525.Az

Oxucusuna yaşıl ümidlər vəd edən əsər


 

Natiq Məmmədlinin “Körpüdə ümid” romanı haqqında düşüncələr

Oxucusuna yaşıl ümidlər vəd edən əsər <b style="color:red"></b>

Tanımırdım onu. “Kaspi”yə Rəfibəylilərlə bağlı bir məqalə aparmışdım. Orada tanış olduq. Səmimi adamdır Natiq müəllim. Onun “Azərbaycan” jurnalında (2014, №1) bədii yazısına rast gələndə yaradıcılıqla məşğul olduğunu bildim. Romanını məmnuniyyətlə oxudum. Xatırladım ki, “Körpüdə ümid” adlı roman keçən ay kitab kimi də işıq üzü gördü.  

Bəribaşdan deyim ki, əsərdə epik materialın azlığı görünsə də, onu psixoloji roman da adlandırmaq olar. Təbii ki, roman janrı süjetqurmanın geniş imkanları ilə seçilir. Natiq Məmmədlinin romanında isə belə imkanlar tam gözə çarpmadığından, əsər daha çox povest müəyyənliyi doğurur. Çünki hadisələr müxtəlif, çoxqatlı, çoxşaxəli, surətlər çoxsaylı deyildir. Bütün baş verənlər müəllif təhkiyəsindən ötürülür, birxətli süjet diqqəti cəlb edir. Bir sözlə, müəllif mövzu materialından kənarda deyil, hər şey onun iştirakı ilə ifadə olunur. Bu baxımdan əsər daha çox müdaxiləli, münasibətli nəsr nümunəsidir.

Mövzu isə tipikdir, bədii ədəbiyyatımızda ona az müraciət olunub. N.Nərimanovun “Pir” povesti, S.S.Axundovun “Çərxi-fələk” pyesi var. N.Vəzirovun, Mirzə Cəlilin, Ə.Haqverdiyevin bəzi hekayələrində bu mövzuya toxunulub. XX əsr Sovet dövrü ədəbiyyatımızda isə belə bir süjet xatırlamıram. Müstəqillik illərində İ.Əfəndiyev və Elçin yaradıcılığında belə bir obraz olub. İndi də növbə Natiqə çatıb.

Çağdaş dövrümüzdə pirlərə getmək, nəzir-niyaz vermək, kitab açdırmaq, cadu yazdırmaq dəb halını alıb. Sanki mühit mənən elə XIX əsrin əvvəlləridir. Bu günün ziyalısı, kəndlisi, şəhərlisi, aqili, avamı da gizli deyil ki, mollalara müraciət edir, ziyarətgahlarda olur. Heç kimi qınamıram. Buna pis də baxmıram. Öz işləridir. İçdən dayaq axtarmaq insanın fitrətindədir.

Əsərin süjeti yığcamdır: Adamlar “Ümid piri”nə gedirlər. Oraya nəzir-niyaz aparırlar. Hərənin bir arzusu, bir niyyəti var. Piri Qırmızı Xudu, Burun Qasım, Qələm Bəkir, Qız Telli, Yoğun Minə və başqaları təmsil edir. Bir nəfər vəzifəyə keçən kimi oğlunun nitqi tutulur. Uşağın dili açılsın deyə, onu nənəsi ilə pirə gətirir. Üç gün burada qalmalı olurlar. Müəllif bu üç günün fonunda ziyarətə gələn adamların danışığını, geyimini, psixoloji vərdişlərini, yaşayış tərzini, davranışını və dini ocaqlara münasibətini müşahidə edib. Natiq Məmmədli bu fonda adamların, məkanların etnoqrafiyasına, dialekt və şivələrinə varıb. Onları bir az da öz “dili” ilə danışdırıb. Yaratdığı hər surətin özünəməxsus koloriti, fikir yükü var. Bir sözlə, fərdi ştrixlərə çox meyl olunub. Detallaşdırma əsər üçün səciyyəvi keyfiyyətdir. Geniş zamanın işdəhlərinə kifayət qədər konkretlikdə, bədiilikdə yanaşılıb.

