525.Az

Mənim Məzahir Avşar sərgim


 

Mənim Məzahir Avşar sərgim<b style="color:red"></b>

Azərbaycanın görkəmli sənətkarı Məzahir Avşar mübarək qədəmlərilə 60-ına daxil oldu. O, sənət zirvələrini də, insan qəlblərini də fəth edənlərdəndir. Bu yaşındakı fütuhatı artıq geniş bir mənəviyyat ərazisini tutub. On il əvvəlki yazım da, elə bilirəm, bu əraziyə işıq tutur ki, indiki nəsil onu daha yaxından tanısın...

Əziz Məzahir bəy! Mübarək 50 yaşına qədəm qoyduğun bu gündə yaxından bələd olduğum bütün yaradıcılığın, sənət uğurların və ən başlıcası da böyük şəxsiyyətinin orijinal cizgiləri bircə anın içinə sığışıb ürəyimdə sərgilənir.

Sən indi məsafə baxımından bir az aralıda, türklüyümüzün Mövlanı Rumi ərazisi Konyadasan. Və Səni oradan mənim öz içimdə öz zövqümə uyğun tərtibat verib sahmanladığım sərginin seyrinə dəvət edirəm. Bircə anlıq seyrinə. Bələdçiliyi özüm edəcəm. Bax, feyziyab ol, əzizim.

Başlayaq "Göydən gələnlər" heykəllər silsiləsindən. Bir az kənardan baxanda ulduzlararası uçuşlarda olan kiçik kosmik stansiyaları xatırladır bu balaca heykəllər. Yaxın gəldikcə, göz qızdırdıqca ürək də qızdıra bilirsən onlara və düşünməli olursan ki, yəqin Sənin yaratdığın bu heykəl varlıqlar da bizim kimi canlıların icmasıdır. Onları ilk baxışda yer sakinlərindən fərqləndirən odur ki, zahiri görkəmləri başdan və başın ölçülərilə müqayisədə xeyli kiçik nəzərə çarpan və əslində heç nəzəri cəlb etməyən ayaqlardan ibarətdir. Bədənləri, boyunları yox. Rəbbimizdən enən sözlərdir, buyurur: "Sizin taleyinizə ölümü yazan Bizik. Kəsən olmaz qarşımızı əgər Biz istəsək ki, yerinizə sizin kimi  kimsələri gətirək, bilmədiyiniz şəklə salıb sizi bir daha var eyləyək" (Olacaq surəsi, 60-62). "Bilmədiyiniz şəklə salıb sizi bir daha var eyləyək"  ifadəsinə istinadən belə düşünürlər ki, bu, reinkarnasiya, yəni insanın ölümündən sonra bədəndən ayrılan canın dünyaya təkrar qayıdışına və bədənlənməsinə işarə kimi yozula bilər. Müqəddəs Oxu məntiqinə əsaslanan bir araşdırmam var. Bəzi alimlərin bir fikrinə istinadən gələcəyin adamlarından yazmışdım. Həmin fikrə görə, gələcəkdə insan orqanizmində sırf bioloji dəyişikliklər baş verəcək ki, bu proses təbiətdəki mutasiya qanunlarının təsirilə cərəyan edəcək. Nəticə insanda psixofiziki dəyişiklikdən, bəlli təfəkkür stereotiplərinin dağılmasından və insanın yeni psixotipinin yaranmasından ibarət olacaq. İnsanların bir hissəsində  ekstrasensor qabiliyyətlər üzə çıxacaq və bunlar digər sivilizasiyalarla telepatik və astral ünsiyyətin qurulmasına imkan verəcək. İrəli sürülən fərziyyənin diqqət çəkən tərəfi bu ki,  ekstrasensor qabiliyyətlərin, telepatik və astral ünsiyyətin ən mükəmməl nümunələrinə peyğəmbərlərdə rast gəlinir. O araşdırmamda qiyamət öncəsində planetimizdə yaşayacaq peyğəmbər xislətli insanların həmin "o böyük gün"ün dağıntılarından xilas olmaq üçün yer kürəsini kosmik-ilahi nəqliyyat vasitələrilə tərk edəcəyindən, sonra yeniləşmiş yer kürəsinə ("O gün yer başqa yerlə dəyişdirilir..." - İbrahim surəsi, 48) qayıdacağından, yeni həyatı başlayacaqlarından,  merac mahiyyətli yerdən ayrılma uçuşlarından ("And olsun gecəyə, gecənin öz başına yığışdıqlarına, and olsun bədirlənmiş aya, nimçədən nimçəyə mütləq minəcəksiniz" - Yarılma surəsi, 17-19) yazmışdım. Sənin "göydən gələnlər" silsiləsindən olan heykəllərinin məndən ötrü təfəkkür açan sənətkarlıq yükü ondan  ibarətdir ki, bunlar həmin o peyğəmbər xislətli insanların, "bizim bilmədiyimiz şəklə salınaraq" vücud  bulacaq daha şüurlu varlıqların təsvirinə iddialı olmaq gücündədir. Peyğəmbərlik bitmişsə də, risalə, yəni ilahi göndərişlər, elçilik davam edir. Və düşünürəm, bu elçilik missiyasını daşıyan Tanrı sevimlisi gözəl sənətkarlardan biri də Sənsən, əzizim Məzahir bəy!

