525.Az

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub


 

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabının təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində hazırlanmış “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” adlı kitabın təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova kitabla bağlı geniş məlumat verib. O bildirib ki, bu gün aktual olan Qərbi Azərbaycana qayıdış konsepsiyasına dəstək məqsədilə hazırlanmış kitabda XVII əsrdə yaşamış Dərdli Nəsibdən üzübəri günümüzədək ustad aşıqların poetik yaradıcılığından seçmələr toplanıb. Qeyd olunub ki, bu kitab Qərbi Azərbaycan aşıq mühitlərini araşdıran tədqiqatçılarla yanaşı, ali təhsil ocaqlarının müvafiq fakültələrinin tələbələri üçün də qiymətli vəsaitdir. 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı öz çıxışında “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin yarandığı gündən aşıq sənətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb, təqdim olunan kitabı bu istiqamətdə növbəti uğurlu addım kimi dəyərləndirib. 

Akademik Muxtar İmanov, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, ADMİU-nun Aşıq sənəti kafedrasınnı dosenti, ustad aşıq Altay Məmmədli və digər çıxışçılar tədqim olunan kitabı “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin növbəti uğurlu layihəsi kimi dəyərləndiriblər. 

Sonda “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu çıxış edərək kitabın hazırlanmasında əməyi keçənlərə və təqdimat tədbirinin təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.  

Tədbir ustad aşıqlar Cahangir Quliyev, Faxfur Ağbabalı və Altay Məmmədlinin çıxışları ilə yekunlaşıb.

“Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir” kitabı tədbir iştirakçılarına hədiyyə olunub. 

Qeyd edək ki, layihənin rəhbəri Musa Nəbioğlu, kitabın elmi redaktoru professor Mahirə Hüseynova, elmi məsləhətçi professor Məhərrəm Qasımlı, rəyçi ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir.

 





02.10.2025    çap et  çap et