525.Az

Bakıda Amerika dinləmələri


 

ŞURA SƏDRİ AZAY QULİYEV: "...FERGÜSSONDA İNSAN HAQLARI POZULDUĞU HALDA, NƏ ÜÇÜN ABŞ-ın BEYİN MƏRKƏZLƏRİ AZƏRBAYCANI HƏDƏFƏ ALIRLAR?"

Bakıda Amerika dinləmələri <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirildi.

Şura sədri Azay Quliyev qeyd etdi ki, son aylar ABŞ-da dövlət institutları da daxil olmaqla, bir sıra qurumlar Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış edir, ölkələr arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyurlar. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyətində bununla bağlı narahatlıq hökm sürür: "Bu baxımdan, Şuraya daxil olan müraciətlərə əsasən qərara aldıq ki, ABŞ-ın özündə insan haqlarının vəziyyətinə dair dinləmələr keçirək. Tədbirə QHT rəhbərləri ilə bərabər, siyasi partiya liderləri, millət vəkilləri, analitik qurumların rəhbərlərini dəvət etdik. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara da aydınlıq gətirək. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Fergüssonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəfə alırlar?".

Azərbaycanın Birləşmiş Ştatlarla strateji tərəfdaş olduğunu xatırladan A.Quliyev rəsmi Bakının üzərinə düşən bütün öhdəliklərini yerinə yetirdiyini dedi. O bildirdi ki, ABŞ-da Ermənistan QHT nümayəndələrinin 78 nəfəri, Gürcüstanda isə 102 nəfərinin siyasi məhbus elan edilməsinə münasibət bildirilmədiyi halda, Azərbaycanda süni şəkildə şişirdilmiş bu kimi məsələlərə "həssas" yanaşırlar: "Niyə ABŞ-ın keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar? Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Kozlariç, "Freedom House" təşkilatının  sabiq sədri Devid Kramer kimi  diplomatlar Venesiya Konvensiyasını ciddi şəkildə pozaraq Azərbaycana qarşı çağırışlar edir. Onlar Azərbaycanın dünya siyasi arenasında artan nüfuzuna ləkə gətirmək üçün əllərindən gələni edirlər".

Azərbaycan heç bir bloka qoşulmadığını, müstəqil siyasət yürütdüyünü xatırladan Şura sədri bu bəzi dövlətlərdə qısqanclıqla qarşılanaraq anti-Azərbaycan siyasətinin yürüdülməsinə gətirib çıxardı. Onun sözlərinə görə, insan haqlarının pozulmasından gileylənən Amerika Birləşmiş Ştatlarının daxilində yaşanan vəziyyətlər heç də ürəkaçan deyil: "Fergüsson şəhərində bir qaradərili gəncin polis tərəfindən öldürülməsi nəticəsində günlərlə davam edən etirazların bunu sübut etməyə kifayət edir. Xüsusilə, Dağlıq Qarabağ məsələsində BMT-nın Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə 4 qətnaməsinin olduğu halda, ABŞ-ın separatçı rejimə maliyyə yardımı ayırması, səfərlər təşkil etməsi insan haqları adına hörmətsizlikdir.

A.Quliyev bəyan etdi ki, buna baxmayaraq Azərbaycan ABŞ-la dostluq münasibətlərinin pozulmamasına çalışır, ancaq qarşı tərəfdən də səmimi münasibət gözləyir.

"ABŞ-da etnik, irqi və dini  zəmində ayrı-seçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi" mövzusunda çıxış edən millət vəkili Zahid Oruc hesab edir ki, ABŞ-da milli, dini, etnik zəmində problemlər hələ də qalmaqdadır. O, qeyd etdi ki, 1968-ci ildə səsvermə hüququ əldə etməsinə baxmayaraq ABŞ-da əhalinin 13 faizini təşkil edən qaradərililərin sosial durumu, təhsil səviyyəsi ağ irqə nisbətən çox aşağı vəziyyətdədir: "Ümumiyyətlə, hələ də Amerikada hesab edirlər ki, qaradərililər Darvin nəzəriyyəsinin məhsullarıdır və həmin insanlar irqi əmsalına görə həmişə aşağı olublar. Amerika senatorlar, konqresmenlər, həmçinin federal ştatların rəhbərliyində təmsilçilik say hesabı ilə yenədə ağdərililərin xeyrinə olaraq qalmaqdadır. Çoxları fikirləşə bilərlər ki, Obamanın prezident seçilməsilə Martin Lüter Kinqin arzuları yerinə yetdi. Lakin qaradərilinin rəhbər seçilməsi etnik zəmində baş verən ayrıseçkilik və qarşıdurmaların qarşısını ala bilmədi".

