525.Az

Yaradıcı şəxsiyyətin bütövlüyü və ucalığı


 

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM ASLAN QƏHRƏMANLININ VƏFATININ BİRİNCİ İLDÖNÜMÜ TAMAM OLUR

Yaradıcı şəxsiyyətin bütövlüyü və ucalığı<b style="color:red"></b>

...Aslan müəllim haqda keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Onunla 1967-ci ildən başlayan tanışlığımız sonralar möhkəm dostluğa çevrildi. Bir kollektivdə çalışdıq, eyni binada qonşu olduq. Bu illərlə bağlı çox xatirələrim var: onların bir qismi Aslan müəllimi görkəmli elm adamı kimi, bir qismi peşəkar müəllim kimi, bir qismi rəhbər kimi, bir qismi ədəbiyyat adamı kimi, bir qismi ailə başçısı kimi və bir qismi isə onu dost, yoldaş və qonşu kimi xarakterizə edir.

Aslan müəllim çox istedadlı riyaziyyatçı idi. Bununla bağlı yaddaşımda qalan hadisələrdən birini xüsusi qeyd etmək istəyirəm.

O, Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi kimi çalışırdı və elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi. Həmin dövrdə elmi işlər müdafiədən sonra təsdiq olunmaq üçün keçmiş SSRİ-nin paytaxtına - Moskvaya Ali Attestasiya Komissiyasına göndərilirdi. Aslan müəllimin dissertasiya işi Moskvaya çatdıqdan sonra oradan da rəy verilməsi üçün Novosibirsk Elm Mərkəzinə göndərilir. Həmin Mərkəzdə işləyən riyaziyyat üzrə çox məşhur bir akademik onun elmi işinə rəy verməli idi. Bu məsələ xeyli gecikdiyi üçün Aslan müəllim özü Bakıdan Novosibirskiyə getməli olur. Akademik çox qısamüddətli görüşdə ona ingilis dilində bir elmi məqalə verir və deyir ki, bunu tərcümə et, sonra elmi işinlə bağlı söhbət edərik.

Aslan müəllim ingilis dilini bilməsə də, bunu akademikə söyləməyə lüzum görmür. Elmi mərkəzdəki kitabxanalardan birinə gedir və orada lüğət vasitəsilə məqaləni ingiliscədən ruscaya tərcümə edir. Rusiyalı akademik tərcüməni oxuduqdan sonra Aslan müəllimə elmi işindən heç bir sual vermədən müsbət rəy yazır və dissertasiya təsdiqini alır.

Vaxtilə Aslan müəllimlə bir qrupda ali təhsil alan, sonralar riyaziyyat üzrə akademik olan bir nəfər indiki Bakı Dövlət Universitetinin müəllimləri təkmilləşdirmə kursunda dərs deyirdi. O dövrdə ali məktəb müəllimləri hər 5 ildən bir təkmilləşmə kurslarına getməli idilər. Aslan müəllim də indiki Neft Akademiyasının "Tətbiqi riyaziyyat" kafedrasının dosenti idi və növbəti təkmilləşmə kursuna getmişdi. Akademik birinci dərsə girəndə Aslan müəllimi də dinləyicilər arasında görür və hal-əhval tutandan sonra deyir: "Ay Aslan, mən sənə yeni nə deyəcəyəm, get, kursun axırında gələrsən".

Çox təəssüf ki, Aslan müəllim elmi yaradıcılıqla sonralar məşğul olmadı. Əgər məşğul olsa idi, çox böyük elm adamı kimi daha yüksək ad-san qazanardı.

Aslan Qəhrəmanov peşəkar müəllim idi. Həm savadı, həm davranışı, həm geyimi ilə həmkarlarına nümunə göstərməyi bacarırdı. Uzun illər bir sıra ali təhsil ocaqlarında işləmiş və hər yerdə də tədris qaydalarına dürüst əməl edən, dərslik, dərs vəsaiti və tədris-metodiki təminatın hazırlanması sahəsində müqayisəolunmaz dərəcədə peşəkarlıq göstərən bir müəllim kimi tanınmışdı.

Yadımdadır, mən Moskvada Mərkəzi Riyaziyyat-İqtisadiyyat İnstitutunda aspirant olan vaxt o da Rostov Dövlət Dəmiryol İnstitutunun Bakı filialında müəllim kimi çalışırdı. Vəziyyət elə gətirir ki, müəyyən neqativ hallara yol verilməsi ilə əlaqədar həm baş institutdan, həm də hüquq-mühafizə orqanlarından filiala yoxlamalar gəlir. Aslan müəllim istisna olmaqla, demək olar ki, filialın bütün əməkdaşları ilə bağlı neqativ faktlar aşkarlanır. Nəticədə həmin şəxslər işdən çıxarılır, hətta bəziləri ciddi cəzalandırılır da... İnstitut rəhbərliyi Aslan müəllimə etimad göstərərək onu Bakı filialına direktor təyin edir. Həmin dövrdə Aslan müəllimi hətta Rostova qəbul və dövlət imtahanlarını götürməyə dəvət edir, dərsliklər, dərs vəsaitləri, proqramların hazırlanması ilə bağlı yaradıcılıq komissiyalarına daxil edirdilər.

