525.Az

Fərqli iki Avropa yürüşü: Fransa və Almaniya


 

MİLLƏT VƏKİLİ FAZİL MUSTAFA: “YANLIŞ SİYASƏTDİR VƏ NƏTİCƏLƏRİ MÜSƏLMANLAR QƏDƏR QƏRB DÜNYASI ÜÇÜN DƏ FAYDALI OLMAYACAQ”

Fərqli iki Avropa yürüşü: <b style="color:red">Fransa və Almaniya</b>

Avropada son terror hadisəsindən öncə İslam əleyhinə ən böyük kampaniyanın Almaniyada baş tutduğu haqda məlumatlar var idi.

Bunun ardınca Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına olan silahlı hücum islamafobiya dalğasını getdikcə möhkəmləndirməyə başladı. Terroru İslamla əlaqələndirməyə çalışan qüvvələr bununla törətdiyi saysız hesabsız cinayətləri müsəlmanların üzərinə yıxmaq, onların mövqeyini zəiflətmək, eləcə də Qərb ölkələrinə miqrasiya axınının qarşısını almaq istəyir.

Əlbəttə ki, bu məsələdə din və irq amili xüsusi rol oynayır. Çünki bəzi Avropa dairələri hələ də insanları milli və dini mənsubiyyətinə görə fərqləndirməyə, onlara qarşı hüquq bərabərliyini pozmağa davam edirlər.

Təsadüfi deyil ki, əsrlər boyu qul kimi istifadə olunan, heç bir hüquqa malik olmayan qaradərililərin Avropa və ABŞ-da azadlıq mübarizələrinə dəstək verən, onlara müəyyən nailiyyətlər qazandıran ölkə rəhbərlərinin sonrakı mərhələlərdə belə 10-larla şəxsi qulu qalmaqda idi.

“ABŞ-da insan hüquqlarının vəziyyəti” mövzusunda Bakıda baş tutan dinləmələrdə millət vəkili Zahid Orucun da qeyd etdiyi kimi, Birləşmiş Ştatların prezidenti olmuş Tomas Ceffersonun hazırladığı konstitusiyada dinindən və irqindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabər tutulub. Lakin azadlıq və demokratiya bəyannaməsi kimi tarixə düşən bu əlahiddə sənədin müəllifi T.Cefersonun həmin vaxt 200-ə yaxın qulu var idi. Hazırda da bu cür ədalətsiz, ziddiyyətli yanaşmaları həm Avropa cəmiyyətində, həm də Amerikada insanların milli mənsubiyyətinə görə mühakimə edilməsi kimi əsassız ittihamlarda görmək olar.

Yanvarın 7-si Fransada həyata keçirilən terror aktı zamanı da hədəf kimi seçilən jurnal redaksiyasının vaxtilə İslam peyğəmbərinin karikaturalarını dərc etməsi məsələsinin önə çıxarılması hadisədə müsəlmanların günahkar kimi bilinməsi məqsədi daşıyırdı. Yəni, birbaşa olaraq terror hücumunu müsəlmanların intiqam məqsədilə törətdiyini sübut etməyə çalışıblar. Dünyanın dövlət və hökumət rəhbərlərinin iştirakı ilə baş tutan Paris yürüşündə də sıravi insanlarda İslama nifrət, qorxu hissinin gücləndiyi müşahidə edilirdi. Aksiyada terrorun İslamla heç bir əlaqəsi olmadığını deyən Fransa prezidenti Ollandın da Türkiyə Baş naziri Əhməd Davudoğlu ilə soyuq görüşməsi diqqətdən kənarda qalmayıb.

Daha sonra isə məlum olub ki, terrorçulardan birinin hadisə yerini tərk edərkən öldürdüyü polis məmuru onlara mane olmağa çalışan Ahmad Merabat və yanvarın 9-u Parisdə marketə olan hücum zamanı insanları terrorçulardan gizlədən Lassana Bathil adlı müsəlmanlardır. Bu əsas iki amil Avropada anti-İslam toxumları səpməyə çalışan qüvvələrə yaxşı bir dərs olub. İkinci Avropa yürüşü isə Almaniyada baş tutub. Öncəkindən fərqli olaraq Almaniyanın dövlət və hökumət rəhbərlərinin qatıldığı bu yürüşdə müsəlmanlara dəstək kampaniyası aparılıb. “Biz hamımız almanıq” deyən Kansler Angela Merkel vətəndaşlarını dini və irqi ayrıseçkiliyə yol verməməyə, mehriban, dost, qardaş münasibətilə yaşamağa dəvət edib. Etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs dünyaya yaşamaq üçün gəlib. Əgər bu hüquq ona verilibsə,  onun azadlığını heç kəs əlindən almağa çalışmamalıdır. Bu baxımdan Almaniyada baş tutan yürüş bütün dünya ölkələri üçün sülhə və barışığa mesaj rolunu oynayıb.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, Fransa rəsmilərinin və cəmiyyətinin bir çox kəsimlərinin baş verən məlum terror aktına görə Məhəmməd Peyğəmbərin karikaturasını milyonlarla tirajla nəşr edilməsini dəstəkləməsi ciddi bir yanlış kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, bu hadisədə terrora qarşı olan müsəlmanları da kütləvi şəkildə incitmək, heysiyyatına toxunmaq niyyəti Fransa cəmiyyətinin özü üçün yaxşı nəticələr doğurmayacaq:

“Terrora və terrorçuların hərəkətinə mənfi münasibət bəsləyən hər bir müsəlman, bu küstah hərəkətə görə demokratiyadan dəm vuran adamların bu addımına daha böyük nifrətlə yanaşacaq. Terrorçunu tut, güllələ, as. Bunun Məhəmməd Peyğəmbərə nə aidiyyatı ki, bu cür təhqirə əl atırlar. Yanlış siyasətdir və nəticələri müsəlmanlar qədər, Qərb dünyası üçün də faydalı olmayacaq”.