Bu gün Amerikada tüğyan edən islamofobiya dalğasının fəsadları haqda danışan Z. Oruc qeyd etdi ki, ABŞ-da yaşayan 7 milyona qədər müsəlman hələ də 11 sentyabr hadisəsinin zərbəsi altında yaşayır: "Müsəlmanlar ciddi şəkildə müəyyən məsələlərdə günahlandırılırlar. Yəni, terrorizm və ekstremizmlə eyniləşdirilirlər. ABŞ-ın özünün elə bir resepti yoxdur ki, bu gün insan haqları problemini dünya çapında həll edə bilsin. Əgər dünyada insan haqlarının ölkələr üzrə indeksinə dair hesablamalar aparılarsa, biz buna yalnız sevinə bilərik. Lakin Amerika dairələrində insan haqları məsələsini başqa dövlətlərə qarşı təzyiq aləti kimi istifadə edilməsinə cəhd edirlər".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu, lakin bu ölkənin bir sıra QHT və insan hüquqları mərkəzinin Azərbaycanı özlərinə əsas hədəf seçdiyini söyləyib. Onun sözlərinə görə, təəssüflər olsun ki, bu gün bir çox insan hüquqlarını müdafiə edən təşkilatlar birmənalı olaraq müəyyən çevrələrin diktəsi ilə Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli mövqe nümayiş etdirirlər.

ABŞ-da federal idarəçilik və lobbiçilik fəaliyyəti barədə danışan politoloq Elman Nəsirov ABŞ prezidentinin özünü tamamilə korrupsiya siyasətinə uyğun apardığını vurğuladı: "ABŞ-da korrupsiya bir çox hallarda leqal korrupsiyadır. Qanunla tənzimlənir. 2012-ci ildə səfir vəzifəsinə getmək üçün Barak Obamanın seçki kampaniyasına 700 mln dollara yaxın maliyyə yardımı göstərmək lazım gəldi. Faktlara görə, səfirlik postuna ən prestijli yer kimi Fransa və Monako göstərilir.  Burada səfir kimi fəaliyyət göstərmək üçün 6 milyon dollar ödənildi. Daha sonrakı yerdə isə Luksemburq qərarlaşıb. Bu ölkəyə təyin olunmaq üçün isə 3 milyon dollar tələb olunub. ABŞ siyasi kursunu həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı oldu. Lobbiçilik bunun üçün əlverişli institut hesab edilir".

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında xatırladıb ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada yeganə fövqəlgücə çevrilib: "Bundan sonra ölkədə başgicəllənməsi baş vermişdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular".

F. Məmmədov son əlli il ərzində 45 ölkədə hərbi çevrilişin baş verdiyini dedi. O, əlavə etdi ki, əksər hallarda bu çevriliş ABŞ-ın əli və iştirakı ilə baş verib: "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxiləsi nəticəsində formalaşıb".

F. Məmmədovun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşma sərgiləyib, Dağlıq Qarabağ separatçılarına yardımlar göndərib, ATƏT-in Minsk Qrupuna təcrübəsiz diplomatları həmsədr təyin edib, 907-ci düzəlişi ləğv etməyib.

Millət vəkili Musa Qasımlı qeyd etdi ki, ikili standart siyasəti ABŞ-ın Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür. O deyib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviya və Liviyanı bombardman edib: "Soruşmaq lazımdır ki, terroru himayə edən Ermənistana rəğbətin səbəbi nədir?".

Millət vəkili Qüdrət Həsənquliyev isə ABŞ-ın Azərbaycana münasibətinin konkret səbəbləri olduğunu vurğulayıb: “Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi İstanbula dəvət etdi, dövlət başçısı İstanbula getməyəndən sonra ABŞ-ın siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Keçmiş diplomat Riçard Kozlariç də son məqaləsində bunu əslində açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində əsas fikri cümlənin ikinci hissəsində ifadə olunur".

Q. Həsənquliyev ABŞ-ın iradəsinə uyğun siyasət yürütməyən Suriya, İraq və Liviyanın başına gələnləri də xatırlatdı: "Biz çalışmalıyıq ki, Azərbaycanı bu günə salmasınlar. Azərbaycan hökuməti ABŞ-la açıq konfrontasiyaya getməməlidir".

Belə bir tədbirin keçirilməsini olduqca əhəmiyyətli hesab edən "Sosial rifah" partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı fikrini bu tədbirdə Azərbaycanın siyasi elitasının aparıcı nümayəndələrinin iştirak etməsi ilə əsaslandırdı. O bildirdi ki, Azərbaycanın öz yolu, müstəqil siyasət xətti var: "Dövlətimiz terrora və ekstremizmə həmişə qarşı olub. Azərbaycan terrora məruz qalan, onun fəsadlarını hələ də yaşayan bir ölkədir. Ermənistan 20 il bundan əvvəl növbəti dəfə terrora əl ataraq Dağlıq Qarabağı işğal etdi. Bizim onlara qarşı mübarizəmiz torpaqlar işğaldan azad edilənə kimi davam edəcək".

ABŞ-ın daxili və xarici siyasətində dəyişiklik edilməsinin zəruri olduğunu deyən "Ana Vətən" partiyasının sədri, millət vəkili Fəzail Ağamalı hesab edir ki, anti-Azərbaycan siyasəti aparan dövlətlərə qarşı qətiyyətli olmağın vaxtı çatıb: "Azərbaycana qarşı istifadə edilən təzyiq alətləri böhtan xarakterlidir. Bu müstəqil siyasət yürüdən dövlətin daxili və xarici işinə mane olmaq cəhdləridir".

Qeyd edək ki, tədbirdə millət vəkilləri - Asim Mollazadə, Fərəc Quliyev, Məlahət Həsənova, Rafael Hüseynov və digərləri çıxış ediblər.

Ceyhun ABASOV

 





16.01.2015    çap et  çap et