525.Az

Dəyişkən qrafikli iş rejimi


 

BU MODELİN TƏTBİQİ NƏQLİYYAT SIXLIĞININ AZALMASINA MÜSBƏT TƏSİR GÖSTƏRƏ BİLƏRMİ?

Dəyişkən qrafikli iş rejimi<b style="color:red"></b>

Məlum olduğu kimi, bu ilin əvvəlində Prezident İlham Əliyev Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramını təsdiq edib. Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkil edilməsi nəzərdə tutulub.

Bu gün paytaxt yollarında nəqliyyat sıxlığını yaradan əsas səbəblərdən biri məhz iş və dərsə başlama saatlarının eyni vaxtda olmasıdır. Əgər məktəb, dövlət idarələri və iri şirkətlərin işə başlama qrafikində mərhələli şəkildə dəyişikliklər edilsə, bu zaman yollardakı tıxacların 20-25 faiz azalması gözlənilir.

İşə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə keçməsi dövlət proqramının istiqamətlərindən biridir. Bu sistemin tətbiqi ölkə üçün olduqca vacibdir. Bu təcrübə artıq bir çox ölkədə özünü doğruldub: "Əksər Avropa ölkələrində dövlət qurumları, özəl sektor, eyni zamanda xidmət sahələri üzrə fərqli iş saatları tətbiq edilir. Buraya təhsil müəssisələri də daxildir. Azərbaycanda da buna bənzər praktikanın tətbiq edilməsi vacibdir. Bu, hər gün qarşılaşdığımız tıxacın, sıxlığın aradan qaldırılması baxımından vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda demək olur ki, bu sistem effektli mexanizmdir. Dünya ölkələri bu kimi üsullardan istifadə etməklə tıxar, sıxlıq problemini aradan qaldırılmasına nail olurlar".

Millət vəkili qeyd edib ki, Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş prinsipi saxlanılsa da, işəgötürənlərə bu saatları çevik şəkildə tənzimləmək imkanı veriləcək. Aparılan tədqiqatlar göstərir ki, belə model nəqliyyat sıxlığını azaldır, işçi məhsuldarlığını artırır və sosial gərginliyi azaldır: "Qeyd edim ki, müvafiq proqrama uyğun olaraq iş saatlarının həcmi eyni qalacaq. Bu istiqamətdə bir dəyişiklik yoxdur. Yalnız vaxtlarda dəyişiklik ediləcək. Sadəcə işə başlama və iş vaxtının bitməsi saatları fərqli olacaq. Bu zaman bütün qurum və təşkilatlarda 09.00-18.00 iş rejimi tətbiq edilməyəcək. Müəssisənin, yaxud qurumun fəaliyyət göstərdiyi sektordan asılı olaraq, iş saatı müəyyənləşdiriləcək. Əmək Məcəlləsinə uyğun səkkiz saatlıq iş rejimi tətbiq ediləcək. Yəni yeni qərar iş saatlarının uzadılması və ya qısaldılması mənasında başa düşülməməlidir. Sadəcə, iş saatları dəyişdiriləcək. Burada əsas məqsəd yollardakı tıxacı, sıxlıqı aradan qaldırmaqdır".

Paytaxt yollarında nəqliyyat axını tənzimlənər

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, məktəblər, dövlət idarələri, ticarət və xidmət müəssisələrinin eyni vaxtda fəaliyyətə başlaması sıxlıq və tıxac yaradır. Ancaq məktəblər, dövlət idarələri və s.-nin iş rejimləri fərqli vaxtlarda başlasa, bu zaman yaranmaz. Paytaxt yollarında nəqliyyat axını tənzimlənər: "Yeni iş qrafiki müəyyən edilərkən həm dövlət, həm də özəl sektorun fəaliyyət qrafikləri bir-biri ilə uyğunlaşdırılmalıdır. Bu, başlıca şərtdir. İlk başlarda sosial uyğunlaşma dövrü olacaq. İnsanların iş və həyat ritmi dəyişdiyi üçün ilk mərhələdə müəyyən narahatlıqlar yarana bilər. Amma zaman keçdikcə bu sistemə adaptasiya mümkündür və onun faydası aydın şəkildə hiss olunacaq".

Hər işin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyevin fikrincə, yeni iş qrafikinə uyğun olaraq avtomobil istifadəçilərinin işə getdiyi saatlar dəyişdikcə, tıxaclar daha bərabər şəkildə paylanacaq. Bu zaman yol hərəkəti daha ardıcıl və təxmin edilə bilən olacaq. Tıxacın müəyyən dövrlərdə yığılmaması avtomobil idarəçilərinə daha az stress və vaxt itkisi gətirər: "Ancaq hər işin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Əgər fərqli sektorlar üçün iş saatları təyin edilsə, ictimai xidmətlər, o cümlədən, metro, avtobuslar, tibbi xidmətlər və təhsil müəssisələrinin fəaliyyətləri arasında koordinasiya problemi yaranması mümkündür. Bu da sosial xidmətlərin keyfiyyətinə və cəmiyyətin ümumi rifahına mənfi təsir göstərə bilər. Həmçinin, bəzi müəssisələrdə iş saatlarının dəyişdirilməsi, əməkdaşların daha çox işləməsinə və ya yorğunluğa yol aça bilər".

Sevinc QARAYEVA

 





17.10.2025    çap et  çap et