Bazar günü, oktyabrın 19-da Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçiriləcək.
525.az xəbər verir ki, prezidentlik uğrunda 8 namizəd mübarizə aparacaq.
Hazırkı prezident Ersin Tatar müstəqil namizəd kimi seçkiyə qatılacaq. E.Tatardan başqa, Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlər sırasındadır.
Paytaxt Lefkoşa başda olmaqla bütün şəhər və kəndlərdə meydanlar namizədlərin afişaları və pankartları ilə bəzədilib, birinci turda iştirak edən namizədlərin elanları qəzetlərdə, televiziya kanallarında, internet saytlarında və sosial media hesablarında yer alır.
Namizədlər hər gün şəhər və qəsəbələrdə keçirilən mitinqlərdə, birliklərin təşkil etdiyi tədbirlərdə iştirak edirlər.
Namizədlərin təbliğat və təşviqat işləri 18 oktyabrda iş saatının sonuna qədər davam edəcək.
Şimali Kipr xalqı oktyabrın 19-da keçiriləcək prezident seçkilərində ölkəni idarə edəcək altıncı prezidenti seçmək üçün 9-cu dəfə seçkiyə gedəcək.
Prezident beş ildən bir xalq tərəfindən seçilir və müddət məhdudiyyəti yoxdur. Namizəd seçkilərin birinci turunda 50% + 1% səs (sadə çoxluq) qazanarsa, prezident seçilir.
İbrahim Cəfərov
çap et