Sonralar indiki ADNA-nın "Tətbiqi riyaziyyat" kafedrasında, Azərbaycan Universitetində o, belə şəffaf, yaradıcı fəaliyyəti ilə hamının böyük rəğbətini qazanmışdı.

Aslan müəllim "Azərbaycanın vergi jurnalı"nın yaradıcılarından biri olub və bu elmi jurnalın baş redaktoru kimi səmərəli fəaliyyət göstərib. Vergi sistemi başqa sahələrlə müqayisədə Azərbaycan reallığı, xalqı və dövləti üçün yeni bir sahə olduğundan onun haqqında biliklər, məlumatlar çox az idi. Hətta bir iqtisadi kateqoriya kimi peşəkar iqtisadçılar üçün də müəyyən çətinliklər mövcud idi.

Hər yerdə olduğu kimi, burada da Aslan müəllim qısa müddətdə, demək olar ki, bu sahənin mütəxəssisinə çevrildi və vergilər sahəsində biliklərin populyarlaşdırılması, əhalinin maarifləndirilməsi, məlumatlandırılması sahəsində çox böyük və vacib işlər gördü.

Bu gün elə bir sahə yoxdur ki, vergi sistemi qədər elmi və pedaqoji, maarifləndirici və s. kimi ədəbiyyatlarla təmin olunsun.

Bu sahədə 3-5-ci, 6-8-ci, 9-11-ci siniflər üçün dərsliklər, bakalavr və magistr təhsili üçün dərsliklər, "Vergi mədəniyyəti" və nəhayət, "Vergi Ensiklopediyası" kimi iri həcmli kitablar hazırlanıb şagirdlərin, tələbələrin və geniş oxucu kontingentinin istifadəsinə verilib. Bu işlərdə Aslan müəllimin əməyi ölçüyəgəlməzdir, bu əməyin dəyərini müəyyənləşdirmək mümkünsüzdür.

Burada mən, xüsusilə 3-5-ci siniflər üçün "Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı" və "Vergi mədəniyyəti" kitablarını qeyd etmək istərdim.

Görkəmli psixoloq alim, professor Əbdül Əlizadə, tanınmış pedaqoq, professor Əjdər Ağayev həmin dərsliyi uşaq ədəbiyyatı sahəsində yeni janr adlandırıblar. Bu kitabda həm nağıl dilində vergi, maliyyə, bank, xəzinə, pul və s. kimi anlayışlar haqqında məlumatlar verilir, həm tarixi personajlardan, həm də ədəbiyyatda mövcud olan vergi ilə bağlı nümunələrdən misallar gətirilir. Dərslik hazırlanarkən Aslan müəllim şairlərə müraciət etdi, onlar vergilərə həsr olunmuş şerlər yazdılar və onları kitaba daxil etdik.

"Vergi mədəniyyəti" kitabı ilə bağlı bir neçə kəlmə qeyd etmək istərdim. Bir gün Aslan müəllimə dedim: "Mən bir vərəqə elə boş vaxtımda "dövlət" yazdım, sonra isə "var-dövlət" yazdım və çox maraqlıdır ki, burada həm məna eyniliyi və həm də müxtəlifliyi var. Bu "var" "dövlət" sözünün əvvəlinə necə düşüb?" Beləliklə, cəmiyyət, dövlət, iqtisadiyyat, vergi və s. haqda müzakirələr aparıldı və nəticədə orijinal, o dövr üçün dünya ədəbiyyatında mövcud olmayan, çox zəngin və dolğun informasiya mənbəyinə malik kitab meydana çıxdı.

Burada Aslan müəllimin çox maraqlı bir qənaətini diqqətinizə çatdırmaq istəyirəm.

Bizə ali məktəblərin iqtisadiyyat də

rsliklərində "iqtisadiyyat" əvəzinə "ekonomika" sözünü "oykos" (ev təsərrüfatı) və "nomos" (qanun, qayda) sözlərinin birləşməsi kimi, yəni ev təsərrüfatının idarə edilməsi - "evdarlıq" kimi izah edirdilər.

Əslində isə "iqtisadiyyat" ərəb sözü olub "qəsədə"dən (yönəlmək, qənaət etmək, çatmağa çalışmaq) əmələ gəlib. Müxtəlif mənalarda işlənən "qəsədə" sözündən həm də "qasid", "məqsəd", "qəsd" sözləri yaranıb. Bütün bu sözlərin kökündəki qənaətcillik, istəyə ən qısa zamanda çatmaq, kəsə yolla getmək mənaları ilk baxışda fərqli görünsə də, əslində, onların ümumi cəhətləri daha çoxdur. Bir işi ən az müddətə görmək vaxta, kəsə yolla getmək isə məsafəyə qənaət deməkdir. Məktub aparan, müəyyən tapşırığı kiməsə çatdıran adam "qasid" adlanır. O, heç bir yerdə ləngimədən öz məqsədinə nail olmağa çalışır, yola və zamana qənaət edir. Ona görə "qasid" sözünü ərəblər həm də "qənaətcil" mənasında işlədirlər.

