525.Az

Azərbaycan Yaxın Şərq Sülh Sammitində


 

​​​​​​​“PREZİDENT İLHAM ƏLİYEVİN SÜLH TƏŞƏBBÜSLƏRİ BEYNƏLXALQ MİQYASDA NÜMUNƏ KİMİ DƏYƏRLƏNDİRİLİR”

Azərbaycan Yaxın Şərq Sülh Sammitində<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edib. Dünyanın aparıcı ölkələrinin liderlərinin qatıldığı bu sammitə Azərbaycanın dəvət olunması bir daha dövlət başçısının həm regional, həm beynəlxalq miqyasda nüfuzunun, sülhyaratmada oynadığı rolun göstəricisidir. Bunun bir sübutu da odur ki, təkcə oktyabr ayı ərzində Prezident 4 fərqli coğrafiyada 4 sammitdə iştirak edib. Avropa Siyasi Birliyinin sammiti (Kopenhagen), Türk Dövlətləri Təşkilatının sammiti (Qəbələ), MDB sammiti (Düşənbə) və nəhayət, Şarm əl-Şeyxdə sülh sammiti.

Görünən odur ki, bu gün Prezident İlham Əliyevin qlobal məsələlərə, çətin problemlərə baxışı, mövqeyi, təklifləri, təşəbbüsləri bütün dünya üçün maraq kəsb edir. Aparıcı liderlər müxtəlif beynəlxalq platformalardan istifadə edərək İlham Əliyevlə təmasa, müzakirələrə can atır, onunla məsləhətləşirlər.

Azərbaycan dövləti hər zaman sülh təşəbbüskarı olub, bu istiqamətdə ardıcıl olaraq öz səylərini göstərib. İkinci Qarabağ müharibəsində böyük qələbəsinə bxmayaraq, qarşı tərəflə sülhün əldə olunması üçün addımlar atıb, sülh sazişi layihəsini hazırlayıb və bu gün Ermənistanla əldə edilən nəticələrdə Azərbaycanın rolu danılmazdır.

Eyni zamanda, ölkəmiz uzun illərdir davam edən İsrail-Fələstin münaqişəsində hər zaman ədalətli mövqe sərgiləyib, problemin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olaraq çıxış edib. Məlumdur ki, BMT 1947-ci ilin noyabrında Fələstin və İsrail dövlətlərinin yaradılması haqqında qətnamə qəbul edib. Azərbaycan da daim iki dövlət prinsipini dəstəkləyir və bu, ölkəmizin dəyişməz mövqeyidir. Bakının İsrail ilə çox yaxın münasibətləri var, bununla belə, ölkəmizin münaqişə ilə bağlı mövqeyi Təl-Əvivdə də anlayışla qarşılanır. Azərbaycan Fələstin dövlətinə ardıcıl şəkildə humanitar dəstək göstərir. Bu yardımların həcmi milyonlarla ABŞ dolları təşkill edir. Həmçinin fələstinli tələbələrin ölkəmizdə təhsil alması təmin edilib. Azərbaycan, eyni vaxtda İsraildə səfirlik, Fələstin Dövlətində isə Təmsilçilik Ofisi təsis edib. Azərbaycandan regiona həyata keçirilən rəsmi səfərlər də hər iki ölkəni əhatə edib.   

Ümumiyyətlə, xüsusilə son illər ölkəmizin Yaxın Şərq regionunda işirakçılığı, rolu artmaqdadır. Bunun əsas istiqamətlərdən biri də Suriyadır. Azərbaycan-Suriya əlaqələri, eyni zamanda ölkəmizin Yaxın Şərq siyasətinin bir hissəsidir. Bakının çoxşaxəli xarici siyasəti geniş coğrafiyanı – Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və s. regionları əhatə etməklə ona böyük nüfuz qazandırıb. Rəsmi Bakının bu siyasəti müstəqil, balanslaşdırılmış olmaqla, ədalət prinsipini, beynəlxalq hüququn normalarını üstün tutur. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində Azərbaycan Yaxın Şərq regionunda da etibarlı tərəfdaş olaraq qəbul edilir.

Bəşər Əsəd rejiminin süqutu ilə Azərbaycan-Suriya əlaqələrində yeni bir dönəm başlayıb, tarixən mövcud olan əlaqələr bərpa olunub. Əsəd rejimindən sonra Azərbaycan bu ölkəyə humanitar yardım göstərən, Suriyanın ərazi bütövlüyünə, suverenliyinə güclü dəstəyini ifadə edən ilk ölkələrdən biri oldu. Həmçinin Türkiyə ilə birlikdə Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına, bərpa-quruculuq prosesinə töhfə verməyə hazırlığını ifadə edib, 12 illik fasilədən sonra ölkəmizin Dəməşqdəki diplomatik missiyası yenidən fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin tapşırığına əsasən hökumətin yüksək səviyyəli nümayəndə heyəti Suriyada səfərdə olub, bu ölkədə bərpa-quruculuq işlərində Azərbaycanın nə kimi dəstək verə biləcəyini araşdırıb.

Bu gün Azərbaycanla Suriya arasında yeni istiqamət Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır. Bu məsələ Suriya liderinin Bakıya səfəri zamanı diqqət mərkəzində olub. Artıq Azərbaycan qazı Suriyaya nəql olunur ki, bu da ölkənin ciddi enerji probleminin aradan qaldırılmasında mühüm rol oynayır.

