525.Az

Hava limanında yeni qaydalar


 

BU, TAKSİ XİDMƏTLƏRİ ÜZRƏ RƏQABƏT MƏCƏLLƏSİNİN POZULMASIDIR

Hava limanında yeni qaydalar<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb. Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur. Tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. Ombudsman tərəfindən vətəndaşların konstitusion hüquqlarının təmini, tariflərin şəffaf və ədalətli mexanizm əsasında formalaşdırılması, bütün lisenziyalı taksi xidmətləri üçün bərabər imkanların yaradılması, rəqabət mühitinin qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq: "Təbii ki, bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları hamıya bəllidir və həmin qurumlara da xüsusi vurğulanacaq. Bu məsələ ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması səlahiyyətində olan qurumlar həmin hesabatla tanış olacaqlar və artıq sənəd onlara da göndərilib".

Dünyanın əksər ölkələrində bu qayda ləğv olunub

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, əvvəllər xarici ölkələrdə də, eyni zamanda bizdə də hava limanı, dəmiryolu və ya dəniz vağzallarında taksilər daha baha xidmət göstərirdi. Ancaq son 10-15 ildə dünyanın əksər ölkələrində bu qayda ləğv olunub. İndi taksi taksidir, sadəcə komfort, biznes, ekonom kimi siniflərə bölünür və hər bir sinif daxilində vahid qiymət tətbiq olunur. Əsl rəqabət mühiti, sərbəst iqtisadi fəaliyyət və sağlam bazar münasibətləri də bunu tələb edir: "Fikrimcə, hansısa bazar iştirakçısı bununla özünə daha əlverişli mövqe yaratmağa çalışır. Bu isə Rəqabət Məcəlləsinin tələblərinin pozulmasıdır. Bu məsələ ilə bağlı ciddi araşdırma aparılmalıdır".

Taksi xidməti göstərənlərin və müştərilərin hüquqları qorunmalıdır

Ərşad Hüseynov bu məsələdə Ombudsmanın mövqeyini haqlı sayır: "Ombudsman ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumdur. Taksi xidməti göstərən və onlardan istifadə edənlərin hüquqları qorunmalıdır. Ombudsmanın mövqeyi bazar subyektlərinə təsir edə bilər. Həmçinin ictimai rəyin ifadə üsullarından biridir. İnanıram ki, Ombudsmanın bu rəyi, apardığı monitorinqin nəticələri müvafiq qurumlar tərəfindən nəzərə alınacaq".

Ekspertin sözlərinə görə, bu gün Bakı hava limanından uçan reyslərin böyük faizi Azərbaycan vətəndaşlarını daşıyır. Gələnlərin də 80 faizdən çoxu öz vətəndaşlarımızdır. Bu yeni qiymətlər vətəndaşlarımızı narazı salır.

Son günlərdə qiymət xeyli yüksəlib

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, əvvəllər hava limanından şəhərin müxtəlif istiqamətlərinə gediş qiymətləri ucuz və sərfəli idi. Hava limanından Bakıya 15-20 manat arası bir qiymətə gəlmək mümkün olurdu. Lakin son günlərdə qiymətlər xeyli yüksəlib. Taksi istifadəçilərindən 50 manata yaxın və bəzən daha artıq məbləğlər tələb olunur. Maraqlıdır bu qiymətlər hansı prinsiplə müəyyən olunur? Axı xarici və ya daxili aqreqator şirkətlər tarif təyin etmirlər. Bəs bu qiymətlər necə təyin edilib? Hər halda vəziyyət ciddi təəssüf doğurur. Hesab edirəm ki, müvafiq qurumlar tərəfindən lazımi araşdırmalar aparılmalıdır. Müəyyən olunmalıdır ki, qiymətlər süni şəkildəmi artırılıb, bunu hansı şirkətlər həyata keçirir və s. Aparılan araşdırmanın nəticələrinə uyğun da müvafiq tədbirlər görülməlidir".

Burada insan hüquqlarının pozulması faktı var

İqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, nə AYNA-nın, nə də Heydər Əliyev adına Beynəlxalq Hava Limanının rəhbərliyinin belə bir qərar vermək səlahiyyəti yoxdur. Bu Konstitusiyada bərabər rəqabət hüquqlarının pozulması faktıdır. Hava limanının ərazisinə daxil olmaq ödənişli olsa da, daxil olduqdan sonra hərəkət iştirakçılarının seçim imkanları məhdudlaşdırıla bilməz. Yəni istər Azərbaycan vətəndaşları, istərsə də xarici vətəndaşlar ölkə ərazisinə qanuni yollarla daxil olduqdan sonra hərəkət sərbəstliyini əldə etməlidirlər. Bu zaman onlara taksi və ya ictimai nəqliyyat ilə hərəkət etmək üçün bərabər imkanlar yaradılmalıdır. Buna imkan verilməməsi taksi xidmətləri üzrə rəqabət məcəlləsinin pozulması deməkdir: "Azərbaycan Respublikası ərazisində müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq formalaşan taksi şirkətləri var. Bu taksi şirkətləri Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərirlər. Onların Azərbaycanın istənilən hava məkanlarında, dəmiryolu vağzallarında, ictimai xidmət sahələrində fəaliyyət məhdudiyyəti tətbiq edilə bilməz. Bu qanunun kobud şəkildə pozulması və inhisarçılıq faktıdır. Həmçinin rəqabət məcəlləsinin pozulmasıdır. Güman edirəm ki, bu məsələ tezliklə öz həllinin tapacaq. Burada insan hüquqlarının pozulması faktı var və Ombudsman Aparatının da açıqladığı ilkin məlumatlarda bu məqama xüsusi diqqət yetirilir. Bu baxımdan hesab edirəm ki, yaxın günlərdə bu qərarın redaktəsi gedəcək. Hətta ola bilsin ki, narazılıqlara səbəb olan bu qərar ləğv edilsin".

Gediş qiymətləri rəqabət şəraitində formalaşır

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, AYNA Konstitusiyanı və Rəqabət Məcəlləsinin şərtlərini pozur: "Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır. Bu, qanunla belədir. Deməli, AYNA-nın müvafiq qurumu qiymət cədvəli çıxardır, taksilərdən onların müəyyən etdiyi qiymətlərlə xidmət göstərməyi tələb edir. Sonra da deyir ki, qiyməti tələb-təklif formalaşdırır. Belə ağ yalan insanın əlini üzündə qoyur".

Natiq Cəfərlinin sözlərinə görə, AYNA-nın digər qurumu "AzParking" MMC şəhərdə parklanmaya görə toplanan vəsaitlə bağlı da açıqlama vermir: "Bu günə qədər bir ayda, il ərzində nə qədər vəsait yığıldığını, toplanan vəsaitin hara xərcləndiyini açıqlamır. Bu, kommersiya sirri deyil, dövlət sirri heç deyil. Vəsait vətəndaşdan toplanır. Bunun hesabatı verilməlidir. Vəsaitin hara xərcləndiyini bilmək vətəndaşın haqqıdır".

Sevinc QARAYEVA

 





02.10.2025    çap et  çap et