525.Az

Fransanın daha bir şəhərində Azərbaycan Mədəniyyəti Günləri açılıb


 

Fransanın daha bir şəhərində Azərbaycan Mədəniyyəti Günləri açılıb<b style="color:red"></b>

Azərbaycanı Fransada daha yaxından tanıtmaq üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə həyata keçirilən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Savua regionunun Mejev şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılışı olub.

Fonddan verilən məlumata görə, tədbiri açan şəhərin meri xanım Kristin Jülyən-Breş Xəzər dənizinin sahilində yerləşən Azərbaycanın qədim sivilizasiya məkanı kimi artıq dünyada tanındığını diqqətə çatdırıb. O, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkədə dəfələrlə səfərdə olduğunu, Fransanın sabiq prezidenti Nikolya Sarkozinin və hazırkı dövlət başçısı Fransua Ollandın Azərbaycana səfər etdiklərini bildirib. Hər iki ölkədə çoxlu sayda dostluq qruplarının təşkilinin fransız xalqı ilə Azərbaycan xalqının bir-birini tanımaqda müstəsna rol oynadığını qeyd edən mer Qusar rayonu ilə Mejev şəhəri arasında dostluq xartiyasının imzalanmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. O, Mejevlə Qusarın dağlıq ərazidə yerləşməsinin dostluq əlaqələrinin yaranmasında başlıca amil kimi dəyərləndirib. Azərbaycana səfəri çərçivəsində Qusar rayonu ilə yaxından tanış olduğunu diqqətə çatdıran Kristin Jülyən- Breş Şahdağın ətəyində müasir tələblərə cavab verən xizək meydançasının Avropadakılardan heç də geri qalmadığını vurğulayıb. Mer mədəniyyət günlərinin təşkilinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Mejev ilə Qusar arasında bünövrəsi qoyulan dostluğun dünyada əmin-amanlığa töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycan Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Azərbaycanın zəngin və son dərəcədə maraqlı ölkə olduğunu, iki ölkənin xalqları arasında əlaqələrin sürətlə inkişaf etdiyini, respublikamızın müstəqilliyini uğurla qoruyub saxladığını bildirib.

Azərbaycanın Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini diqqətə çatdıran səfir Elçin Əmirbəyov prezident İlham Əliyevin 2012-ci ildə Fransaya səfərini, dövlət başçısı Fransua Olland ilə birlikdə Luvrda İslam İncəsənəti Muzeyi departamentinin təntənəli açılışında iştirak etdiklərini xatırladıb. Diplomat, həmçinin Fransa prezidentinin ötən ilin mayında Azərbaycanda səfərdə olduğunu, Parisdə vaxtaşırı Azərbaycan mədəniyyəti günləri ilə bağlı tədbirlərin keçirildiyini, ötən ilin sentyabrında paytaxtın San-Sülpis meydanında təşkil olunan "Azərbaycan şəhərciyi"nin buna əsl nümunə olduğunu bildirib.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın iqtisadi tərəqqisinə görə Cənubi Qafqazda lider dövlətə çevrildiyini diqqətə çatdıran diplomat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müvəfəqiyyətlə icra olunduğunu, bölgələrdə müasir infrastrukturun yaradıldığını söyləyib.

Ölkəmizi Fransada tanıtmaq istiqamətində mühüm işlər görən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bu ölkənin artıq 23 şəhərində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində tədbirlərin keçirilməsindən bəhs edən E.Əmirbəyov bu səpkidə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Çıxışlardan sonra Mejev meriyasının rəsmiləri, şəhərin qonaqları əvvəlcə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatların nümayiş etdirildiyi, eləcə də Qusar rayonunun təbiəti, bu rayondan olan rəssam, əsərləri müxtəlif ölkələrin muzeylərində saxlanılan və sərgilərində nümayiş etdirilən Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət və "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" sərgilərində təqdim edilən eksponatlarla yaxından tanış olublar.

Sərgi yanvarın sonunadək davam edəcək.

Tədbirdə Əməkdar artist, virtuoz ifaçı İsfar Sarabskinin rəhbərlik etdiyi caz qrupu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.

S.ABDULLAYEVA

 





20.01.2015    çap et  çap et