525.Az

Azərbaycan-Fransa: Münasibətlərdə yeni dövr 


 

Azərbaycan-Fransa: <b style="color:red"> Münasibətlərdə yeni dövr </b>

Azərbaycanla Fransa arasında münasibətlərdə yeni bir dönəm başlayır. Artıq iki ölkə əməkdaşlıq səhifəsinin bərpası istiqamətində addımlar atır. Əslində Fransa ilə münasibətlərdə yaşanan böhranda Bakının heç bir rolu olmayıb. Azərbaycan hər zaman Fransa ilə yaxşı münasibətlərin tərəfdarı olub. Ölkələrimiz arasında dərin iqtisadi, mədəni, humanitar əlaqələr qurulub. Fransa prezidentləri Azərbaycana münasibətdə normal mövqedə olub, keçmiş Qarabağ münaqişəsi ilə bağlı neytral yanaşma tutublar. Azərbaycanın İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra Fransa ölkəmizə qarşı qeyri-adekvat, qərəzli mövqe nümayiş etdirib. Parisin həm ikitərəfli müstəvidə, həm beynəlxalq miqyasda Azərbaycan əleyhinə addımları münasibətlərdəki böhranı daha da dərinləşdirdi. Amma rəsmi Bakının beynəlxalq hüquq çərçivəsində atdığı addımları, haqlı tərəf olması, güclü diplomatik gedişləri Fransanın bütün təşəbbüslərini neytrallaşdıra bildi.

Bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammit və Azəbaycanla Ermənistan arasında imzalanmış razılaşma, sülh sazişinin paraflanması artıq Paris və bir sıra digər güclərin manevr imkanlarını sıfırladı.

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü olub. Fransa lideri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı, Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələrin regional sülh gündəliyinin irəli aparılması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən Kopenhagen görüşünü xatırladıb, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunulub. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulanıb, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edilib, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.

Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə "Total" şirkəti arasında əməkdaşlığın önəmi qeyd edilib. Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Onu da xatırladaq ki, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində də prezidentlər İlham Əliyev və Emmanuel Makron arasında qısa söhbət olub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM)  eksperti Mətin Məmmədli "525"ə deyib ki, Prezident İlham Əliyev Fransa səfirini qəbul edərkən artıq ikitərəfli gündəlikdə yeni dövrün başladığını, problemlərin arxada qaldığını bəyan etdi: "Bu da deməyə əsas verir ki, artıq perspektivdə iki ölkə arasında biz münasibətlərdə yalnız müsbət dinamikanı müşahidə edəcəyik. Məlum olduğu kimi, son illərdə iki ölkə arasında münasibətlərdə ciddi böhran yaranmışdı. Bunun da əsas səbəbi Fransanın siyasəti ilə bağlı idi. Fransa İkinci Qarabağ müharibəsindən sonra post münaqişə problemlərinə ədalətsiz, qərəzli yanaşdı, bu da nəticədə Azərbaycanla Fransa arasında münasibətlərdə ciddi problemlərin yaranmasına səbəb oldu. Görünən odur ki, Fransa İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış geosiyasi reallıqları qəbul edə bilmirdi, bu səbəbdən də ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqe nümayiş etdirirdi. Fransa parlamenti, Fransa Senatı dəfələrlə Azərbaycana qarşı sərt, ədalətsiz, əssasız qətnamələr qəbul edib. Fransa Prezidenti və digər rəsmilər ölkəmizin ünvanına ittihamlar səsləndirib. Azərbaycan da Fransanın bu yanlış və qərəzli mövqeyinə qarşı prinsipial, adekvat mövqe nümayiş etdirib. Düşünürəm ki, hər halda, nəhayət Fransa hakimiyyəti də anladı ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Azərbaycan o ölkələrdən deyil ki, təhdidlə ona nəyisə qəbul etdirəsən".

M.Məmmədli hesab edir ki, Fransa hakimiyyəti bu reallığı anladıqdan sonra iki ölkə arasında münasibətlərdə müsbətə doğru dönüş baş verməkdədir.

Ekspert hansı sahələrin ikitərəfli gündəlikdə prioritet təşkil edə biləcəyinə də toxunub:

"Azərbaycan və Fransa arasında bu günə qədər bir çox sahələrdə əməkdaşlıq münasibətləri qurulub. Siyasi, diplomatik müstəvidən əlavə, iqtisadi sahədə, o cümlədən enerji, ticarət, nəqliyyat sahələrində iki ölkə yüksək səviyyəli münasibətlər qurub. Azərbaycan Fransanın reginoda əsas ticarət tərəfdaşlarından biridir. Düşünürəm ki, qarşıdakı perspektivdə də münasibətlərin normallaşması ilə paralel olaraq əsasən də enerji istiqaməti, - istər ənənəvi, istər qeyri-ənənəvi - , həmçinin ticarət, nəqliyyat və s. sahələrdə iki ölkə arasında münasibətlər daha da dərinləşəcək. Təbii ki, Fransanın ölkəmizlə bağlı mövqeyində hər hansı bir ciddi dönüş edəcəyi təqdirdə, iki ölkə arasında münasibətlər daha da dərinləşəcək".

Politoloq Zaur Məmmədov isə "525"ə bildirib ki, Fransa ilə Azərbaycan arasındakı münasibətlər müsbətə doğru dəyişə bilər. Onun sözlərinə görə, bu, Fransanın bugünkü Makron hakimiyyəti və ondan sonrakı hakimiyyətlərindən asılı olacaq:

"Hazırda Vaşinqton sazişidən sonra bölgə ətrafında geosiyasi istiqamətlərdə bir sıra korrektələr baş verir və bu, avtomatik olaraq Azərbaycan və Fransa münasibətlərində də özünü göstərməkdədir. Təbii ki, gələcəkdə də keçmişlə bağlı geosiyasi maraqlar kəsişə bilər, üst-üstə düşməyə bilər, bunu inkar etmək lazım deyil. Məlum məsələdir ki, Fransanın ənənəvi olaraq Cənubi Qafqaza baxış bucağında onun Türkiyə və Rusiyanın rəqabəti də üst mövqedə olub. Ona görə tam olaraq Azərbaycan və Fransa münasibətlərinin inkişaf yoluna qədəm qoyacağını qeyd etmək də olmaz. Amma eyni zamanda, münasibətlərin daha da pisləşməməsi, sabit və orta xətlə inkişaf edəcək əməkdaşlıqdan və münasibətlər sistemindən gələcək vaxtlarda danışa bilərik".

 

 





20.10.2025    çap et  çap et