Azərbaycanla İtaliya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir. İki ölkəni dərin tarixi əlaqələr birləşdirir. Belə ki, hələ orta əsrlərdə bu əlaqələr mövcud olub, Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə, 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan ediliblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra İtaliya ilə münasibətlərdə yeni bir səhifə açılmış oldu.
İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb. İtaliyanın Cənubi Qafqazda ilk olaraq səfirliyini 1997-ci ildə Azərbaycanda açması da bu dövlətin ölkəmizlə əməkdaşlığa verdiyi dəyərin göstəricisidir. Azərbaycanın Romada səfirliyi 2003-cü ildən fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş naziri, Senat sədri, Deputatlar Palatasının sədri ilə görüşüb. Bu ölkənin rəhbər şəxsləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Ümumiyyətlə, İtaliya Qarabağ münaqişəsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkəyib. 44 günlük Vətən müharibəsində də İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirib. İtaliya Zəfər münasibətilə ölkəmizi təbrik edən dövlətlər sırasındadır, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesində fəal iştirak edir.
Ölkələrarası münasibətlərin inkişafında qarşılıqlı səfərlər xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin 24-26 fevral 2005-ci ildə İtaliyaya rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verib. İtaliyanın dövlət rəhbərliyi ilə keçirilən görüşlər zamanı tərəflər arasında münasibətlərin sıx inkişafı imkanları, ticarət, iqtisadiyyat sahələrində birgə fəaliyyət məsələləri müzakirə edilib. Səfər zamanı gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanıb.
İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Həmin səfər zamanı Roma şəhərində Azərbaycan Prezidenti və İtaliya Nazirlər Şurasının Sədri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” iki ölkə arasında ən yüksək səviyyəli siyasi sənəd olmaqla növbəti illər ərzində münasibətlərin dərinləşdirilməsi üçün yol xəritəsini müəyyənləşdirib. Bu sənəddə həm siyasi dialoq, həm də ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair çox sayda məsələlər öz əksini tapıb.
Dövlət başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərdi. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirildi, həmçinin dövlət başçısının Çernobbio şəhərindəki beynəlxalq forumda iştirakı və çıxışı əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda, Prezident İlham Əliyev ötən il də İtaliyada işgüzar səfərdə olub. Səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər keçirilib, imzalanmış sənədlərin mübadiləsi olub.
İtaliya Prezidenti Sercio Mattarellanın 30 sentyabr-1 oktyabr tarixində Azərbaycana rəsmi səfəri münasibətlərin inkişafında daha yeni bir səhifə açacaq. Bu səfər iki ölkənin münasibətlərinin, strateji tərəfdaşlığının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev iki ölkənin siyasi əlaqələrinin ən yüksək səviyyədə olduğunu deyib: “Biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik”.
Azərbaycan 2020-ci ildən TAP vasitəsilə İtaliyaya qaz ixrac edir. Dövlət başçısının vurğuladığı kimi, bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir.
Eyni zamanda, Bakı Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə də işləyir. Prezident bildirib ki, elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
İtaliya həm də Azərbaycanı Avropa İttifaqı ilə əməkdaşlıqda dəstəkləyir.
Prezident Sercio Mattarella Bakıda bir daha bəyan etdi ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib: “Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ilə bağlı İtaliya öz tərəfindən addımlar atacaqdır. Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm”.
İtaliya ilə münasibətlər təkcə siyasi, iqtisadi deyil, mədəni, humanitar sahələri də əhatə edir. 2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir.
Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi, eləcə də İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir. Prezident Sercio Mattarellanın səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı da bu istiqamətdə əlaqələrin yüksək səviyyəsini göstərir.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, İtaliya Azərbaycanın vacib tərəfdaşlarından hesab olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 11 milyard 390 milyon dollar olub: “Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb: 18 milyard 122 milyon dollar. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının və eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlı idi.
2024-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24.0 faizi İtaliyanın payına düşüb. Azərbaycan, xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. İkinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir.
Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin daha da inkişafı baxımından və strateji əməkdaşlığın gücləndirilməsi aspektindən kifayət qədər əhəmiyyətlidir. İtaliya investisiyasının Azərbaycanın qeyri-neft sektoruna və eləcə də işğaldan azad olunan ərazilərimizə cəlb edilməsi də prioritet olaraq qalmaqdadır. O baxımdan rəsmi səfərlər iki ölkə arasındakı əməkdaşlığı daha möhkəmləndirir”.
çap et