lll

İndi də  baxaq Sənin yapdığın əski türk damğalarına, Orxon-Yenisey kitabələrinə həsr etdiyin əsərlərə. Bəşər tarixinin ən dərinliklərinə möhrünü vurmuş bu yaratdıqlarının sənətkarlıq səviyyəsi öz yerində, məni düşündürən olduqca maraqlı bir məqam sənətkar ilhamının ən uzaq gələcəklə ən uzaq keçmiş arasında arasıkəsilməz cövlanıdır. Bu, uğurlu bir əbədiyyət yolçuluğudur ki, Səni bir sənətkar kimi də, şəxsiyyət kimi də öz orbitində saxladığından ötəriliyin və öləriliyin  fövqünə qaldıraraq maraqlı edir. O cizgilər, o naxışlar, o formalar, o fakturalar ruhumuzu bu günün, bu həyatın, bu güzəranın, bu gözümüzlə görülən gerçəkliklərin maddi əsarətindən alaraq cığır-cığır qaytarır o məchul ilkə, ilkinə. Ruhumuz bu yolda tarixin, siyasətlərin, zamanların, din adına qələmə  verilən və əslində ilahidən olmayan adət-ənənələrin əlavələri, qalıntıları, bulanıqları, tullantıları, kifindən arınmaq imkanı qazanır. Ruhların arındıqca böyüməsi var. Və arındıqca böyüyən ruhumuz daş kitabədəki "Ey Türk, özünə dön, sən  özünə döndükcə böyük olursan" hikmətinin dərkinə səfərbər olur. Tanrının sənət elçisi olaraq sənin bələdçiliyinlə baş tutan bu qayıdış səfəri gözəlliyə, böyüklüyə, genişliyə, ənginliyə doğru səfərdir. Bu qayıdış səfəri zaman etibarilə əslində keçmişə deyil də gələcəyədir. Və qəribə səslənsə də deməliyəm ki, bu səfərin mənzili "Əvvəl Mənəm, Axır Mənəm" buyuran Rəbbimizin qatında. Çünki insanın özünə qayıdışı həm də ilahi bir istəklə bağlı bir məsələdir. Bu ilahi istəyin dini-praqmatik anlamda başlıca təyinatlarından biri Tanrınıdərk prosesində insanın özünə, yəni yaradılışı zamanı Rəbbimiz tərəfindən kodlaşdırılmış mahiyyətinə, ilahi dəyərlərlə yoğrulu fitrətinə qayıdışı təmin etməkdən ibarətdir. Özü belə buyurmuş: "Haqq dininə tut üzünü. Tanrı fitrətilə yoğrulu dinə. İnsanları  yaradanda onların fitrətini bu dinlə yoğurmuş O..." (Rumlar surəsi, 30). Özünəqayıdış insana "şah damarından daha yaxın" (Qaf surəsi, 16) Tanrı dərkinə doğru ucalmaq üçün də yol  açır. Bu hikməti minillərin Daş yazısındakı "Ey türk, özünə qayıt, sən özünə qayıdanda böyük olursan" çağırışında da müəyyən mənada  incələmək mümkün. Bu böyük həqiqətin sənətdə ifadəsinə Avşar iddiasını güclü və bəraətli edən əlbəttə ki, ilk növbədə səviyyəli sənətkarlıq işidir. Söhbət o sənətkarlıqdan gedir ki, bu qəbildən böyük həqiqətləri ötəriliyin və öləriliyin malına çevrilməyə can atan  tribunaçılığın, plakatçılığın, reklamçılığın çağdaşı olsa da bunların min il, milyon il yuxarısında dayanır. Bu, "hər gün bir işdə olan Tanrı" (Rəhman surəsi, 29) iradəsilə baş verən bir hadisədir. Rəbbimiz bizləri bəzən sadəlövh, bəzən də riyakar bütpərəstliyin törəməsi olan  primitivlikdən xilas etmək naminə sənət aləminə də Öz  elçilərini göndərir...

