Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Dövlət başçıları iki ölkə arasında xüsusilə, son dövrlərdə yaranmış bir sıra problemləri müzakirə ediblər. Əsas diqqət ötən ilin dekabrında AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı məsələyə yönəlib. Bununla bağlı rəsmi Bakının mövqeyi aydın idi. Azərbaycan daim bəyan edirdi ki, Rusiya bu məsələdə öz öhdəliklərini yerinə yetirməlidir. Yəni Moskva üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdır.
Prezident Putin Azərbaycan lideri ilə görüşdə söhbətə məhz təyyarə qəzası ilə başlayıb və bütün tələblərin təmin olacağını bildirib: "Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk".
Putin deyib ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Prezident İlham Əliyev faciə barədə verilən ətraflı məlumata və məsələyə göstərilən şəxsi diqqətə görə təşəkkür edərək, istintaqın obyektiv aparılmasına inamını vurğulayıb.
"Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə xüsusilə təşəkkür edirəm. Biz Sizinlə dərhal təmasa keçdik. Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim. Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir minnətdarlığımı ifadə etmək istərdim", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan və Rusiya prezidentlərinin görüşü və aparılmış müzakirələr ikitərəfli münasibətlırin tam normal məcraya yönəldiyini göstərdi. Bu, həm də o deməkdir ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərini pozmağa və bu əlaqələrə xələl gətirməyə yönəlmiş cəhdlər göstərən müəyyən dairələr, xüsusilə də Simonyan, Solovyov, Zatulin və digər ermənipərəst mövqeli şəxslər öz planlarını reallaşdıra bilmədilər. Putinin media qarşısında açıqlamaları həm də bu məsələyə aydınlıq gətirdi.
Milli Məclisin deputatı Elman Nəsirov "525"ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında Tacikistanın Düşənbə şəhərində MDB Dövlət Başçılarının sammiti çərçivəsində çox əhəmiyyətli bir görüş keçirildi: "Görüş ona görə əhəmiyyətlidir ki, bir ilə yaxındır iki dövlətin liderləri arasında belə birbaşa təmas yox idi. Düzdür, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə ayaqüstü söhbət olmuşdu, lakin ikitərəfli münasibətlərdə yığılıb qalmış olduqca vacib, problemli məsələlərin həlli üçün belə bir görüş çox vacib idi. Münasibətlərimizdə yaranmış böhrana görə məsuliyyət qarşı tərəfin üzərinə düşürdü. Ötən il dekabrın 25-də AZAL-a məxsus mülki təyyarənin vurulması, 38 nəfərin həlak olması, bundan sonra Rusiyada soydaşlarımıza qarşı necə deyərlər, bir "əcinə ovuna" çıxılması, onlara yönəlik təzyiqlər və təhdidlər, iki nəfərin öldürülməsi, eyni zamanda Rusiya KİV-də antiazərbaycan təbliğatının tüğyan etməsi heç şübhəsiz, Kremlin xəbəri olmadan baş verən hadisələr deyildi. Ona görə də bu görüşün keçirilməsi olduqca vacib idi. Sevindirici haldır ki, görüş çərçivəsində Prezident Vladimir Putin görüşdə əvvəlki üzrxahlıqlığını təkrarladı, eyni zamanda, dedi ki, dəymiş ziyana görə kompensasiya ödənişini həyata keçirəcəyik. Həmçinin bu məsələdə günahı olan bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Yəni Azərbaycanın məlum tələblərini Putin dilə gətirdi və onların müsbət şəkildə həllini tapacağına dair bir öhdəlik də götürdü. Bunlar təbii ki, çox vacib məsələlərdir".
Deputat digər bir məsələyə, Rusiyada müəyyən qüvvələrin Azərbaycan əleyhinə apardıqları kampaniyaya da toxunub: "Çox istərdik ki, xüsusilə də Rusiyada fəaliyyət göstərən antiazərbaycan və ermənipərəst qüvvələrin sistemli və intensiv şəkildə Azərbaycana qarşı fəaliyyətinə də son qoyulsun. Rusiya Dövlət Dumasında Zatulin kimi deputatlar var ki, onlar hətta İlham Əliyevlə Vladimir Putin arasında keçirilən görüşün nəticələrinə belə indidən kölgə salır, illüziyalarla danışır və yenə də antiazərbaycan mövqeyini gizlədə bilmirlər. Belə qızışdırıcı, avantürist çıxışlara son qoyulmalıdır. Rusiya telekanallarına tapşırılmalıdır ki, Azərbaycan Rusiya ilə strateji tərəfdaş dövlətdir. Bu dövlətlə münasibətdə üzərinizə götürdüyünüz öhdəliklərə sədaqətli olmalısınız. Nəzərə alın ki, bu gün Rusiyaya qarşı demək olar ki, bütün beynəlxalq güclər birləşib. Bu gün dünyada Rusiya ilə normal münasibətdə olan dövlətlərin sayı son dərəcədə azdır. Belə bir reallıqda Azərbaycan kimi dövləti itirmək nə dərəcədə Rusiyanın strateji maraqlarına uyğundur? Heç bir uyğunluq yoxdur. Hesab edirəm ki, bunu hamıdan daha çox Prezident Putin dərk edir. Onun Azərbaycan lideri ilə apardığı danışıqlar və əldə edilmiş razılaşmalar ümid yaradır ki, ikitərəfli münasibətlərimizə xələl gətirən bütün amillər aradan qaldırılacaq və münasibətlərimizin əvvəlki normal vəziyyətə qayıdışı təmin ediləcəkdir. Bu, hər iki dövlətin maraqlarına tamamilə cavab verir".
