525.Az

Pakistanda silahlı qarşıdurma - 11 əsgər həlak olub


 

Pakistanda silahlı qarşıdurma - <b style="color:red"> 11 əsgər həlak olub</b>

Pakistanın şimal-qərbində Hayber Paxtunxva əyalətinin Orakzai rayonunda kəşfiyyat məlumatları əsasında əməliyyat keçirilib.

525.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

Əməliyyat zamanı Hindistan tərəfindən dəstəkləndiyi iddia edilən Pakistan Talibanının (TTP) üzvləri ilə qarşıdurma zamanı 11 əsgər həlak olub. Onlardan ikisi yüksək rütbəli zabitlərdir.

Qarşıdurma zamanı Pakistan silahlı qüvvələri tərəfindən 19 yaraqlı isə zərərsizləşdirilib.

Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib.

Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücum edir.

Qeyd edək ki, İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia edir, Əfqanıstan hökuməti isə bu iddianı rədd edir.

İsgəndər Həsənov

 





08.10.2025    çap et  çap et