525.Az

İradə Tuncay: “Qadını təhsilsiz millətin sabahı sual altındadır” - Fotoreportaj


 

"İSTƏYƏRDİM BİR TƏŞKİLATIM OLSUN, ORDA TƏHSİLLƏ BAĞLI, XÜSUSƏN, QIZLARIN TƏHSİLİ İLƏ BAĞLI ÖNƏMLİ LAYİHƏLƏR HƏYATA KEÇİRİM"

İradə Tuncay: “Qadını təhsilsiz millətin sabahı sual altındadır” - <b style="color:red">Fotoreportaj</b>

Feyziyyə ilə Xəzərin sahilində 

Dəniz dalğaları sahilə çırpılıb qayıtmayan damlalarını axtarmaqdan yorulub yatana oxşayırdı. Qırılmış mirvari boyunbağı kimi səpələnmişdilər elə bil sahil boyu .Aşağı-yuxarı gəzişən adamlar da elə mirvari axtaranlara oxşayırdı. Amma onlar mirvari axtarmırdılar, heç dənizin itkin düşmüş damalarını da. Hamı indi cavab təşnəsidi. Yediyimizdən-içdiyimizdəndi yəqin. Suallar elə çoxalıb ki... İllər kimi üst-üstə gəlirlər, yaş kimi artırlar.

Yazıçı, publisist İradə Tuncayla bu gün görüşəcəkdik. Heç bir  suala cavab tapmasaq da, elə-belə, bir-birimizi qucaqlayıb öpəcəkdik. Deyib-güləcəkdik. Həmişə pozitiv, səbrli, baxımlı, şux və gözəl qadın obrazı canlanır gözümüzün önündə adı gələndə. Əvvəllər insanlar, tale, həyat haqda dediklərindən adamın içi parçalanırdı. Uşaq idim bir az. Tanış gələr sizə bu hiss .Axı siz də uşaq olmusunuz. Əvvəllər hər şey tez toxunur adama. Sonra illər üst-üstə gəlir. Yaş artır. Suallar çoxalır... Fikirləşmişdim çatan kimi soruşum ki, görüşdüyümüz, söhbətləşdiyimiz ilk gündən bəri nəsə dəyişib elə bil, görəsən nədi dəyişən?

Görüşdüyümüz gün hələ yeni il ab-havası vardı bulvarda. Yolka ağacları, qara bığlı, ağ saqqallı şaxta babalar parkın o başından, bu başınacan hər addımda rastımıza çıxırdı. Kirli gəlinlik donlarında səliqəsiz və zövqsüz geyinmiş Qar qızları görəndə isə İradə xanım özünü saxlaya  bilmirdi: Oy, balirinalara baxın! Oy, burdada var ki! Biri də ordadı!– İndi bizi saxlamaq olardı gülməkdən? Sual-filan yaddan çıxdı. Danış ki, danışasan, gül ki güləsən.  Günəş də dənizdə əksinə baxıb o qədər zərlənib ki... Hava da az qalır bülbül kimi cəh-cəh vura. Gəzib-dolaşıb bir skamyada oturduq:

 

 

– Niyə qayıtmırsınız televiziyaya?

– Kim çağırdı ki?..

– Bilmirəm. Bəlkə özünüz bir layihə ilə...

– Mənim o yaşım deyil.

– Mən anlayıram, haqqınız var inciməyə.

– Mən televiziyaya yalnız gedib onu dəyişdirə biləcək imkanım, səlahiyyətim olduğu halda, özümün yarada biləcəyim bir televiziya olduğu halda gedə bilərəm. Amma gedib veriliş hazırlamağa həvəsim yoxdu. Mənlik deyil.

– Mənə elə gəlir ki, siz qəzetdə darıxırsınız. Nəzərə alsaq ki, redaksiyanın yerləşdiyi nəşriyyatın binasında darıxmaq üçün münbit şərait var.

– Qəzet bizim ailəmizin biznesidi, qəzet həm də biznesdi axı. Mən o qəzeti yaşatmalıyam, o mənim borcumdu. Amma mən istəyərdim bir təşkilatım olsun və orda təhsillə bağlı önəmli layihələr həyata keçirim, xüsusən qızların təhsili ilə bağlı layihələr. Ümumiyyətlə, elə bilirəm qadını təhsilsiz millətin sabahı bir az sual altındadı. Daha qlobal problemlərlə bağlı məsələləri düşünürəm.Televiziyaya qayıtmaq nədi ki?