Politoloq Qabil Hüseynli qeyd edib ki, Almaniyada İslama dəstək xarakterli yürüşün təşkil olunması, həmin mitinqdə dövlətin rəhbər şəxslərinin iştirak etməsi həm sevindirici, həm də təəccüb doğuran haldır. Onun sözlərinə görə, ümumiyyətlə, Almaniyada rəhbər qüvvələr dini dəyərlərə hörmət etməyən şəxslərin Məhəmməd Peyğəmbərin karikaturalarını yaymasına görə ola biləcək fəsadlardan dolayı narahatlıq  keçirirlər: “Xristian dünyasının dəstəyi ilə keçirilən bu mitinqdə müsəlmanlarla yanaşı, başqa dini mənsubiyyət daşıyan insanlar da yaxından iştirak edib. Belə bir aksiyanın keçirilməsini müsbət qiymətləndirsəm də, orada 3 milyondan çox insanın iştirak etdiyinə inanmaq bir az çətindir. Hər halda məlum olduğu kimi Almaniyada İslama dəstək kampaniyası baş tutub”.

Politoloq hesab edir ki, Parisdə terror aktından sonra keçirilən anti-İslam xarakterli yürüşün cavabı kimi Almaniya mitinqini qeyd etmək olar. O, bildirib ki, söhbət Avropa ölkələrində islamofobiyanın yaradılmasından və qarşısının alınması cəhdlərindən gedir:

“Biz də terroru pisləyirik, lakin müxtəlif dinlərin müqəddəslərinin təhqir olunmasının da əleyhinə çıxırıq. Bizim üçün Məhəmməd Peyğəmbər müqəddəs bir şəxsdir. Dünyanın ən məşhur, nüfuzlu 1000 nəfər şəxsiyyəti içərisində İslam peyğəmbəri həmişə ilk yerləri tutub. Belə bir müqəddəsin karikaturasını çəkib onu gözdən salmağa çalışmaq yalnız başı pozuq insanların işi ola bilər. İslamın tarixini, Məhəmməd Peyğəmbərin xidmətlərini bilməyən ləyaqətsiz insanlar belə bir işə əl uzada bilərlər. Bu səbəbdən həmin aksiyada müsəlmanlar haqlı olaraq bildiriblər ki, onlar heç vaxt xristian, yəhudi peyğəmbərinin əleyhinə bir kəlmə belə işlətməyiblər. Əksinə olaraq müsəlmanlar digər dinlərin peyğəmbərlərinin adlarını öz övladlarına qoyurlar. Bu bizim həmin peyğəmbərlərə etibarımızın və hörmətimizin göstəricisidir. Əksinə olaraq, avropalıların isə həm Musa, həm İsa, həm də Məhəmməd Peyğəmbəri ələ salmaqla məşğuldurlar”.

Q.Hüseynli deyib ki, son terror hadisəsindən istifadə edərək Avropada İslam əleyhinə kampaniya aparan “Milli Cəbhə”nin lideri Marin Lö-Pen kimi şəxslər tərəfdarlarını daha da artırırlar: “Almaniyada isə neonatistlər fəallaşıb. Əvvəllər ətraflarına yetəri qədər insan toplaya bilməsələr də, hal-hazırda onların çevrəsində 10 minlərlə insan toplaşıb. Bütün bunlar onu göstərir ki, siyasi elitanın da dəstək verdiyi İslamofobiya dağlası Avropada böyük hərəkata çevrilib. Onların məqsədləri müsəlmanların Avropa ölkələrinə miqrasiya axınının qarşısını almaq, vətəndaşlıq əldə etmiş İslam etiqadı daşıyan insanları isə bir bəhanə ilə ölkədən  çıxarmağa nail olmaqdır”.

Politoloq qeyd edib ki, anti-İslam kampaniyası öz demokratik dəyərlərilə öyünən ölkələrə başucalığı gətirməyəcək. O, bildirib ki, Almaniyada baş tutan mitinqdə müsəmanların olduqca emosianal çıxışlarının şahidi olub: “Bu mitinq həm də onu göstərir ki, İslamla ehtiyatsız davranmaq istəyən ölkələrin özləri üçün ciddi problemlər yarana bilər. Ona görə də, İslamı terrorla bərabərləşdirmək istəyən qüvvələr bu niyyətindən əl çəkməlidir. Məhəmməd Peyğəmbərin adı ilə bağlı olan İslam qardaşlıq və sülh dinidir.

Azərbaycan müsəlman dövləti olsa da, müxtəlif dinlərin nümayəndələrinə sərbəst yaşama və toplaşma hüququ verir. Onlara tolerant və insani münasibət göstərilir, ölkədə multikulturalizm dəyərləri formalaşdırılır.

Bu baxımdan, xüsusilə Qərbdə İslam dünyasına qarşı aparılan gizli və hiyləgər kampaniyalar hiddət doğurmaya bilməz”.

Ceyhun ABASOV

 





17.01.2015    çap et  çap et