Yeri gəlmişkən, klasik ədəbiyyatımızda şeirin yığcam bir "qəsidə" forması da var. "İqtisad" sözü isə ərəb dilində, eyni zamanda həm "qənaətcillik", həm də "təsərrüfat" deməkdir, "iqtisadiyyat" həmin sözün cəm halıdır. Biz Aslan müəllimin bu yanaşmasını "Vergi mədəniyyəti" kitabının iqtisadiyyat bölməsinə daxil etmişik.

Eyni zamanda Aslan müəllimlə birlikdə yazdığımız "İqtisadi-riyazi üsul və modellər", "Ekonometrika" kimi dərsliklər uzun illərdir universitetlərdə dərslik kimi istifadə edilir.

Aslan müəllimin ensiklopedik biliyi, orijinal düşüncə tərzi vardı, sadə, təvazökar, təmənnasız adam idi. Qəbul etdiyi qərarı heç vaxt dəyişməzdi. "Azərbaycanın vergi jurnalı"na 7 il 7 ay və 7 gün rəhbərlik etdikdən sonra bu vəzifədən azad edilmək üçün ərizə yazdı və heç bir tövsiyəyə, təklifə baxmadan qərarının üstündə dayandı.

Mən dörd il Azərbaycan Universitetinə rəhbərlik etdikdən sonra yenidən Vergilər Nazirliyinə qayıdarkən universitetə yeni rəhbər kimi Aslan müəllimin namizədliyini verdim. Amma bilirdim ki, əvvəlcədən desəm, razı olmayacaq. Elmi Şuranı yığdım: məqsədim həm kollektivlə xudahafizləşmək, həm də Aslan müəllimi təqdim etmək idi.

O, elə əvvəllər də, jurnalın redaktorluğundan çıxandan sonra da bu universitetdə müəllim işləyirdi. Kollektiv onu, o da kollektivi yaxşı tanıyırdı. Mən yeni rektorun Aslan müəllim olacağını elan etdim və bu seçimin düzgünlüyünə, onun universitetdə olan şəffaflığı, təmənnasızlığı layiqincə qoruyacağına əminliyimi bildirdim. Rəhmətlik heç nə demədi və orada razı oldu.

Düzü, sonradan onun könlünü almaq üçün çox əmək sərf etdim. Amma dəyərdi, universitetin mənafeyi onu tələb edirdi. Mən əminəm ki, Aslan müəllim məhz onu əsas götürüb etiraz etmədi. Amma çox qısa müddətdən sonra bu vəzifədən də getməyi qərara aldı və bu qərarını da belə əsaslandırdı ki, çoxlu yarımçıq işlərim var, onları başa çatdırmalıyam...

Aslan müəllimin ədəbi yaradıcılığı haqqında söz demək ədəbiyyatşünasların işidir və hesab edirəm ki, gənc ədəbiyyatçılarımız onun ədəbi irsini araşdıracaqlar. Yalnız bir faktı deyim ki, Aslan müəllim dərsliklər üzərində işləyərkən bütün tərcümələri - istər şeir, istər hər hansı bədii material olsun - hazır istifadə etməyə razı olmazdı, özü orijinaldan tərcümə edərdi.

Azərbaycan Universitetinin himnini hazırlamaq lazım idi. Mən bir çox adamlara müraciət etdim. Xeyli mətnlər toplandı. Lakin Aslan müəllimin yazdığı şeir seçildi və onun sözlərinə çox dəyərli bəstəkarımız Səyavuş Kərimi musiqi bəstələdi. Mən deyərdim ki, çox gözəl bir sənət əsəri yarandı.

Aslan müəllim gözəl ailə başçısı, yaxşı dost, qayğıkeş yoldaş və mehriban qonşu idi. Biz onunla, eyni zamanda 30 ilə yaxın bir binada, bir blokda yaşamışıq. Bir dəfə də olsun münaqişə iştirakçısı olmağını görməmişəm. Yaxşı şahmat oynayırdı. Hərdən axşamlar həyətə düşər, şahmat oynayardıq.

...Təəssüf ki, amansız xəstəlik Aslan müəllimi tez haqladı və ona yarımçıq qalmış işlərini başa çatdırmağa imkan vermədi.

Onun nurlu, işıqlı xatirəsi qəlbimizdə daim yaşayacaqdır!

Akif MUSAYEV

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor

 





20.01.2015    çap et  çap et