Hər halda mən çox istəyərdim ki, o televiziyaya qayıtsın. Verilişləri olsun. Bu, gözü, qulağı  şouya öyrəşmiş Azərbaycan tamaşaçısına çox şey verə bilərdi. Amma biz bu mövzunun üstündən sürətlə adlayıb keçdik.

– Mən on üç-on dörd yaşlarında qızları ərə vermək faktlarından danışıram. Bu məni dəhşətə gətirir. Bunları ərə verənlər, bunlarla evlənənlər necə vəşhixanada böyüyüblər ki, belə hərəkətlər edirlər? Ümumiyyətlə, bu nə pedofilliyadı cəmiyyətdə? İndi barlarda qızların yaşı düşüb on iki, on üç yaşa. Bunlarla kökündən məşğul olan adam lazımdı. Dövlət əlini salmalıdı bu işlərin arasına. Valideyin əgər övlada sahib çıxmırsa, dövlət də valideyndi axı, dövlət sahib çıxmalıdı onlara. Bəzən fikirləşirəm ki, sənə hamıdan çox lazımdı bu adamlar, nəyinə gərəkdi ki? Amma yenə də rahat qoymur bu fikirlər.

Biz elə bir söhbətin elə yerinə gəlib çıxmışdıq ki, hər dəfə fikir bitincə mövzunu dəyişmək istəsək də, yeni abzaslar bitmək bilmirdi.

– Bu problemlər dünyanın heç bir ölkəsində həll olunmayıb. Baxmayaraq ki, çox sosial bir rejim idi, sovetlər dönəmində də bu məsələ öz həllini tapa bilməmişdi. İnternat məktəblərini bitirənlərin böyük əksəriyyəti azad həyata atılandan sonra ya oğurluğa qurşanırdı, ya fahişəliyə. Amma təbii ki, istisnalar olurdu.Sovet dövründə uşaq evlərindən çıxanların arasından raykom katibləri olub, alimlər olub. Ümumi halda dövlət bunu həll edə bilmir. Görünür insanlar özləri buna hazır deyil. Birincisi, heç olmasa bu uşaqlara peşə təhsili vermək lazımdı. İnsanın əlində peşəsi yoxdursa, oğurluq eləməyə məhkumdu. Güman eləmirəm ki, bu problemləri bir-iki ilə həll eləmək olar. Amma bu haqda dövlət proqramı olsa və bu məsələ ilə bağlı, yalnız sözdə deyil, ciddi məşğul olunsa, o zaman müəyyən nəticələr əldə etmək olar. Bunun həlli üçün on illiklər gərək olacaq. İndi deyirlər ki, abort pisdi, onu aradan qaldıran qanun qəbul etmək lazımdı və s. Abort daha humanist addımdı, mənə elə gəlir. Nəinki, uşağı dünyaya gətirib atmaq. Çünki bu adamlar uşaq evlərində potensial cinayətkar yetişirlər. Mən demirəm ki, normal ailələrdən cinayətkarlar çıxmır. Amma bu uşaqların cinayətkar olmaqdan ayrı çarələri yoxdu. Burada toplumun münasibəti də çox önəmlidi. Məsələn, heç kim uşaq evindən çıxan bir qızla oğlunun evlənməsini istəməz. Çünki deyəcəklər ki, atası kimdi bilmirik, anası kimdi, bilmirik, hardandi bilmirik.Və haqlıdılar da. Çünki genetik faktor çox önəmlidi. Bizim xalqda “ot kökü üstə bitər” anlayışı var. Bunların hamısı səbəbdi və bu məsələləri bir-iki ilə həll etmək mümkün deyil.

Axı bu uşaqların arasında çox fitri istedada, dərin zəkaya sahib olanları da az deyil. Nolardı, heç olmasa onları seçib ya xaricdə, ya özümüzdə dövlət hesabına oxumağa göndərəydilər. Heç olmasa bir neçəsi xilas olardı...