Politoloq İlyas Hüseynov "525"ə bildirib ki, Düşənbə görüşü sadəcə olaraq dialoqun bərpası deyil, Moskva ilə Bakı arasında buzların əriməsinə işarədir, baxmayaraq ki, münasibətlərin tam normallaşması haqqında danışmaq hələ tezdir.
Onun sözlərinə görə, danışıqların böyük hissəsi son illərdə Rusiya-Azərbaycan münasibətlərinin ən ciddi sınağına çevrilmiş AZAL-ın təyyarə qəzasının araşdırılmasına həsr olunub: "Putin faciədən sonra Prezident İlham Əliyevin irəli sürdüyü Bakının üç əsas tələbinin yerinə yetirildiyini faktiki olaraq təsdiqlədi. Birincisi, üzrxahlıq. Rusiya lideri baş vermiş fəlakətdən dərhal sonra üzr istədiyini xatırladıb və hadisənin Rusiya səmasında baş verdiyini vurğulayıb.
İkincisi, günahın etirafı. Rusiya Prezidenti fəlakətin iki səbəbini göstərib: Rusiya Federasiyasının sərhədini keçən üç Ukrayna pilotsuz aparatı və Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqlar.
Üçüncüsü, məsul şəxslərin cəzalandırılması və təzminat ödənilməsi. Putin qeyd edib ki, "analoji faciəli hallarda olduğu kimi" Rusiya məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət vermək və bütün öhdəlikləri yerinə yetirmək niyyətindədir.
Beləliklə, Rusiyanın mövqeyində müsbət dəyişiklik nəzərə çarpır - Moskva Bakını başa düşdüyünü nümayiş etdirir, lakin tədbir görməzdən əvvəl ilin sonuna qədər baş verəcək təyyarə qəzası ilə bağlı yekun hesabatı gözləyir.
Bakı bu dəyişikliyi tanıyır və buna görə də rəsmi müddəti qəbul edir. Buna görə də, Putinin dediyi kimi, "vəziyyəti həll etmək üçün vaxt lazımdır". Bu ifadə, bəlkə də, sabitləşmə vasitəsi kimi vaxtı və aydın konsensus fonunda hazırkı mərhələni yekunlaşdırır".
Politoloq söyləyib ki, iqtisadi əməkdaşlıqla bağlı vəziyyət fərqlidir: "Burada qəbul edilən prinsip belədir: iqtisadiyyat və siyasət bir-birindən ayrıdır. AZAL ilə bağlı müzakirələrdən sonra diqqət əməkdaşlığa yönəldi. Putin vurğulayıb ki, Rusiya və Azərbaycanın maraqları əsasən üst-üstə düşür və humanitar, ticarət və iqtisadi əlaqələr "şəraitə baxmayaraq" inkişaf edir.
Dövlət başçımız təsdiqləyib: "Bu il heç bir yerdə geriləmə olmadan bütün sahələrdə müsbət dinamika müşahidə olunub". O, Putinin nəzarəti altında aparılan istintaqın obyektiv yekunlaşacağına əminliyini bildirib və Rusiya liderini doğum günü münasibətilə bir daha təbrik edib.
Bundan başqa, qeyd etmək lazımdır ki, görüş ərəfəsində hər iki ölkədə bir neçə aydır internetdə aktiv şəkildə yayılan neqativ xəbərlər nəzərəçarpacaq dərəcədə azalıb. Azərbaycan lideri "hər iki ölkənin cəmiyyətində siqnalların müsbət qəbulu"na ümid etdiyini bildirərkən məhz bunu nəzərdə tuturdu. Siqnal cəmiyyət tərəfindən qəbul edilərsə, nifrət dolu ritorika azalacaq. Azərbaycanla bağlı yeni "SVO" xəyalları quran Sergey Klyuçenkov (digər adı Mardan) və onun bənzərləri xarici agent elan edilə bilər.
Ümumiyyətlə, dekabr ayına qədər çox şey konsensus gözləntisində qalacaq. AZAL-ın qəza hesabatının dərc olunması başlanğıc nöqtəsi olacaq.
Buna baxmayaraq, Bakıda Şimal-Cənub dəhlizinin inkişafı üzrə Rusiya-Azərbaycan-İran üçtərəfli işçi qrupunun görüşü gözlənilir. Baş nazirin müavini Aleksey Overçuk nümayəndə heyətinin tərkibindədir. Onun Yekaterinburq hadisələri səbəbindən əvvəllər təxirə salınan səfəri indi razılaşmaların praktiki davamı və ən yüksək səviyyədə davam edən əməkdaşlığın göstəricisi kimi görünür. Əsas odur ki, ədalət bərpa olunsun və Rusiyadakı azərbaycanlıların taleyi daha təhlükəsiz olsun. Təbii ki, itiriləni geri qaytarmaq olmur. Münasibətlər yeni normal, lakin konstruktiv atmosferdə qurulacaq".
çap et