Əsərdə çox olmayan surətlər Mirzə Cəlildən gəlmə ayamaları daşıyırlar: bu surətlərin hər biri müəllifin müəyyən fikrini, qayəsini ifadə edir. “Qırmızı”, “qız”, “dəli”, “yoğun”, “burun”, “qələm” və başqaları. Bu epitetlər onların konkret missiyasını, zahiri görkəmini, psixoloji effektini doğurur. Əlbəttə, bizim üçün maraqlı elə hadisələrin, surətlərin ifadə etdiyi üst və alt qatdır – müasirlikdə hökm sürən vərdişlərimizlə, ovqatımızla, gerçəklərimizlə və müəllif mövqeyi ilə tanışlıqdır. Bu tanışlıq isə bizi həm də yaxın və uzaq tarixi keçmişimizə aparır.

Pirə qədər yazıçı uzun bir yol gəlir, statik təsvirçilik bəzən adamı yorur. Romanın oxusu ağır gedir. Bununla belə, etnoqrafik detallar, vərdişlər, müəllif təhkiyəsi də maraq doğurur. Oxucu isə istəyir ki, görsün nə baş verir bu pirdə. Hadisələr, ovqat necə davam edir və s. Yazıçı hər surətə, olaya psixoloji mənalandırma, idiom, frazem qoşur. Bütün bunlar xoş təəssürat doğurur. Orijinal təsvirlərlə bərabər, təbii, psixoloji mühakimə, analitik təhlil və yüksək bədiilik əsər üçün səciyyəvi keyfiyyətdir.

Natiqin bədii dili alıcıdır. Baxın: “Nə niyyətə gəlmisizsə, Ümid piri köməyiniz olsun. Nə yaman təntiyirsən? Qırmızı Xudu bəstəboy kişiyə ağacların altında adda-budda qoyulmuş oturacaqlarda yer göstərdi. “Bir oturun, özünüzə gəlin. Camaat bir azdan yığışacaq” (s.38)

Əsərdə bədii detallaşdırma surətlər üçün vacib şərtə çevrilib. Buna da baxın: “ – Əşi, ürəyinizi qısmayın, Ümidqovana ümidsiz gələn ümidli gedər, bu pir ki var, – Qırmızı Xudu pir deyən kimi özünü ona sarı çevirib salavat çevirdi, – heç kimi naəlac yola salmaz. Uzaqdan gəlmisiz, oturun, indi harda olsa, Qız Telli də gəlib sizə pir çayı verər. Əsas odur, özünüzü tox tutun, ümidinizi üzməyin. Bəndə naşükür olmasa, Allah göydən tökəcək.” (s.39)

Mövzu yazıçıya çox yaxındır. Elə bil obrazları yaxından müşahidə edib, hadisələrin içində olub. Bu qənaəti bizə onun hadisə və surətlərə münasibəti, subyektiv müdaxilələri diktə edir. Baxın: “Qarı bayaq pirin başına dolananda o qədər ağlamışdı ki, indi çay içə-içə də qeyri-ixtiyari gözlərinin yaşını saxlaya bilmirdi, baxışlarını yola zilləyib xısın-xısın boğulurdu. Niyyət eləmişdi ki, sevimli nəvəsinin adam balası kimi danışacağını eşidəndən sonra ta ”dərd”, “ələm” sözlərini yadından çıxaracaq, çoxdandı, sandığında saxladığı xınanı ağarmış saçlarına yaxacaqdır” (s.41).

Onu da vurğulamaq lazımdır ki, romanda subyektivizm, yazıçı müdaxilələri, şərtiliklər, komik vasitələr üzdədir. Bu müdaxilədə bir qədər ironiya, yumoristik, satirik gülüş də duyulur.

Obrazlar içərisində Pirdəli surəti diqqəti cəlb edir. “Pirin dəlisi dodaqlarını gəmirə-gəmirə sarsıdıcı baxışlarını ona zilləmişdi, elə baxırdı ki, elə bil bu dəqiqə lomba ilə üzünə tüpürəcəkdi. Ata dəlinin tüpürcəyini öz üzündə hiss edirmiş kimi əti ürpəşdi, çimsinən kimi oldu. Qarı, qarşılarında dəlini görəndə oğlu kimi özünü itirmədi, elə ötən il də dəli xeyli  dayanıb, ana balaya qıyqacı nəzərlərlə baxmışdı, əvvəlcə hürksələr də, arxadan kimsə “fikir verməyin, pirin dəlisidi, sizə toxunmaz” demişdi”. (s.47) Bu, yazıçı ironiyasıdır. “Dəli” sözü sətiraltı qatdır, “dəlidən doğru xəbərdir”. Pirə aludəlik pirin özünə və “kəramətinə” aludəlikdir. Yazıçı bildirir ki, uşağın dilinin açılması üçün düzgün söz lazımdır. Yəni indiki insanların hamısının düz dili bağlıdır. Yəni yalanlı dildir.