– Sovetlər dövründə bu uşaqları seçib kəşfiyyatçı hazırlayırdılar. Atasız, anasız uşaqlar idi, axtaran da olmurdu. Biz balaca dövlətik, kimə lazımdı ki bu? İstehsal etdiyimiz heç nə heç kimə lazım deyil. Eləcə də beyinlər.

Bir tanışım işləyirdi körpələr evində. O evlərdə ki körpələr orda üç-dörd yaşlarına qədər yaşayırlar. Xarici ölkələrin Bakıdakı səfirlərinin xanımlarının hərəsinin öz günləri var, həmin günlər o uşaqlara baxırlar. Yeməklərini verirlər, altlarını təmizləyirlər, qayğısına qalırlar. Və hünərin var bunların yanında uşağa bir söz de. Amma onlar gedəndən sonra hər şey dəyişir. Deyək ki, kimsə böyük bir qazan peraşki bişirib gətirir. Və müəllimələr onu elə həvəslə bölüşdürüb evlərinə aparırlar ki. Ay balam, sən əli-ayağı yerində olan sağlam qadınsan. Bunu bişir yedirt də övladına. Axı bu yetimdi, bunun payını niyə aparırsan ki evinə? Bu həm də bir psixologiya, bir zehniyyət məsələsidi. İnsanların şüurunun necə inkişaf eləməsi məsələsidi. Bu təkcə dövlətdən umulası məsələ deyil.

Uşaq evlərinin vəziyyəti heç kimə sirr deyil. Az qala hamının deyə biləcəyi söz var. İllah da az-çox onların hansınınsa qapısından bir-iki dəfə girdinsə, əməkdaşlıq etdinsə, deyəcəyin söz çox ola bilər. Amma adam çox açıb-ağarda da bilmir. Bir neçə il öncə müsahibə zamanı İradə xanım mənə demişdi ki, qadınları təhsil sistemindən uzaqlaşdırmaq lazımdı. Bilmirəm, bəlkə də elə uşaq evlərində də vəziyyət dəyişərdi.

– Bəli. Şərait yaratmaq lazımdı kişilərə ki, qayıtsınlar məktəbə. Diplom etik mədəniyyət deyil. Doğum evlərindəki ağzını söyüşlə açan, mədəniyyətsız, tərbiyəsiz qadınlar var ha, həkimlər, sanitarlar, uşaq baxıcıları, mən üçüncü uşağı onlara görə dünyaya gətirmədim. Doğum evindəki o tərbiyəsizlikləri götürə bilmirdim. Bu adamlar hardasa yetişir axı. Onlar da ailələrdə böyüyüb. Burda hər şey qarşılıqlıdı. Mən hamıyla mədəni münasibətdə oluram, amma əvəzində axmaq rəftarla qarşılaşıram. Sonra mən də başlayıram hamı kimi rəftar eləməyə.

Susuram və sadəcə dinləyirəm.

– Mən Qarayev adına xəstəxanada yatdım birinci oğlum olanda. İmkansız idik. Hamıya verməyə pulumuz yox idi. Təsəvvür elə pulun yoxdu deyə, çox kobud davranırdılar səninlə. Və sən özünə hörmət eləyən adam, itdən-qurddan söz götürməli idin. Amma o xəstəxanada varlılar da yatırdı və onlar həmin xəstələrdən yaxşı pul alırdılar. Mən xəstəxanadan çıxandan iki gün sonra yenidən başqa bir xəstəxanaya reanimasiya şöbəsinə gəldim. Ordakı rus həkimlər mənim oğlumu qurtardılar. Heç pul da almadılar. Sən demə bu xəstəliyin nə olduğunu bilmək və onu müalicə etmək çox sadə imiş. Məni isə orda yalnış diaqnoz və müalicə ilə bir ay xəstəxanada pula görə saxlamışdılar. Təhsil və səhiyyə sistemi bir-birinə olduqca bağlıdı. Bütün bunlardan sonra mən bu sistemi necə sevə bilərəm?

– Firəngiz, elə elə ki, fona gəmilər də düşsün. – Skamyadan qalxıb çoxdan aralanmışdıq.

– Heç sevmirəm gəmi ilə səyahəti.

– Niyə? Maraqlı olardı, məncə.

– Mən hərəkətin, şəkillərin tez-tez dəyişməsini sevirəm. Yol boyu ağacların, kolların, evlərin tez-tez bir-birini əvəzləməsini xoşlayıram. Dənizdə nə görürsən ki? Ancaq su, su, su...

