525.Az

Problemli kreditlərin həcmi niyə artır


 

GƏLİR AŞAĞI, FAİZ YÜKSƏK

Problemli kreditlərin həcmi niyə artır<b style="color:red"></b>

Artıq bir neçə ildir ki, ölkədə problemli kreditlərin həcmində artım müşahidə olunur. Hətta hər ay ödənilməyən kreditlərin həcmi artır. Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 530,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2 faiz, son 1 ildə isə 12,2 faiz artıb. Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 faiz təşkil edib. Bu nisbət iyulun sonuna da 1,7 faiz, ötən il dekabrın sonuna 1,5 faiz, ötən il avqustun sonuna isə 1,7 faiz olub.

Nominal gəlirlər azaldıqca problemli kreditlərin həcmi artır

Bank-maliyyə eksperti Əkrəm Həsənov deyir ki, işsizlik, gəlirlərin aşağı düşməsi bu səbəbdən də problemli kreditlərin həcmini artır: "Verilən kreditlərin faizləri də çox yüksəkdir. Bu səbəbdən də insanlar onu ödəməkdə çətinlik çəkirlər. Ölkədə  nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit artır. İnsanların gəlirləri azaldığı üçün borclarını ödəyə bilmirlər. Get-gedə problemli kreditlərin həcmi daha da artacaq. Hazırda iqtisadi vəziyyətin yaxşılaşması üçün şərtlər yoxdur. Bu səbəbdən də götürdüyü krediti qaytarmaq imkanları olmayanların sayı artacaq. Bugünkü qiymət artımı gəlirlərə uyğun deyil. Gəlirlər az, qiymətlər isə yüksəkdir. Qiymət artdıqda insanlar maaşını daha çox xərcləyir. Kredit ödəməyə pul qalmır. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Yəni insanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Bunun qarşısını almağın bir neçə yolu var. Birincisi kredit şərtlərinin ağırlaşdırılmasıdır. Şərtlər ağırlaşdırılsa, kredit götürənlərin sayı azalacaq. Ancaq bu da iqtisadi aktivliyin aşağı düşməsinə səbəb olacaq. Ondansa insanların iqtisadi vəziyyətinin yüksəldilməsi daha məqsədə uyğundur. Qazancları, gəlirləri artdıqca insanlar da vaxtlı-vaxtında borclarını ödəyə biləcəklər".

Kredit siyasəti indiki kimi davam etsə, vəziyyət ağırlaşacaq

Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bank istehlak kreditlərinin məhdudlaşdırılması ilə bağlı qərar verib. Qərar əsasən, artıq vətəndaş aylıq gəlirinin 5 mislindən artıq istehlak krediti götürə bilməz. Məsələn, şəxs 1000 manat maaş alırsa, ona 5 mindən artıq istehlak krediti verilə bilməz. Hesab edirəm ki, belə qərarlar vəziyyətdən çıxış yolu deyil. Hazırda ölkə iqtisadiyyatında məişət texnikası, mebel və bu tipli istehlak kreditlərinə yönəlik satışın həcmi də məhz kreditə bağlıdır. Bu qərar iqtisadi aktivliyi azaldır, ticarət şəbəkələrinin dövriyyəsini aşağı salır. Bu, doğru siyasət deyil. Bu məhdudlaşdırıcı tədbirlər müəyyən qədər effekt verə bilər, amma problemi həll etməz. Əsas problem vətəndaşın gəliri ilə bağlıdır. Bu istiqamətdə işlər görülməlidir. Vətəndaşların gəlirləri artdıqca kredit borclarını zamanında ödəyər, borclu qalmaz. Vəziyyəti düzəndən sonra isə ümumiyyətlə, kredit götürməz. Hesab edirəm ki, ölkədə əhalinin gəlirlərinin artırılması üçün hökumət daha çox iş görməlidir. Çünki problemli kreditlərin həcmində istehlak kreditləri üstünlük təşkil edir. Bu da sadə vətəndaşların borclarını ödəyə bilməməsi ilə bağlıdır".

Ödənməyən kreditlər, üst-üstə yığılan borclar

Ekspert vurğulayıb ki, kreditlərin və pul öhdəliklərinin gecikdirilməsi zamanı əsasən cərimə faizləri nəzərdə tutulur. İstehlak kreditlərində cərimə faizinin yuxarı həddi qanunla 5 faizlə məhdudlaşdırılıb. Yəni maliyyə qurumu borcalana bundan artıq cərimə tətbiq edə bilməz:

Öhdəliklər vaxtında yerinə yetirilməyəndə...

"Biznes kreditləri və digər qeyri-istehlak kreditlərində vəziyyət fərqlidir. Əgər müqavilədə xüsusi cərimə faizi göstərilməyibsə, bu halda Mərkəzi Bankın uçot dərəcəsinə əlavə 2 faiz müəyyən edilir. Hazırda uçot dərəcəsi 7 faizdir, buna 2 faiz əlavə olunmaqla cərimə 9 faizə qədər ola bilər. Lakin ümumi qayda olaraq cərimə 5 faizdən az olmamalıdır. Əgər gələcəkdə uçot dərəcəsi azalsa belə, minimum 5 faiz cərimə qüvvədə qalır. Sadə borc müqavilələrində də oxşar qaydalar tətbiq olunur. Əgər müqavilədə faiz göstərilməyibsə, maksimum 5 faiz cərimə nəzərdə tutula bilər. Amma biznes kreditlərində və sadə borc müqavilələrində tərəflər daha yüksək faiz üzərində razılaşa bilirlər. Bu halda müqavilədə göstərilən faiz əsas götürülür. Qeyd edim ki, burada cərimə faizinin yuxarı həddi 5 faiz olaraq qalmaqla, bu faiz hesablamaları yalnız 180 gün müddətində tətbiq edilə bilər. Yəni vətəndaş ödənişini gecikdirirsə, maksimum 180 gün əlavə 5 faiz ödəyir. 181-ci gündən sonra artıq yeni cərimə hesablanmır. Amma borcalan bilməlidir ki, əsas kredit faizi ilə yanaşı, bu cərimə də borcu artırır. Nəticə etibarilə, bu cərimə faizləri əsas kredit faizlərinə əlavə olunur. Ona görə də borcalanlar bilməlidir ki, öhdəliklərini vaxtında yerinə yetirmədikdə həm kredit faizləri, həm də cərimə faizləri hesabına borcları daha da artır".

Sevinc QARAYEVA

 





06.10.2025    çap et  çap et