Pirdəli dilsiz uşağın üzünə baxıb çox mətləbləri ürəyindən keçirir. Bunlar müəllifin özü tərəfindən onun xəyalına ötürülür. Yazıçı “uşağın boğazında düz söz qalıb” deməsilə mühitini vurğulayır. Gözünü açıb ağlı kəsəndən uşaq yalan əhatəsində böyüyür, taleyinə zərbə dəyir. Vəzifəyə keçənlər dolaşıq yollarla, pul və adam vasitələriylə stol başına keçdiklərini də ədalətin pozulması kimi yozur və bunun çat verəcəyini şərtləndirir. Ata iş başına keçir, uşağı nitqdən qalır, bütün bunlar həm də rəmzi qavrayışdır. Yazıçı tendensiyasına xidmət edir. Pirdəli uşağa istinadən xəyalından keçirir: “Susaraq yaşamaq təkcə asan deyil, həm də adama ləzzət eləyir. Susan adamla kimin nə işi? Kimin başına nə gəlirsə, dilindən gəlmirmi?.. Pirdəli bütün bunları dili ilə demirdi, uşağın üzünə baxa-baxa öz ürəyində pıçıldayırdı”.

Pirdəli zahirən mühitin görünən tərəfidir. Daxilən onun antitezasıdır. Yəni o, üzdən dəli, içdən ağıllı adamdır, doğru-düzgün olanları xəyalından keçirir. Yazıçının sərt həqiqətləri onun dilindən səsləndirməsi əsər boyu diqqəti cəlb edən məziyyətdir. Pirdəli Qırmızı Xudu tərəfindən təqib olunur, pirə buraxılmır. O, məcbur olub, pirin həndəvərində dolanır. Gələn adamları müşahidə edir. Danışıqlarını dinləyir. Bir nəfər də olsun özünə həmdərd tapmır. “Adam başa düşüləndə nə qədər yüngülləşərmiş, milyon nəfərdən biri səni başa düşürsə, özün kimi anlayırsa, bu elə xoşbəxtliyin əlifbasına yazılan qaydadır. Vay o gündən fikrən təklənəsən... Başa düşülməmək dərdi bütün dövrlərin ağlı başında olan adamlarının əsas bədbəxtliyi deyilmi?!” Bu, yazıçı tendensiyasıdır. Səmimiyyət, doğmalıq cəmiyyətdə qeybə çəkilib. Zəmanə adamlarının sözü ilə əməli düz gəlmir. Sözün düzünü demək isə hünərdir. Pirdəli: “Hər şeyin dəyərini tərəzi ilə ölçməzlər, qadası. Sözün ölçüsü əməldir. Gərək dediyin söz əməlinlə üst-üstə düşsün ki, çəkiyə minsin. İnsanlar boyunlarına almasalar da, həmişə sözünün çəkisi olan adamları eşidirlər. Dillərində yox, ürəklərində onlara yer ayırırlar. Düz danışmaq çətindirmi? Bəlkə də bu, dünyanın ən çətin işidi”.

Roman psixoloji analizlərlə yüklüdür. Hər hadisəyə, olaya psixoloji dəyər, məna vermək məziyyəti vardır. Pir kiminsə arzusunu, istəyini doğrultmayanda, hətta, qəzəb hədəfi olur, uçulmaq təhlükəsi qarşısında qalır. Belə olanda Qırmızı Xudular hiyləyə əl atır. Müəyyən yollarla narazılıqları sakitləşdirməyə çalışırlar. Yazıçı andırır ki, pir heç nəyi dəyişməz. Bu fikirlə dilsiz uşağı sükut içində danışdırır. “Ümid pirinin  dünyanı dəyişməyə gücü çatmır” – uşaq gecənin sakitliyində ayın bəmbəyaz işığı altında ilğım kimi görünən pirə tərəf addımladıqca düşünürdü: “Atama vəzifə verməyə nə var ki? Bir dəfə ziyarətə gəldi, nəzirini verdi. Qələm Bəkir duasını yazdı. Yolu-yolağası açıldı. Dünya ki dəyişilmədi. Qonşumuz Qaratel gəlib üç dəfə başına dolandı, dədəsi də bir erkək kəsdi, Yoğun Minə nəfəs verdi, o da qırx yaşında ərə getdi. Nolsun, dünya ki həmənkidi. Yox, Ümid piri sənin dünyanı dəyişməyə gücün çatmaz” – uşaq Pirdəlinin üzünə baxmırdı. Öz ürəyinin içində eləcə sükutla danışırdı”.(s.53)