Bulvarın beton dirəklərindən keçən dəmir borularından ibarət hasarına söykənib üzü ovuc-ovuc, qucaq-qucaq, ətək-ətək sulara dayanıb susmuşduq ki, birdən yadıma düşdü: “İlk görüşümüzdən dörd il keçib deyəsən. Nə dəyişib? Mən, məsələn, dəyişmişəm elə bil...”.

– Yavaş-yavaş gələcəksən mənim fikirlərimə.

– Mən nə deyirəm ki?- sağ əlimi yüngülcə yuxarı qaldırıram.- Fikirlərinizə təslim olmuşam. Və daha sizin deyilməmiş fikirlərinizlə də bu başdan iki əlli razıyam. – Gülüşürük. İradə xanım gülür və bir söz demədən başını ağır-ağır tərpədir. Sözlü adama oxşayırdı, amma dinmirdi.

– Gənclikdəndimi, təcrübəsizlikdəndimi, axı, əvvəl adamın gözü ayağının altını görmür. Bir də bir...

– Hə, sonra adamın qazı necə alınırsa. – Gülüşümüz götürür sahili.

– Bir də bir sevgilin-filan olanda, elə bilirik odda yanmaz, suda batmazıq. Gəncliyin o dəli vaxtlarını geridə qoyduğuma görə, o cümlələr qulağımdan sırğa kimi, özü də saçaqlı sırğa kimi asılıdılar. Hər addımda cingildəyib özlərini xatırladırlar: “İnsana hər kəs xəyanət edə bilər, iki əlindən savayı”.

– Saçaqlı sırğa kimi e özü də. Obraza bax bir.- Xəfifcə gülümsəyir. – Demək nə dəyişib? Nəvələrimin sayı artıb.- Sonratam ciddi görkəm alaraq, – Bilirsən, ölkədə inkişaf gedir, bunu görürük,- əlavə edir.- Yollar düzəlir, binalar tikilir. Amma insanların psixologiyası dəyişmir. Elə bil, insanlar daha da vəhşiləşir. Ümumiyyətlə, bütün dünyada vəziyyət dəyişir hər gün, gərginlik artır. Və bunun fonunda balaca bir  ölkədə xoşbəxtlik yaratmaq mümkün deyil. Hər şey qloballaşıb...

Ah, yenə bu xoşbəxtlik... Onu düşünmək insanları necə də yorub. İllərin ardınca düşüb dostlar hara çıxıb gedir, bəs?

– Bilirsənmi, bizi sevdiyini söyləyən insanın, bu ata da ola bilər, ana da, qardaş, da dost da, qadın da ola bilər, kişi də, nə qədər səmimi olduğunu nə dərəcədə sınamaq imkanımız var? Yoxdu, deyilmi? Biz bu zaman fəhmimizin gücünə arxalanmalı oluruq. Bu fəhmimiz bizi haracan aparacaq, onu bilmirik.Tutalım, inandıq ki, bu insan məni sevir. Sonra şərtlər dəyişə bilər, axı. O insanın mövqeyinə, mənafeyinə uyğun nələrsə çıxa bilər qarşısına. Və o səni qoyub gedəcək. Heç vaxt arxayın olma ki, filankəs mənə filan sözləri demişdi və bu belə də qalacaq. Yer kürəsindəki yüzdə doxsan doqquz faiz insan öz mənafeyini bir an belə unutmur.

Sonra... həmin an səni doğurdan sevə bilər bu insan. Bir aydan sonra, bir ildən sonra sevməyə bilər. Aranızda incikliklər yaşana bilər və yaxud da, bu zaman o insan başqa biri ilə rastlaşa bilər, o insanla daha yaxın münasibətdə ola bilər. Təbii ki, hər kəsə ağırdı dünən sənə yaxın birinin bu gün soyuq rəftarını görmək, amma yəqin ki, bir azda fəlsəfi yanaşmaq lazımdı.

– Vittorio De Sikanın “Günəbaxanlar” filminə baxmısınız, yəqin. Qadın-kişi olanda nə olar ki, bu da insan münasibətləridi axı. Qadın müharibəyə gedən ərini necə həyəcanla axtarır, necə ümidlə gözləyir. Və...