lll

Sənin Əvvəl-Axır dairəsi içində sənət yolçuluğunda bizə bələdçilik edən başqa əsərlər də var. Diqqətimi daha çox çəkən "Döyüşçü" silsiləsindəki heykəllərdir. Bədənsiz başlardan ibarət heykəllər. İlk baxışda kəsilmiş başlar təsiri bağışlasa da ölmüş başlar da deyillər. İnsanlaşma prosesinin əbədiliyinə işarə kimi haqq-ədalət mücahidliyi dinamikasının ifadəsi var üzlərində. Peyğəmbər sarsıntıları, əzablarının ifadəsinə bənzər bir şey. Sənin yaradıcılıq dəsti-xəttinə aid uğurlu bir priyomdur. Və söhbət heç də baş təsvirlərinin əlahiddəliyindən getmir. Həmin o insanlaşma prosesinin əbədiliyi dinamikasına aid bir  qədər əzablı ifadəni insanlığın nə zamansa bizlərdən şəklən fərqli bir görkəmdə, "Göydən gələnlər" silsiləsində təsvirinə çalışdığın bir biçimdə vücud bulacaq və planetimizdə yeni  həyatın başlanğıcını qoyacaq o gələcək varlıqların da  sifətlərində görürük. Müqəddəs Yazılardan da  bilirsən ki, Tanrı insanı yaradanda İlahinin qulluğundakı ruhani varlıqlar olan  mələklərdə ani bir etiraz  oyanmışdı, "fəsad törədəcək, qan  tökəcək kimsənimi yaradacaqsan?!" (İnək surəsi, 30)  demişdilər. Bəlkə bu həqiqətin dərkidir və bu həqiqətin Tanrı qatında dəyişilməsinə, iman  eksperimentlərindən insan  ağrılarının silinməsinə edilən cəhddir ki, o ifadə çalarında üzə çıxaraq Sənin də sənət elçiliyinə beləcə naxış vurur.

lll

Ürəyimin Avşar  sərgisində millətimizin 20 Yanvarına həsr edilmiş "Doğuluş" heykəli, "İki doğum  günü" şeirlər kitabıma həsr etdiyin rəsmin də öz yeri  var. Sərgilərində, emalatxananda görüb könül yaddaşıma  həkk etdiyim başqa neçə-neçə əsərlərindən ayrıca danışmıram, bunların hamısı yuxarıda söylədiklərimin kontekstindən kənar nəsnələri sadəcə olaraq ifadə etmir.

lll

Sevinirəm ki, yaratdıqların indi abidələrə çevrilərək Türkiyəmizin bir gözəl guşəsini bəzəməkdədir. Və  50 yaşına Sən beləcə gəlib çatmısan. "Əlli min il sürən bir gündə Allaha doğru yüksələr o pillələrlə mələklərlə Ruh" (Pillələr surəsi, 4) - buyurur Rəbbimiz. Eynşteyndən sonra ateistlər də qanmalı oldular ki, zamanın ölçü vahidi bəlli bir məkanla müəyyənləşir, yəni bizim zaman ölçülərimiz yer üzünə aiddir, göy üzünə aid deyil. Sənin 50 ilin əslində zamansızlığın bir anıdır. Və Səni ad günündə bircə anlığa dəvət  etmişdim bu sərgiyə ki, sənət yoldaşın, ömür sirdaşın Lalə xanım Avşarla mənalı keçən ötən illərinə, gələcəyə şövqlə yön götürən illərinə tamaşa edəsən. Zamansızlığının ikinci anında bu sərgidə görüşənədək!

 





16.01.2015    çap et  çap et