Yazıçının kökdən uzaqlaşmaya münasibəti də mənalıdır. Pirdəliyə oxşarı yoxdur deyə dəli deyirlər. Uşağın da üzü, siması yoxdur, adı belə yadında deyil. Şərtiliklərdən tez-tez istifadə edən müəllif ciddi bir mətləbi səsləndirir: “Özüm olduğumu, özümü tapdığımı nədən biləcəm?” – Ümid düşünməyə başladı.

Natiq Məmmədlinin assosiativ eyhamları düşündürücüdür. O, əsərində daha çox estet, moralist kimi görünür. Həyatın empirizmindən çıxış edərək dialoqu, müəllif təhkiyəsini davam etdirir, mühakimələr yürüdür.

Yazıçı romanda, əsasən, uzun cümlələr işlədir. Bu, bəzən təhkiyəni ləngidir, yorur. Cümlənin rahat oxusuna, fikrin təbii tutulmasına əngəl törədir. Bununla belə, yazıçının bədii üslubu, istisnaları nəzərə almasaq, dəsti-xətti səliqəli, cümlələri aydındır, normaldır.

Romanda dramatizm, süjetin, hərəkətin dinamikası fikrimizcə, az, məkan və zaman dəyişmələri hər halda eynidir. Lakin fikir və düşüncə bol, sosial mənalandırma, realizm güclüdür.

Natiq Məmmədli sovet quruluşunun qayda-qanunlarını ifadə etmək üçün heykəl obrazından maraqlı assosiasiya düşünüb. “İş orasındadır ki, o vaxtlar kəndimizin ağacları da hamısı bir boyda olarmış. Deyim sənə niyə? Çünki heç kim ürək eləyib elə heykəldən uca ev tikməzmiş, heç bir ağac kökünə güvənib heykəldən yuxarı qalxmazmış. Bu qadağanı heç kim qoymayıbmış, sadəcə kəndimizin adamları da, ağacları da bir-birinə oxşadığından, izah olunmaz dillə ürəklərindən keçənləri duyduqlarından, heykəlin kölgəsində yaşamaq taleyi ilə razılaşıblarmış. Yalnız heykəl uçandan sonra elə bil hamının boyu çıxdı. Dili uzandı, boynu yoğunladı. Hamıdan qabaq Qırmızı Xudu heykəldən qəlbi ev tikdi, onun dalınca Burun Qasım, Qələm Bəkir, sonra hamı bəhsə düşdü. Ağacların da qulağına səs çatdı, başladılar boya verməyə, uzandılar, göyün yeddi qatına pay apardılar”(s.62).

Əsərdə Sovet dövrü ilə, Stalinlə vidalaşmanın təsviri də mənalıdır. “Nə isə, heykəldən danışım sənə. Deyirəm axı, o yavaş-yavaş çürüdü, içindən çürüdü, siftə yenə burnu düşdü, Qasım tay əvvəlki Qasım deyildi, artıq Pirə gəlirdi, burnunun düşdüyünü gördü, heç qımıldanmadı da. Sonra qolları, barmaqları çürüdü, boğazı nazildiyindən çiyinlərinin üstündə başını saxlaya bilmədi, başı gövdəsinin içinə düşdü. Bax, o səhnəni mən öz gözlərimlə görmüşəm. Həmən günü dərsə gedəndə gördüm bu nədi, ə, Stalinin başı yoxdur. Canımdan üşütmə keçdi, amma qorxmadım. Ayağımı postamentin üstünə qoyub birtəhər yuxarı qalxdım, heykəlin çiyinlərindən yapışıb boğazının boşluğundan içəri baxdım, inanırsan, gözüm kəlləmə çıxmışdı. Sən demə, Stalinin içi boş imiş. İnanırsan, özümə gələ bilmədim. O vaxta kimi mən elə bilirdim ki, bu zalım oğlunun irəli verdiyi qarnı tökmə daşdanmış, sən demə nağara kimi bombalam boş imiş. Həm sevindim, həm də sarsıldım” (s.63).