– Və bir gün görür ki, kişi bir rus qadınla evlənib. Görürsənmi, onlar həmin ana uyğun necə addım atırlar? Rus qadının kişiyə ehtiyacı olduğu üçün evlənir, o an bütün kişilər müharibədə idi, axı. Kişi də həyatını xilas edən qadınla evlənir. Onun rus qadınına sevgi borcu, minnət borcu var idi.

– Hə. Sonra son görüşdə qadın kişiyə deyir ki, sən sadəcə minnətdarlıq edib gedə bilərdin.

Deyirsiz,  sevgidə mənafe güdməkdi?

– İnsan hər zaman mənafeyini güdməkdədi.

– Sonra da deyirik indinin adamları belədi, sevgiləri elədi. Neçə ilin filmidi...

– İndi insan hisslərini, insan yaşamını izah edən filmlərdə çəkilmir axı. Klod Leşuşun “Qadın və kişi” filminin ikinci hissəsində, qadın kişini qəsdən gətirib səhrada azdırır ki, sən o biri qadını sevirsən, ona görə də ikimiz də burda ölməliyik. Yenə də, öz mənafeyi, öz qısqanclığı ucbatından.

– İnsan eqosu hər şeyə qadirdi. Ötəridirsə, bu hissə şeirlər, mahnılar niyə yazılır?

– An məsələsidi. Əbədi nə var ki? Elə adamlar var ki, hər gün aşiq ola bilərlər. Öyrəşmək var. Həyat tərzi var. Amma hisslərin əbədi olduğuna inanmıram. Hətta eyni çaya iki dəfə girmək olmur.

Yoxdu! Əbədi heç nə yoxdu. İllər hər şeyi, sevinci, kədəri, sevgini, nifrəti qapımıza payız yarpaqları kimi necə qovub gətirirsə, eləcə də sovurub aparır. Amma nə zamansa müharibəyə gedib qayıtmayan ərlərini gözləyən ölənədək gözləyən qadınlar olub axı, deyəsən...

– Bu  xarakter məsələsidi. İstisnalar həmişə var, təbii. Hökm vermirəm. Amma deyirdilər ki, guya müharibə dövründə qadınlar sadiq olublar ərlərinə. Hamı müharibədə olurdu, xəyanəti kimlə edəydi? Bir kolxoz sədri olurdu, o da ya qoca idi, ya şikəst.

– Demək, mənəvi dəyərlər, sədaqət, filan, hamısı uydurmadı?

– Sən qorxu olmadan bir kütləni necə idarə edə biləcəyin haqda heç düşünmüsənmi? Buna görə də din var, dövlət qanunları var, əxlaq anlayışı var. Bunlar olmasa necə xaotik vəziyyət olduğunu heç təsəvvürünə gətirmisən? Sənin dediklərin isə kamilləşmiş insanlara xas xüsusiyyətdi. Hamı üçün deyil. Hamı üçün olmadığına görə, kütləni idarə eləmək üçün din var, qanunlar var. Mənəvi dəyərlər elə bunun üçündü.

– Bəlkə heç mənəvi dəyərlər lazım deyil. Həyatın axarına qoşulub yaşayanlar üçün həyat daha rahat olduğuna görə, bəlkə elə ən doğrusu budu?

– Mənə elə gəlir ki, son vaxtlar həyatın axarına qoşulub yaşayanlar daha çoxdu. Rejim çökəndən sonra insanların içində də bir çöküş yarandı. Bu elə-belə ötüşmür ki, uzun müddət psixologiyalara təsirini göstərir. İnsanların öyrəşdiyi dəyər çökür həm də. İnsanlar pulundan belə hər şeyini itirdi və yenidən başlamalı oldu. Və bu izsiz ötüşmür, valideynlərdən övladlara keçir. İtirəcək bir şeyi qalmayan insanlardan hər şey gözləmək olar. Son vaxtlar bu qara toplum məni narahat edir. Dəyər sistemini ona görə yaradıblar ki, insanları idarə eləmək mümkün olsun. İdarəolunmaz toplum qorxuludu. Necə ki, biz bunu Əfqanıstanda, İraqda, Suriyada baş verənlərin nümunəsində görə bilirik. Sistemi dağıdırlar, sonra xaos başlayır. İnsanların daxili aləminə arxalansaq isə çox şey baş verər. Sən düşünürsən ki, məsələn, bu əşya filankəsindi, xoşuna gəlsə də toxunmarsan. Amma başqası elə düşünmür axı, xoşu gəlirsə məcbur dartıb alır. Lazım gəlsə buna görə baş da kəsər. Buna görə də idarə etmə sistemini möhkəmləndirmək və qorumaq lazımdı. İnsanlara güvənsək çox şey baş verər.

