İşğaldan azad edilən rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarında ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb. Meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində ümumilikdə 286 hektar meşə fondu sahəsində əkin və səpin işləri icra olunub.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, 2025-ci ilin payız əkin mövsümündə 240 hektar meşə fondu sahəsində əkin və səpin işlərinin aparılması nəzərdə tutulur. Bununla bağlı, hazırda ərazilərdə torpaq hazırlığı işləri davam etdirilir.
Onun sözlərinə görə, Laçın və Qubadlı yasaqlıqlarının bazasında təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq. "Böyük Qayıdış" proqramına uyğun olaraq 2027-2030-cu illər üçün dövlət proqramına əsasən tədbirlər planı hazırlanır. Azad olunan ərazilərdə əsas məsələlərdən biri təhlükəsiz bərk tullantıların idarə edilməsi ilə bağlı fəaliyyətdir. Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə salınması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb. Bu məsələ Prezidentin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb. Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun dediyinə görə, Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir".
Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yas?ıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin "yas?ıl enerji" zonasına c?evrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata kec?irilir.
İşğaldan azad edilən ərazilərdə ekoloji baxımdan mütərəqqi həllərin tətbiqi, enerji istehlakında qənaət imkanlarının genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların sınaqdan keçirilməsi, həmçinin monitorinq və uçot mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.
Millət vəkili Fatma Yıldırım deyib ki, 30 ildən artıq davam edən münaqişə nəticəsində Azərbaycanın Qarabağ bölgəsi həm sosial-iqtisadi, həm də ekoloji baxımdan ciddi zərər görüb. Xüsusilə, meşə örtüyünün azalması, torpaq eroziyası, biomüxtəlifliyin pozulması və su ehtiyatlarının tükənməsi regionun ekoloji balansını pozub. Hazırda bu ərazilərdə meşələrin bərpası təkcə ətraf mühitin deyil, həm də iqtisadi inkişafın və sosial sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir: "Münaqişə dövründə Qarabağdakı təbii sərvətlər, o cümlədən meşələr nəzarətsiz şəkildə istismar edilmiş, yanğınlar, kəsimlər və bəzən də mina təhlükəsi nəticəsində geniş meşə sahələri məhv olub. Əldə olunan rəsmi məlumatlara və peyk təsvirlərinə əsasən, bəzi bölgələrdə meşə örtüyü 30-50 faiz azalaraq torpağın eroziyaya məruz qalmasına səbəb olmuşdur".
İşğalaqədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 43 min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Postmüharibə dövründə onların yenidən bərpası nəzərdə tutulub. Erməni işğalçıları 30 il ərzində Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxunu kəsərək məhv ediblər. Həmçinin Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarının kəsildiyi qeydə alınıb. Artıq bundan sonra həmin ərazilərdə davamlı tədbirlərin görülməsi zərurəti yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və onun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir: "On milli parkla kifayətlənmirik. Ölkə ərazisində yeni milli parkların yaradılması ilə bağlı tədqiqatlar aparılır. Nəinki milli parklar, həmçinin digər kateqoriyalı təbiət ərazilərinin yaradılması ilə bağlı işlərimiz var. Zaqatala qoruğunun nəzdində Zaqatala Biosfer Rezervatının yaradılması, həmçinin palçıq vulkanları kimi unikal təbiət komplekslərinin mühafizəsi məqsədilə məhz Bakı və Abşeron yarımadasında Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması yaxın gələcəkdə həyata keçirəcəyimiz layihələrdən biridir. Eyni zamanda, mühafizə olunan ərazilərdən kənar ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin mühafizəsi məqsədilə ötən ildən etibarən Bakı və Bakıətrafı ərazilərdə 10 mikrorezervat yaradılıb. Burada məhz "Qırmızı kitab"a düşmüş və sayı kritik həddə azalmaqda olan bitki növləri qorunur".
Sevinc QARAYEVA
çap et