525.Az

"Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirməlidir"


 

Müsahibimiz millət vəkili Fuad Muradovdur

"Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirməlidir"<b style="color:red"></b>

-Prezident  İlham Əliyev tərəfindən yürüdülən siyasət ölkəmizin sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı  Azərbaycanı beynəlxalq iqtisadi sistemə inteqrasiya edib. Bu gün Azərbaycan dünyada hörmətlə yanaşılan bir dövlətdir.

Uğurlu inkişaf modeli Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevirib.

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulmasıdır. Bu münasibətlərin əsası ölkəmizin 1996-cı ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və Avropa Qonşuluq Siyasətinə qoşulması ilə qoyulub. Qeyd edim ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün geniş dialoq məkanı mövcuddur. Şərq Tərəfdaşlığı platforması, AVRONEST və digər təsisatlar çərçivəsində mütəmadi görüşlər keçirilir, tərəflər arasında hüquqi, siyasi, iqtisadi, ticari, sosial, regional əməkdaşlıq imkanları, Avropa İttifaqının müxtəlif yardım proqramları müzakirə edilir.

Ötən il bu baxımdan  "Cənub qaz dəhlizi"nin təməlinin qoyulması ilə əlmətdar oldu. Bu layihə Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümü oldu. "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verəcək. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan bu istiqamət üzrə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına hər zaman hazırdır.

Bu layihənin həyata keçirilməsi Avropanın ölkəmizin enerji resurslarına çıxışını təmin edəcək. Qeyd edim ki, aparılan bu işlər qardaş Türkiyə ilə birgə görüləcək.

Fəxrlə vurğulamaq lazımdır ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər dünya miqyasında da diqqətlə izlənilməkdə, geniş tədqiqat predmetinə çevrilib. Böyük müvəffəqiyyətlə həyata keçirilən "ASAN" xidmətinin işi Avropa ölkələrində böyük maraq doğurub.

Ölkəmizin inkişaf prosesinin  innovativ xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir olunur. Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər təqdir olunur. Dünya İqtisadi Forumunun yeni hesabatında Azərbaycanla bağlı mövqe bunu təsdiqləyən növbəti addım oldu. Azərbaycan dünyada sülhün təmin olunmasının ardıcıl tərəfdarı kimi çıxış edir. Bizim beynəlxaq müstəvidə apardığımız siyasətin əsas hədəfi Azərbaycanın malik olduğu tolerantlıq və multikulturalizm ənənələrinin etnik  və dini dözümsüzlük  girdabına düşən bugünkü gərgin dünyada bir xilas yolu olmasını nümayiş etdirməkdir.

- Ancaq çox təəssüflər olsun ki,  Ermənistan-Azərbaycan münaqişəsi hələ də həlli olunmamış qalır...

- Bilirsiniz, Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman Prezident İlham Əliyevin apardığı siyasətin əsas prioritetlərindən olub.  Elə yenicə yola saldığımız 2014-cü ildə də  Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə aparılan sülh danışıqları bu baxımdan aktual olub. Dövlət başçısı son çıxışında bu danışıqlarla bağlı vəziyyəti, o cümlədən, ATƏT-in Minsk qrupunun səmərəsiz vasitəçiliyini tənqid edib. Aydın görünür ki, Ermənistan sülh əldə olunmasını istəmir. Rəsmi Yerevan danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir. Odur ki, Azərbaycanın haqlı olaraq səsləndirdiyi "status-kvo" dəyişdirilməsi barədə çağırışlarını qəbul etmir. Çox təəssüf ki, beynəlxaq vasitəçilərin də bu məsələdə ikili yanaşması problemin sülh yolu ilə həllinə əngəl yaradan  amilə çevrilib. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Fikrimcə, Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir imkanları böyükdür.  Bütün bunlara baxmayaraq, ölkəmiz münaqişənin sülh yolu ilə həll edilməsinə ümidini itirməyib. Regionda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

- Yeri gəlmişkən, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti nədən ibarətdir?

- Ötən il Azərbaycan gəncləri üçün uğurlu olub. Hazırda ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir. Yəni gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, iştirakçı və bu işləri həyata keçirəndir.  Xüsusi olaraq vurğulamaq istərdim ki, gənclər sektorunun  intibahının təməli Ümummilli liderimiz Heydər Əliyevin zamanında başlanıb. Prezident İlham Əliyevin gənclər siyasəti bu müstəvidə böyük dəyişikliklərin əsasını qoyub. Dövlət başçısının imzaladığı  "Gənclər siyasəti" haqqında Dövlət Proqramı, "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" unikal imkanlar yaradıb. Elə bu proqramın verdiyi imkanlar ötən ilin mənzərəsində də öz izini qoyub. 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib.  Gənclər Fondu ən kreativ və iddialı layihələri maliyyələşdirməklə gənclərə öz imkanlarını nümayiş etdirmək fürsəti verir. Uğurlu gənclər siyasətində  Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyevanın xidmətlərini xüsusi vurğulamaq istərdim. Leyla xanım Rusiyada yaşayan azərbaycanlı gəncləri bir təşkilatda birləşdirməklə onların həm inteqrasiya prosesində, həm təhsilində və Azərbaycanı təbliğ etməsində mühüm işlər görür.

Bu gün gənclər dövlət siyasətinin tərkib hissəsidir. Yəni biz gənclərin inkişafını dövlətin inkişafından kənarda görmürük. İnformasiya texnologiyaları bugünkü gəncliyə özünü ifadə etmək sahəsində əlavə imkanlar açıb. Bu gün ölkədə 200-dən çox gənclər təşkilatı var. Ölkədə gənclər mühüm bir platforma kimi formalaşa biliblər. Modern gənclik formulunun yaranması gənclərin birləşdiyi ictimai təşkilatların cəmiyyətə ötürdüyü mesajlarından da çox asılıdır. Bizim gənclik azad düşünür, demokratik sistemdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Üstəlik, dövlətdən də ən yüksək səviyyədə dəstək alır. Ən parlaq ideyalar, cəlbedici proqramlar kənarda qalmır. Ən mühüm olanı budur. Gənclər təhsilə xüsusi ilə fikir verməlidir. Bu gün zaman gənclərin öz üzərində işləmələri, novator olmağı və kreativ olmalarını tələb edir. Azərbaycanın belə gənclərə ehtiyacı var. Bu gün gənclərin imkanı var ki, istənilən istiqamət üzrə peşə seçsinlər. Əgər kimsə xaricdə oxumaq istəyirsə,bunun üçün Dövlət Proqramının verdiyi imkanlarından istifadə edə bilər.

Bugünkü qloballaşma dünyasında yeni nəsil üçün demək olar ki, sərhəd yoxdur. Ona görə, fikrimcə, biz daha çox dəyərlərimizi qoruyub saxlamalıyıq. Azərbaycanın çox qədim tarixi, yaxşı ailə ənənələri var. Bunların qorunub saxlanması ölkəmiz üçün çox vacibdir. Ölkədə gənclərlə bağlı aparılan işlər dövlət siyasətinin prioritetlərindəndir. Fikrimcə, gəncləri birləşdirəcək ümumi dəyərlərin dəstəklənməsi zəruridir. Bura Azərbaycanın ərazi bütövlüyü, ölkənin dövlətçilik ənənəsinin qorunub saxlanması, müstəqiliyin müdafiəsi daxildir.

K. HƏMİDOV

 





16.01.2015    çap et  çap et