– Son illər Azərbaycan qadınının yadına düşüb ki, təkcə ana, bacı, xala, bibi deyil, həm də qadındı. Evli qadınların gündə biri başqasına qoşulub gedir.

– Bütün bunlar yenə də dediyim tənəzzülün fəsadlarıdı. Bu qadınlar hisslərinin ardınca getmirlər, macəra axtarırlar. Biz bunlara haqq qazandırsaq təsəvvürünə gətirirsənmi cəmiyyət necə olar? Elə bilir getdiyi yerdə qayğı görəcək. Evində heç olmasa bir nəfər döyür. Gedib düşəcək ya bara, ya orqan mafiyasının əlinə. Hökm çıxarmağı sevmirəm, amma hər şeyi də kişilərin üstünə atmaq olmaz, axı. Bəlkə qadının özü döyülməyə rəvac verir. Baxırlar türk seriallarına, yaxud da, bəzi aktrisaların ondan-bundan alıb geyindiyi paltarlara, kiminsə bağının açarını alıb çəkdirdiyi verilişlərə, elə bilirlər bunlar da kiməsə qoşulub gedəndə eyni həyatı görəcəklər. Bu gün televiziyada göstərilən realiti-şoularda bu məsələləri çox qabardırlar, bunun axırı yaxşı deyil. Ailə institutunun dağılmağı yaxşı heç nə vəd eləmir.

Belə hallar yəqin ki, bütün dövrlərdə olub. Amma yəqin ki, bu qədər də deyildi. Zamanla dəyərlər dəyişir. Bəlkə insanları qınamaq da lazım deyil. Günahın hamısı zamandadı...

– O zamanlar sözə, şəxsiyyətə hörmət var idi. Məsələn, mənim atamın bir sözü ilə imkansız kənd ailələrinin uşaqlarını univeristetə qəbul edirdilər, yaxud, kəsiləndə imtahandan keçirdirdilər. İndi bu mümkün deyil. Kiməsə bir söz deyərsən, elə bilərlər pulu alıb yemisən. Görünür, bu həm də şəxsiyyətinə inanacağın insanların sayının azalmasına görədi. Bax bayaq dediyim dağılmaq, həm də bu dağılmaqdı. Yenə deyirəm,dağılmaq təkcə gözlə gördüyün şeylərin dağılması deyil ki, insanın içi də dağılır.

– Vətən torpaqları kimi, yəni? Odamı prosesin tərkib hissəsi kimi öz-özünə parçalanıb dağılır? Bəs vətən xaini deyirdilər, satqın deyirdilər, nə deyirdilər?...

– Böyük bir dövlətin dağılması üçün böyük bir plan var idi. Qarabağ da həmin planın tərkib hissəsi kimi başladı, bir tərəfdən Dnestryanı torpaqlar, digər tərəfdən Abxaziya məsələləri bir-birinin ardınca ortaya atıldı. Bizdən asılı deyildi. Bu məsələnin böyük bir izahı yoxdu. Bu qədər bəsit və sadədi hər şey. Yəni, heç kim heç nəyi satmayıb. Ola bilsin bir-iki qaçaq-quldur kiminsə evindən bir-iki stol-stul oğurlaya bilərdi. Fərsiz  olmuşuq, dövlətin dağılmasına hazır olmamışıq.  Bu başqa məsələdi....

O yerlərdə doğulub böyüyənlər, gənclikləri o yerlərdə keçən ahıl qarabağlılar kimi görmək istəyirəm Qarabağı.Haqqında verilişlər görəndə kövrəlirəm. Mənim indi Avropaya can atan vaxtımdı. Deyəsən vaxtından qabaq yaşlanmağa başlamışam.

