525.Az

Qəşəm Nəcəfzadə Gənc Ədiblər Məktəbinin qonağı olub - Fotolar


 

Qəşəm Nəcəfzadə Gənc Ədiblər Məktəbinin qonağı olub - <b style="color:red">Fotolar</b>

Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib. Bu dəfəki toplantının qonağı Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı seksiyasının rəhbəri, şair Qəşəm Nəcəfzadə olub.

Tədbiri açan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Q. Nəcəfzadə ilə tanışlığından, şairin yaradıcılıq uğurlarından söz açıb:

"Qəşəm Nəcəfzadəni çoxdan tanıyıram. Hələ uzun illər əvvəl "525-ci qəzet"də şeirləri çap olunurdu.

Sonradan onunla Yazıçılar Birliyində bir yerdə işləməyə başladıq. Qəşəm müəllim eyni zamanda "Azərbaycan" jurnalının Poeziya şöbəsinin müdiridir. Bilirsiniz ki, bu jurnal çox sanballı ədəbi-mətbu orqandır. Bu səviyyənin  qorunmasında Qəşəm Nəcəfzadənin də rolu danılmazdır. Qəşəm müəllim həm də Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı seksiyasının rəhbəridir. Müasir uşaq ədəbiyyatının durumu, problemləri ilə bağlı məsələlərin qaydaya salınmasında birbaşa iştirak edir. Qeyd edim ki, yaxın günlərdə Yazıçılar Birliyi Ədəbiyyat İnstitutu ilə müştərək şəkildə uşaq ədəbiyyatının problemləri ilə bağlı layihəyə start verəcək. Son zamanlar Təhsil Nazirliyi də bu məsələyə xüsusi diqqət göstərməyə başlayıb. Bütün bunlarla yanaşı Qəşəm müəllim öz üslubu ilə seçilən gözəl şairdir. Bu yaxınlarda ayb.az saytı ilə "Naşir" jurnalının birgə təşkil etdiyi "Ən gözəl şeir" müsabiqəsinin qaliblərindən biri olub".

Gənc Ədiblər Məktəbinin koordinatoru, şair Emin Piri Qəşəm Nəcəfzadənin poeziyası ilə bağlı düşüncələrini bölüşüb:

"Qəşəm Nəcəfzadə haqqında saatlarla danışmaq olar. Amma mən onun şeirlərindəki bir maraqlı məqama toxunmaq istəyirəm. Çoxları dilimizin zəngin olmamasından, söz bazasının zəifliyindən şikayətlənir. Eyni zamanda yeni söz yaradıcılığına, dialekt və ləhcələrdən istifadəyə, köhnəlmiş sözlərin dirilməsi cəhdlərinə barmaqarası baxırlar. Bunları ədəbi dil normalarının pozulması, yaxud geniş oxucu kütləsinin anlamaması ilə əsaslandırmağa çalışırlar. Fikrimcə, dili zənginləşdirmək üçün dialektləri, sıradan çıxmış sözləri yenidən canlandırmaq, lüğət tərkibinə yeni sözlər gətirmək lazımdır. Bu mənada Qəşəm müəllimin ədəbiyyata, ümumən, dilimizə xidməti danılmazdır. Əksər şeirlərində dialektlərdən, şivələrdən yararlanır. Bu şeirlərdə mənə tanış olmayan xeyli sözlə rastlaşmışam. Qəşəm Nəcəfzadənin şeirlərinə şirinlik gətirən bir məqam da sözlərin bəzən orfoepik qaydada yazılmasıdır".

Qəşəm Nəcəfzadə çıxışında poeziyanın bir çox problemlərinə toxunub, ədəbiyyatın təsir gücündən söhbət açıb:

"Azərbaycan ictimai fikrində, son dövr Azərbaycan ədəbiyyatında sözünü demiş, həmişə gənclərə dəstək olan, onları düzgün istiqamətə yönəldən insanlardan bəlkə də birincisi Rəşad Məciddir. Rəhbəri olduğu mətbu orqan-"525-ci qəzet" həmişə ədəbiyyatın tribunası rolunu oynayıb. Bu siyahıya Gənc Ədiblər Məktəbini də əlavə etmək lazımdır. Bu məktəb ədəbiyyatımıza xeyli istedadlı imza qazandırıb. Sizin əksəriyyətinizlə şəxsən, yaxud virtual olaraq tanışıq. Bir çoxlarınızla ədəbi polemikalarımız olub. Amma üzbəüz görüşdə  ədəbiyyat özünü daha çox büruzə verir. Çünki ədəbiyyatın özünü göstərmə gücü həm də insanın səsindədir. Markes deyir ki, kim həyatı necə təqdim edirsə, ədəbiyyat odur".

