525.Az

"Dövlət başçısı sosial məsələlərə xüsusi həssaslıqla yanaşır"


 

"Dövlət başçısı sosial məsələlərə xüsusi həssaslıqla yanaşır"<b style="color:red"></b>

"Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq Tarif Şurasının növbədənkənar iclasında  ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsinə dair şuranın 12 yanvar tarixli qərarının ləğv edilməsini çox yüksək qiymətləndirirəm". Bu barədə sözügedən qərarla bağlı çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib. Onun sözlərinə görə, benzin və dizelin qiymətinin qalxmasından sonra cəmiyyətdə ajiotaj yaranmışdı: "Bu ajiotajdan bəziləri sui-istifadə etməyə çalışırdı. Hətta bu ajiotajı bir qədər də dərinləşdirməyə çalışırdılar. Amma ölkə başçısı belə məsələlərə o qədər həssasdır ki, həmən tapşırıq verərək bu ajiotaja son verdi". M.İbrahimqızı vurğulayıb ki, bu qərar prezidentin xalqın sosial məsələlərinə olan yanaşmasının göstəricisidir.

Millət vəkili Zahid Oruc isə deyib ki, 12 yanvar tarixli qərarı ləğv etmək ölkə başçısının müstəsna hüququdur: "Bu, dövlət rəhbərinin  səlahiyyətində olan məsələdir. Təbii ki, prezident də bu hüququndan milli mənafe naminə istifadə etdi". Deputatın sözlərinə görə, burada məsələ heç də yanacağın qiymətinin hansı miqdarda qaldırılmasından və buna ölkə rəhbərinin reaksiya verməsindən getmir: "Təbii ki, bu rəqəm fərqli də ola bilərdi. İlk növbədə hər bir tədbir hökumətin hansısa strukturunun məsələyə yanaşması və xüsusilə də qiymətləri dövlət tərəfindən tənzimlənən sahələr üzrə atılan addımlar iqtisadi cəhətdən ciddi əsaslandırılmış olmalıdır. Bu məsələ ilə bağlı qeyd olunurdu ki, Milli Məclisdə qəbul olunmuş vergi qanunvericiliyinə görə, artıq yol vergisinin yığımı texniki baxışdan keçən maşınların mühərrikinin həcminə görə deyil, onun istifadə etdiyi yanacağın üzərində qurulacaqdır. Həqiqətən də bir çox ölkələrdə bu praktikadan istifadə edilir. Burada o arqumentlərin də yeri var ki, 5-7-9 və s. illər üzrə bölünmüş bu texniki baxışlardan keçməyənlər həmin verginin ödəyicisi olmaqdan özlərini kənar saxlayırlar. Sonradan isə onları buna cəlb etmək xeyli çətinləşir".

Z.Oruc deyib ki, 95 markalı yanacağın qiyməti ilə bağlı çox unikal bir izah verildi: "Söylənildi ki, əslində onun qiyməti 2 qəpik endirilib, lakin məlum qiymət Tarif  Şurasının qərarına görə yenidən o 2 qəpik qaldırılıb. Avtomatik olaraq dövlət başçısı bugünkü qərarından sonra belə çıxır ki, 95 markalı yanacağın qiyməti 2 qəpik endirilmiş olmalıdır. Çünki əslində onlar bunu bəyan ediblər". Millət vəkili qeyd edib ki, hökumət strukturları bütün bu tədbirlərin həyata keçirilməsi zamanı əlbəttə ki, qətililik, gözlənilməzlik amillərini nəzərə almalı olurlar: "Əgər onlar bəyan etsələr ki, 3 gün sonra yanacağın qiyməti qaldırılacaqdır, onda avtomatik olaraq hansı nəticələrin ortaya çıxmasını göz önünə gətirmək o qədər də çətin deyil. Təbii ki, burada gözlənilməzlik effekti baş verə bilər. Düşünürəm ki, yanacağın qiymətinin dəyişdirilməsi digər zəncirvari reaksiyalara səbəb ola biləcəkdi. Ümumiyyətlə, bu iqtisadiyyatda özünün mənfi effektini doğura bilərdi".

Xatırladaq ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvarda Tarif  Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib. Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minib.

PƏRVANƏ

 





16.01.2015    çap et  çap et