– Mən  2011-ci ildə Türkiyəyə gedəndə, İran sərhəddi ilə Naxçıvana keçirdik. Arazın o  tayından Cəbrayılın kəndləri görünürdü. Ağırlıqdan başqa heç nə vermir. Bilirsənmi, bəşər yaranandan bu belədi. Antalya dünənə qədər italyanların əlində idi, indi gedib dincəlirik. Gerçəklikləri düşünmək lazımdı. Yuqoslaviya dağılanda nə qədər yuqoslav öldürüldü, nə oldu ki? Kalininqrad almanların şəhəri idi və adı da Keniqzberq idi. İndi ruslar oturub içində, almanlar heç yaxın da gedə bilmirlər. Bunlar siyasi məsələlərdi, yəni müharibə yolu ilə torpaqların yenidən bölüşdürülməsi. İmperiyalar çökür və onun nəticəsində belə hadisələr baş verir.

Bilirsənmi, çarpayının hansı tərəfində yatırsansa, bəzən onun üçün də darıxırsan səfərdə olanda. Bunun adı vətəndi. İnsan yeddi yaşına kimi nəyi yeməyə öyrəşirsə ağız dadı o cür formalaşır. Ona görə deyirlər ki, anamın bişirdiyi yeməklər hamısınınkından dadlıdı. Öyrəşdiyin həyat tərzi, məişət vətəndi. Aqil hərdən böyüdüyü yerlərdən, bəlkə bir xatirəni otuz dəfə danışıb. Mən özüm də o yerlərdə çox olmuşam. İndi mən özüm o yerlərin xiffətini çəkirəmsə, gör indi orda doğulub böyümüş adamlar nələr çəkir.

– İyirmi yanvar hadisələri haqda da iyirmi beş ildi müzakirələr gedir, ittihamlar səslənir. Bir halda ki bu da bir planın tərkib hissəsi idi, demək vətən xaini, qəhrəmanlıq məsələləri də lüzumsuzdu?

–70 il sərt qanunlarla idarə  olunmuş bir  dövlətin içində üsyan başlayır  və dövlət  qurumları bunu özbaşına  buraxa  bilməz. Sərhəd dirəklərini sökürlər, dövlət  qurumlarının fəaliyyətini dondururlar və sairə. Xaos  başlayır ölkədə... Bunu  həll  eləmək  lazımdı. Amma  nə  şəkildə? Məsələ bu ammadadı. Tank, top-tüfəng lazım deyildi ki... Elə soyuq hava idi, su  fışqırtsaydılar  adamların  üzərinə hamı  dağılışıb gedərdi evinə. Həmin hadisələri  törədənlər elə  hökumətin qəddar düşmənləri  idilər ki, günahsız vətəndaşlarını qətl etdilər. Halbuki,  tamam  başqa  yolları da  vardı... Tam  səmimi  deyirəm, Sovetin dağılmasına  səbəb həm də ciddi siyasi liderin yoxluğundan qaynaqlanırdı... O  vaxt  Qorbaçov  yox,  Heydər  Əliyev olsaydı dövlətin başında və ruslar  öz  şovinist düşüncələrindən əl çəksəydilər, o hadisələr də olmazdı, deyə düşünürəm. Bəlkə yanılıram... O  hadisələr  bir  dövlətin  tənəzzülü  idi. Lazımi anda lazımsız aktlar həyata  keçirməklə... Subyektiv  fikrimdi.

–Adama elə gəlir ki, hər şeyin qloballaşdığı dövrdə vətən anlayışı zamanla keçib getməkdədi. Zatən indi kimə hara, hansı ölkə xoşdursa, çıxıb ora gedir. Daha heç nəyin və heç kimin uğrunda ölmək də istəmirik, hərə öz hayındadı...

- Vətən  uğrunda  hər  zaman  ölən olacaq... Yanvar  hadisələri  tamam  başqa  aspektdən izah  olunmalıdı. İndi  xaos  yaratmaq istəyənləri cəzalandırmazlar ki? Hara  getsən də  Vətən Vətəndi. Pafossuz  filansız.Vətən mücərrəd görünə bilər anlayış  kimi . Amma  çox  gerçək bir  substansiyadı.Səhər üzümü yuduğum əlüzyuyan, qapıdan  çıxıb işə  getdiyim küçə, görməyə alışdığım binalar, sən,mən. Bunlar  Vətəndi...

 





19.01.2015    çap et  çap et