Q. Nəcəfzadə gənc ədiblərə yazmaq, bədii ədəbi nümunələr yaratmaqla bağlı tövsiyələrini çatdırıb:

"Bir nöqtəyə diqqətlə baxanda həmin nöqtə bizim nəzərimizdən yayınır, onu yaxşı görə bilmirik. Amma gözümüzü qıyıb baxanda həmin nöqtəni tam aydınlığı ilə müşahidə edə bilirik. Ədəbiyyat da bu baxımdan əşyalara, insanlara, həyata gözucu, saymazyana baxmaqdır. Əgər siz bütün diqqətinizi toplayıb, özünüzü otağa həbs edib, bütün diqqətinizi yazmağa versəniz, heç nə alınmayacaq. Saymazyana olan hər şey güclü olur.

Ədəbiyyatda əsas məsələ müşahidə qabiliyyəti, hər şeyə, hətta özünə belə kənardan baxa bilmək, hadisələrə əks mövqedən yanaşma bacarığıdır. Məsələn, mən sevəndə heç vaxt sevgidən yazmamışam, çünki hadisəyə kənardan yanaşa bilməyəcəyimi anlamışam".

Q. Nəcəfzadə istənilən sahədə, o cümlədən, ədəbiyyatda bütə qarşı olmağın vacibliyini diqqətə çatdırıb:

"Hamıya tənqidi yanaşmaq, zəif cəhətləri ortaya qoymaq, ondan daha yaxşı yazmağa çalışmaq lazımdır.

Gözəl şairimiz Ramiz Rövşən müasir Azərbaycan şeirinin nəhənglərindəndir. Onun təsir dairəsinə düşməmək, şeirlərinin surətini çıxarmamaq üçün biz Ramiz Rövşəni "öldürməliyik", ona qarşı alternativ qoymalıyıq".

Qonaq şairin ruhunda barışmazlıq, qarşı qoymaq, dəyişdirmək əzminin vacibliyini önə çəkib:

"Şairin ikinci adı mübahisədir. Şairin gücü qəliblərə qarşı çıxmasında, yenilikləri qəbul etdirə bilməsindədir.

Kim deyir ki, şairi hamı sevməlidir, onun bütün şeirləri hamı tərəfindən qəbul edilməlidir? Şair bütün yaradıcılığı boyu ədəbiyyatın sərhədlərini zorlamalı, daim yeniliyə can atmalıdır.

Mən şeirlərimdə eksperimentlərə geniş yer ayırıram. Hazırda daha çox sərbəst vəzndə yazsam da, heca vəznini çox sevirəm. Amma mənim heca vəzni anlayışım bir qədər fərqlidi. Düşünürəm ki, qafiyə niyə mütləq şəkildə misranın sonunda gəlməlidi? Qafiyəni misranın əvvəlində də, ortasında da, hətta hərflərdə belə vermək mümkündür. Bu gün şeirlərimi qəbul etməyənlər kifayət qədər çoxdur, hətta dəfələrlə auditoriyada şeirlərimə gülüblər. Amma haqqımda danışırlarsa, şeirlərimi müzakirə edirlərsə, deməli, mən maraqlıyam, oxucuların diqqətini cəlb edə bilmişəm.

Mənim aləmimdə ən yaxşı şeir odur ki, şair oxucu üçün yer saxlasın, mətnin içərisində oxucuya, oxucunun düşüncəsinə meydan versin. Yazdıqlarımın əsas qayəsi Azərbaycan şeirinin qanunlarını pozmaqdır. Çünki şair ədəbiyyat nəzəriyyəsinin yox, ədəbiyyat nəzəriyyəsi şairin ardınca getməlidir. Müasir şeirimizin əsas çatışmazlığından biri də folklora, şifahi xalq ədəbiyyatına diqqət yetirilməməsidir.

Hesab edirəm ki, şeirlərimizdə folklora, xalq yaradıcılığına mütləq qayıtmaq lazımdır. Başqa çatışmayan cəhət kimi əşyaların, hadisələrin üzdən təsvirini göstərmək olar. Şeirdə hadisə var, yaxud əşya var, amma onun təfərrüatları yoxdur. Təkcə siluet görünür. Şeir o zaman uğurlu olar ki, onun obyektinin bütün çalarları, xırdalıqları orada öz əksini tapsın".

Daha sonra şair ona verilən sualları cavablandırıb, yeni şeirlərini  oxuyub və gənc ədiblərin şeirlərini dinləyib.

 





16.01.2015    çap et  çap et