəbiyyata sevgisindən irəli gəlirdisə, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini bir daha göstərməklə bağlı idi".
İ.Qasımov kimi insanlar ölümlərindən sonra da xatırlanır və sevilirlər. Dünyamızda çox yaşamasa da, çatdırıb çox iş görə bilmişdi. Onun mövzuları dünyəvi və uzunömürlüdür, əsərlərinin başqa "epoxa"dan - "sovet həyatı"ndan olduğu ancaq müəyyən məqamlardan, təsvir edilən tarixi hadisələrdən, çəkilən adlardan bilinir. Ömür möhləti qısa, əsərlərinin ömrü uzun olan yazıçı bu gün də maraqla oxunur, qoyub getdiyi ədəbi irs dəyərini saxlayır, tədqiqata cəlb edilir. Özünün insan sevgisi, xeyirxah əməllərilə onu tanıyanların ürəklərində məskən salan sevimli yazıçımız İmran Qasımov əsərləri ilə daim oxucularının qəlbində yaşayacaq.
çap et