525.Az

Partiyalar Seçki Məcəlləsinə hansı dəyişiklikləri təklif edirlər?


 

Partiyalar Seçki Məcəlləsinə hansı dəyişiklikləri təklif edirlər? <b style="color:red"></b>

2015-ci ilin noyabr ayında Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək.

Siyasi partiyalar Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı təklifləri barədə Modern.az saytına danışıblar. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu seçki qanunvericiliyində çox ciddi  qüsurların olduğunu düşünür. O, partiyanın bu istiqamətdə görəcəyi tədbirlərindən və təkliflərindən danışıb:

“Hazırda təşkil olunan seçkilərin təbliğat müddətinin məhdudlaşdırılmasında, depozitlə qeydiyyata alınma məsələsində ciddi problemlər var. Ötən dəfə prezident seçkilərində bir dəqiqə 3 min manat idi. Bu da o deməkdir ki, 15-20 dəqiqə üçün 30-40 min manat  pul ödəməlisən.

Bu, qeyri-real qiymətdir. Belə məsələlərin düzgün tənzimlənməsi , əslində, demokratiyanın genişlənməsinə xidmət edir. Həmçinin parlamentdə deputatların sayının artırılması, o cümlədən, təbliğat müddətinin uzadılması, təbliğata sərf olunan xərclərin azaldılması, bunlar hamısı seçkilərin obyektivliyinə və demokratikliyinə bilavasitə təsir edən faktorlardır. Digər bir məsələ isə seçkinin nəticələri ilə bağlı şikayətlərə baxılmasıdır, bu sahədə də çox böyük qüsurlar var”. 

Sərdar Cəlaloğlunun sözlərinə görə, partiya olaraq onlar proporsional seçki sisteminin bərpa olunmasını istəyirlər: “Bizim siyasi ünsiyyətdə olduğumuz tərəflərin hamısında proporsional seçki sistemi var. Bu baxımdan Azərbaycanda Konstitusiyaya dəyişiklik etmək, proporsional seçki sistemini mütləq bərpa etmək lazımdır. Bu, əvvəla, sinxron siyasi həyat yaşamaq üçün, sonra isə Azərbaycanın özündə çoxpartiyalı siyasi sistemin inkişaf etdirilməsi üçün vacibdir”.

Azərbaycan Xalq Cəbhəsi  Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, onlar seçkilərin həm proporsional, həm də majoritar sistem üzrə keçirilməsinin tərəfdarıdırlar. O, seçki qanunvericiliyi ilə bağlı edəcəkləri təklifləri də sadalayıb: “Əsas məqsədlərimizdən biri də müşavirəçi və məşvərətçilərin seçki  komissiyalarında iştirak imkanlarının genişləndirilməsidir. AXCP-də bununla bağlı müzakirələr olacaq və parlament seçkilərinə qədər seçki koapaniyasında bu təkliflər irəli sürüləcək”. 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib ki, Seçki Məcəlləsinə dəyişiklərlə bağlı partiyanın ciddi təklifləri olmayacaq: “Hazırda kifayət qədər təkmilləşdirilmiş Seçki Məcəlləsi var. Bu məcəllə ilə Azərbaycanda demokratik, şəffaf, ədalətli seçki keçirmək mümkündür. Əgər Konstitusiyada parlament seçkilərinin proporsional və majoritar sistem üzrə keçirilməsi ilə bağlı hansısa dəyişikliklər nəzərdə tutularsa, ona uyğun olaraq hərəkət edəcəyik. Lakin bu məsələ hazırda mətbuatda gündəmə gətirilir. Bundan kənara çıxılmır. Ümumiyyətlə, seçki qanunvericiliyinə hər hansı əlavə təklifimiz gözlənilmir”.

  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı ciddi təklifləri olmayacağını bildirib. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan  Əlizadə qeyd edir ki, partiyanın başlıca məqsədi  və təklifi seçki sisteminin dəyişdirilməsidir: “2002-ci il referendumundan bəri majoritar seçki sistemi fəaliyyət göstərir. Biz proporsional, yaxud qarışıq sistemlə seçkilərin keçirilməsi təklifi ilə çıxış edəcəyik”.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyasının 2015-ci il fəaliyyət proqramında əsas məqsədlərdən birinin Seçki Məcəlləsinə edəcəkləri təkliflər olduğunu deyib: “Məclisin son iclasında  parlament seçkilərində partiyanın hansı məsələlərlə çıxışı ilə bağlı qərar qəbul etdik. Qərara görə, fevral ayına qədər Müsavat Partiyası Seçki Məcəlləsindəki bəzi neqativ müddəaların dəyişdirilməsi və seçkilərin şəffaflığına əsas verən müddəaların qəbul edilməsi ilə bağlı təkliflər paketini hazırlayacaq. Bu planın fevralın sonuna qədər hazır olacağı gözlənilir”. 

Onun sözlərinə görə, əsasən seçki komissiyalarının praktik əsaslarla formalaşdırılması, həmçinin təbliğat və təşviqat dövrünün azaldılması ilə bağlı neqativ düzəlişlərin geri qaytarılmasını tələb edəcəklər: “Ən azından çalışacağıq ki, seçkilər 2003-cü il formatına qaytarılsın. Seçki kampaniyasının 4 ay, təbliğat kampaniyası dövrünün 2 aya qədər uzadılmasını tələb edəcəyik”. Elman Fəttah partiyanın prioritet istiqamətinin proporsional seçki sisteminin yaradılması yönündə atılacaq addımlaa olduğunu qeyd edib:

“Bununla bağlı da təkliflər planı hazırlanıb, ictimaiyyətə açıqlanacaq. Biz partiya olaraq əminik ki, Müsavat Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. Azərbaycan Cümhuriyyəti də parlamentli respublikadır. İndi də  parlamentli respublikaya qayıtmaq lazımdır”. 

 





17.01.2015    çap et  çap et