525.Az

“Münasibətlərin əvvəlki vəziyyətə qayıdışı hər iki dövlətin maraqlarına tam cavab verir” - Deputat


 

“Münasibətlərin əvvəlki vəziyyətə qayıdışı hər iki dövlətin maraqlarına tam cavab verir” -<b style="color:red"> Deputat</b>

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında Tacikistanın Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində çox əhəmiyyətli bir görüş keçirildi. Görüş ona görə əhəmiyyətlidir ki, demək olar bir ilə yaxın idi ki, iki dövlətin liderləri arasında belə birbaşa təmas yox idi”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Elman Nəsirov görüşü şərh edərkən bildirib.

Deputat deyib ki, düzdür, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvəsində ayaqüstü söhbət olmuşdu, lakin ikitərəfli münasibətlərdə yığılıb qalmış olduqca vacib, problemli məsələlərin həlli üçün belə bir görüş çox vacib idi. 

“Münasibətlərimizdə yaranmış böhrana görə məsuliyyət qarşı tərəfin üzərinə düşürdü. Ötən il dekabrın 25-də AZAL-a məxsus mülki təyyarənin vurulması, 38 nəfərin həlak olması, bundan sonra Rusiyada soydaşlarımıza qarşı necə deyərlər, bir “əcinə ovuna” çıxılması, onlara yönəlik təzyiqlər və təhdidlər, iki nəfərin öldürülməsi, eyni zamanda, Rusiya KİV-də antiAzərbaycan təbliğatının tüğyan etməsi heç şübhəsiz ki, Kremlin xəbəri olmadan baş verən hadisələr deyildir. Ona görə də bu görüşün keçirilməsi olduqca vacib idi. Sevindirici haldır ki, görüş çərçivəsində Prezident Vladimir Putin Azərbaycan lideri cənab İlham Əliyevə xitabən söylədi ki, hadisədən sonra birinci telefon danışığı əsnasında faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədi,  həlak olanların ailələrinə ən səmimi başsağlığı verdi. Əlavə etdi ki, istərdim bütün bunları təkrar edim və razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk. Eyni zamanda, Rusiya dəymiş ziyana görə kompensasiya ödənişini həyata keçirəcək, həmçinin bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Yəni, Azərbaycanın məlum tələblərini Putin dilə gətirdi və onların müsbət şəkildə həllini tapacağına dair bir öhdəlik də götürdü. Bunlar təbii ki, çox vacib məsələlərdir”.

Deputat digər bir məqama, Rusiyada müəyyən qüvvələrin Azərbaycan əleyhinə apardıqları kampaniyaya da toxunub: 

“Çox istərdik ki, xüsusilə də Rusiyada fəaliyyət göstərən antiAzərbaycan və  ermənipərəst qüvvələrin sistemli və intensiv şəkildə Azərbaycana qarşı fəaliyyətinə də son qoyulsun. Rusiya Dövlət Dumasında Zatulun kimi deputatlar var ki, onlar hətta İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüşün nəticələrinə belə indidən kölgə salır, illüziylarla danışır və yenə də antiAzərbaycan mövqeyini gizlədə bilmirlər. Belə qızışdırıcı, avantürüst çıxışlara son qoyulmalıdır. Rusiya telekanallarına tapşırılmalıdır ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaş dövlətdir. Bu dövlətlə münasibətdə üzərinizə götürdüyünüz öhdəliklərə sədaqətli olmalısınız. Nəzərə alın ki, bu gün Rusiyaya qarşı demək olar ki, bütün beynəlxalq güclər birləşib. Bu gün dünyada Rusiya ilə normal münasibətdə olan dövlətlərin sayı son dərəcədə azdır. Belə bir reallıqda Azərbaycan kimi dövləti itirmək nə dərəcədə Rusiyanın strateji maraqlarına uyğundur. Heç bir uyğunluq yoxdur. Hesab edirəm ki, bunu hamıdan daha çox Prezident Putin dərk edir. Onun Azərbaycan lideri ilə apardığı danışıqlar və əldə edilmiş razılaşmalar ümid yaradır ki, ikitərəfli münasibətlərimizə xələl gətirən bütün amillər aradan qaldırılacaq və münasibətlərimizin əvvəlki normal vəziyyətə qayıdışı təmin ediləcəkdir. Bu hər iki dövlətin maraqlarına tamamilə cavab verir”. 

Pərvanə Sultanova

 





10.10.2025    çap et  çap et