Əsər dediyimiz kimi müəllif təhkiyəsi üzərində qurulub. Keçmişə qayıdışlar hər dəfə müasirliyi, çağdaşlıq isə tarixi vurğulayır. Alt qat üst qatı izləyir. Əsərdə hadisələrə kifayət qədər çağdaş müəllif müdaxiləsi vardır. Yazıçı milli, estetik, əxlaqi, bir qədər də fəlsəfi məsələlərə varıb. Ailədə oğul-uşağın, qadının söz eşitməməsi, gözdə qorxaqlıq, rəzillik və mütiliyin özünə yer alması və s. və i.a. Yazıçı sosial problemləri izləyə-izləyə yazıb.

N.Məmmədlinin torpaq, Vətən qəhrəmanlığına münasibəti də bir başqa dəyərdədir. Sanki zəmanə adamları bunu “boş şey” adlandırır. Halbuki sənin düşmənin də, sənə dəyər verən də zaman olacaq. “Əzizim, torpağın üzü dönük olur, soyuq olur. Onun kimin üçün vətən olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, hünərin çatsın. Üstündə gəzdiyin torpağı özün vətən elə... Üstündə gəzdiyin torpağı vətən eləmək üçün zamanın səndən gözlədiyi yox, alnına yazılan qəhrəmanlığı eləməlisən. Ehtiyatlı ol, torpaq minnəti götürmür, torpaq həmişə yeməyə qəhrəman axtarır”(s.77).

Ümidlə Pirdəli arasındakı daxili dialoqda, – torpaq, vətən haqqında gedən “lal” danışığın üst qatında yenə müasirlik, taleyimiz, acı faciələrimiz dayanır. “Ümid barmağının arasında sıxdığı nəm torpağı qoxlayanda nədənsə yadına qonşusu Durna xala düşdü. Sağ olsun, qadınlığı ilə ikicə metr yerindən keçmədi. Nə fərqi var, 2 metr, 2 faiz, ya 20 faiz, torpaq elə torpaqdır”.

Romanda ətalətə, durğunluğa etirazın ifadəsi də orijinal mənalandırılıb. “Daha kəndin arvadları təndir qalamır, hər şey hazır gəlir. Ümidqovanın toyuqları da yumurtlamır, ağacları bar vermir, hamı nəzir qutusunun hesabını aparır. Adamların bir-birinə salam verməsinə, hal-əhval tutmasına da etibar yoxdur, hamının kefi kökdü, pirdən ümid diləyənlərin ardı-arası kəsilmir, müqəddəslik davam edir. İnsanlıq qurtarıb kənddə-kəsəkdə”.

Lirik-psixoloji mühakimələr, xəyalda gedən dialoqlar da pir ətrafındadır. Pir bir bəhanədir yazıçı üçün. Müəllifin rüşvətxorluğa işarəsi də detallarla, ştrixlərlədir. Qız Telli yaşlı qocadan “pirin şirinliyini gətirmədinmi?” deyə sual edəndə qoca “indi o biri gədəmi də tutublar” deyə cavab verir və “gəlmişəm nəzir verəm ki, ikisini də eyni kamerada saxlasınlar, heç olmasa bir-birilərinə həyan olub darıxmasınlar...

– Allah qapılarını açsın...

– Eh, onun üçün də nəzir vermək lazımdı, a qızım, Allaha yox, Onun bəndələrinə”(s.88).

Romanda keçmişə, tarixə qayıdış müəllif tendensiyasıdır. Bu ideya ətrafında o, tarixin eramızdan əvvəlki olaylarına üz tutub. Şərqdən və Qərbdən atlı dəstəsi yaxınlaşır. Bu ordulardan biri Pont hökmdarı Mitridata, o birisi Roma sərkərdəsi Qney Pompeyə məxsusduur. Yazıçı tarixin eramızdan əvvəlki dövrünə səfər edib. Çağdaşlığa uzaq tarixi keçmişdən qayıdıb. Bu keçmiş nə deyir bizə? Şərq bizim üçün aydındır: “Nə istəyib verməmişik? Biz Şərqin bizdən istədiyinin hamısını vermişik”. Qərb üçün isə bizim torpağımız körpüdür, axsağın da, axmağın da keçdiyi körpü. Nə qədər ağrılı həqiqət! Əslində romandakı pir də dünya anlamıdır. “Bu dünya çox balacadır. Pirin üstündən baxanda onun dörd bir yanı görünür, kimin əli kimin cibindədirsə, o da görünür”. Yenə yazıçı eyhamı! Biz körpü xalqıyıqmı? “Körpüyə təzə gözlər dikilmişdir, ya onu qorumalı, ya da körpüyə sancılacaq yad bayrağın kölgəsində qul kimi yaşamalı.” Fikrin üst qatı: rus, ingilis, farsdır... Rusiya, Amerika, İran. Kimə təslim olmalı? Xilasın yolu təslimlikmi? Şərtilikdən vasitə kimi istifadə edən yazıçı tarixi keçmişi bu günümüzdə canlandırır, tarixə, həqiqətlərə varmaqla bu günümüzə, mövcudluğumuza ayna tutur, qaranlıqdakı işığın gözünü açmağa ciddi səy göstərir.