Azərbaycanın rolu təkcə humanitar, sosial dəstəklə yekunlaşmır. Bakı, həmçinin bir sıra ölkələr arasında gərginliyin aradan qaldırılmasında vasitəçi kimi çıxış edir, qlobal məsələlərin həllində iştirak edən dövlətə çevrilib. Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində “sakit diplomatiya” prinsipindən çıxış edən Bakı, görüşlərin təşkilinə öz töhfəsini verib. Həmçinin Türkiyə ilə İsrail arasında gərginliyin aradan qalxmasında, təmasların təşkil edilməsində önəmli rol oynayıb.

ABŞ tərəfi Azərbaycanı “İbrahim razılaşmaları”nda görmək istəyir. Bu sazişlər ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutur. Vaşinqtonda hesab edirlər ki, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması geosiyasi mənzərəni dəyişəcək. Təbii ki, Azərbaycanın Yaxın Şərq regionu ilə bağlı belə mühüm sammitə dəvət olunması, qeyd edilən sazişlərdə iştirakı ilə bağlı məsələnin gündəmə gətirilməsi bir daha ölkəmizin beynəlxalq miqyasda mövqeyini,  əhəmiyyətli aktora çevrildiyini göstərir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov “525”ə deyib ki, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Misirə səfəri ölkəmizə olan yüksək diqqətin, etimadın və onun beynəlxalq nüfuzunun bariz göstəricisidir.

Deputat əlavə edib ki, Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi, regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb:

“Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib. Bu, ardıcıl və balanslı siyasət nəticəsində Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, sözünə və mövqeyinə hörmətlə yanaşılan dövlət kimi tanınır. Misirə həyata keçirilən bu səfər yalnız rəsmi xarakter daşımır - bu, həm də Azərbaycanın ərəb ölkələri və ABŞ ilə münasibətlərinin strateji səviyyədə inkişaf etdiyinin sübutudur. Azərbaycanın beynəlxalq arenadakı fəallığı, xüsusilə Yaxın Şərqdə sülh, sabitlik və quruculuq proseslərində artan rolu, ölkəmizin uğurlu, çoxşaxəli və balanslı xarici siyasət xəttinin növbəti təsdiqidir. Bu səfər Azərbaycanın dünya siyasətində artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir”.

C.Məmmədov vurğulayıb ki, Azərbaycanın əksər müsəlman ölkələri ilə çox yaxın münasibətləri var: “Ölkəmiz həm İsrail, həm Fələstin, həm Suriya ilə yaxşı əlaqələrə malikdir. Azərbaycan İsrail-Suriya münasibətlərində normallaşmasında mühüm rol oynayır, getdicə Yaxın Şərqdə rolunu daha da artırır, bu prosesi öz töhfəsini verməyə çalışır. Ölkəmizin sülh sammitinə dəvət edilməsinin əsas səbəblərindən biri də məhz bu amildir ki, Azərbaycan Yaxın Şərqdə sülhün formalaşmasında ciddi rol oynaya bilər”. 

Milli Məclisin deputatı Elçin Mirzəbəyli hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə səfəri təkcə regional proseslər baxımından deyil, həm də Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal dialoq məkanında etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısının ABŞ və Misir liderlərinin şəxsi dəvəti ilə belə bir yüksək səviyyəli toplantıya qatılması ölkəmizin beynəlxalq arenada oynadığı rola verilən yüksək qiymətin təzahürüdür: “Yaxın Şərqdə sülhün və sabitliyin bərpasına yönələn bu sammit, əslində, dünyanın diqqət mərkəzində olan bir prosesin diplomatik zirvəsidir. Prezident İlham Əliyevin həmin platformada iştirakı isə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəminə beynəlxalq miqyasda da önəm verildiyini təsdiqləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil qərar verən, öz maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda qlobal sülhün təmininə töhfə verən dövlət kimi tanınır. Məhz bu mövqeyin nəticəsidir ki, Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiya məkanında da strateji tərəfdaş, etibarlı dost və rasional vasitəçi kimi qəbul olunur.

Prezident İlham Əliyevin sülh təşəbbüsləri, xüsusilə regionda dayanıqlı sabitliyin bərpasına yönəlmiş ardıcıl siyasəti beynəlxalq miqyasda nümunə kimi dəyərləndirilir. Ermənistanla Azərbaycan arasında 2025-ci ilin sentyabrında Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş razılaşmalar da bu siyasətin məntiqi nəticəsidir. Həmin razılaşmalar uzun illər davam edən qarşıdurmaya son qoymaqla regionda real sülhün təməlini qoydu və Qafqazda yeni siyasi arxitekturanın formalaşmasına şərait yaratdı”.

Deputat əlavə edib ki, Azərbaycanın sülh gündəliyi artıq regional çərçivəni aşaraq beynəlxalq miqyasda dəstək qazanıb: “Prezident İlham Əliyevin BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü humanitar və təhlükəsizlik təşəbbüsləri onun qlobal diplomatiyada konstruktiv, məsuliyyətli lider obrazını daha da möhkəmləndirib. Bu baxımdan, Yaxın Şərq Sülh Sammiti Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, həmçinin qlobal təhlükəsizlik sistemində fəal iştirakının təbii davamıdır. Misirdə keçirilən sammitdə iştirak Azərbaycanın həm İslam dünyası, həm də Qərb siyasi mərkəzləri ilə əlaqələrinin qarşılıqlı etimada əsaslanan yeni mərhələyə qədəm qoyduğunu da göstərir. Azərbaycan bu gün müxtəlif siyasi bloklar arasında körpü rolunu oynayır, qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq məkanının formalaşmasına real töhfə verir.

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik çəkisinin artdığını təsdiqləyən mühüm hadisədir. Bu iştirak həm Azərbaycanın müstəqil siyasətinin nəticəsidir, həm də onun sülh və sabitlik missiyasının beynəlxalq miqyasda qəbul olunduğunun göstəricisidir”.

 





14.10.2025    çap et  çap et