Romanın sirri sona doğru daha çox açılır. Ümid pirinə saysız-hesabsız gələn məktubların içərisində Ümidin atasının məktubu həyatın bu üzünü daha aydın göstərir. “Ağrın alım, Ümid piri. Ürəyimə damıf ki, balamın dili mənə görə tutulub. Təzə qulluğa keçənin səhərisi tifil lal oldu. Ay müqəddəs, bu yaman dünyada yamanlığı da, yaxşılığı da balama görə eləyirəm. İndi özün bilən məsləhətdi. Uşağın dilini açajaqsansa, açginan, amma məni də çörəklə sınağa çəkəjəksənsə, nə deyim, şükür məsləhətinə”(s.111).

Məktub oxunub qurtaran kimi Ümidin əlindən sürüşüb havada pərvazlandı və asta-asta bacadan çıxıb, başqa arzuların üstünə qondu. Deməli, onun da – Ümidin də bir tərəfi girovluqda qovrulurmuş. Girov ata, girov oğul... “Ümid qəti şəkildə anlayırdı ki, bu, onun dəyişmək istədiyi dünyanın yazılmamış, amma hamının əzbərdən bildiyi, hamının iliyinə işləmiş qanunudur”(s.112).

Romanın son təsvirləri də ibrətlidir. Bir qadının da məktubu var pirdə. Ümid bu ağbirçəyin qəmli baxışlarını təsəvvürünə gətirir. “Alnında çoxdan yer eləmiş dərin qırışlar, qaşlarını kəsən düyün qatı qarının çiynindəki yükün ağırlığından, çəkdiyi dərdin ələmindən xəbər verirdi. Lap uzaq keçmişdə yaxıldığı hənanın izini çoxdan itirmiş dümağ saçları, əzgin baxışları, təntiyə-təntiyə nəfəs almağı yalnız indi dağ cığırı ilə yoxuşa qalxmağın yorğunluğunun yox, bütün ömür boyu yoxuşa doğru sürünməyin iztirablı cizgiləri idi”(s.112).

Bu qadın pirdən yalnız ölüm istəyirdi. Nə üçün? “Ümid məktuba baxdı. Srağagün yazdığı sözlərin az qala hamısını xatırlasa da, kağızda onların yerində sadəcə nöqtələr vardı. Bütün hərflər heç nəyi ifadə eləməyən mənasız-məzmunsuz nöqtələrə çevrilmişdi. Yalnız kağızın lap axırında bütün nöqtələr qurtarandan sonra ikicə söz ilişib qalmışdı: “...Qarabağ amanatı...”. Ölümə tələsən qadın bu sözləri, pirin bacasına çatar-çatmaz  ağlına nə vermişdisə, geri qayıdıb yazdırmışdı. Ümid o vaxt bunun mənasını başa düşməmişdi, sadəcə Qız Telli belə yozmuşdu ki, görünür, ölümə qənşər adamlar ruhları üçün də vətən axtarırlar” (s.113).

Romanın sonunda pirin bacası bütün insanların üzünə qapanır, bütün arzular, məktublar çölə atılır, daha müqəddəslik qurtarır. Amma çoxdan kəsilmiş yekə armud ağacının kötüyündən yaşıl zoğ çıxır, təzə pöhrə boy göstərir... “Körpüdə ümid” oxucusuna yaşıl ümidlər vəd edir.

Əlizadə Əsg'rli,

AMEA-nın  Nizami adına Ədəbiyyat  İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor

 





19.01.2015    çap et  çap et