“Qazax Gürcüstan və Ermənistan sərhədlərinə yaxın ərazidə yerləşən, Azərbaycanın mənzərəli şəhərlərindən biridir. Biz onun adının etimologiyası ilə bağlı araşdırma apardıq və maraqlı məlumatlara rast gəldik”.
525.az xəbər verir ki, bu fikirləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Taraz və Qazax şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında protokol imzalanmasından danışarkən deyib.
O bildirib ki, XVI əsrin əvvəllərində Azərbaycan-fars hökmdarı şah İsmayıl, Məhəmməd xan Şeybani ilə düşmən münasibətində idi. Məhəmməd Şeybani isə Qazax xanı Kasımın xalası oğlu olduğuna görə, Kasım ona kömək məqsədilə qoşun göndərib:
“Şah İsmayıl döyüş zamanı əsir düşən qazax igidlərini Qafqaza göndərib. O vaxtdan etibarən qazax bahadırlarının yerləşdirildiyi bu ərazi həmin adla tanınmağa başlayıb.
Bu gün də Azərbaycanın şimal-qərbində Qazax rayonu və Qazax şəhəri mövcuddur. Qazax rayonunda hələ də antropoloji baxımından qazaxlara çox bənzəyən insanlara rast gəlmək mümkündür. Azərbaycanın ilk hərbi pilotu Fərrux Ağa Qayıbovun şəklinə baxmaq kifayətdir. Qazax rayonu Azərbaycanın tək bölgəsidir ki, burada qurut hazırlanır. Oranın sakinləri mərdliyi ilə seçilir. Bundan əlavə, burada atları çox sevirlər və aşıqlara böyük ehtiram bəsləyirlər.
Buna görə də biz qərara gəldik ki, Qazaxın məhz qədim Taraz şəhəri ilə qardaşlaşma münasibətlərinin qurulması doğru olardı. Çünki Taraz XV əsrdə Qazax xanlığının qurulduğu ərazidə yerləşir. Bu simvolik addım qardaş xalqlarımızı daha da möhkəm birləşdirəcək”.
Səfir deyib ki, ümumiyyətlə, Azərbaycanda ortaq tariximizə işarə edən çoxlu toponimlər mövcuddur:
“Məsələn, Qıpçaq və Cəlayir adlarını daşıyan yaşayış məntəqələri, həmçinin Saklarla bağlı adlar var. Beləliklə, müasir strateji əməkdaşlığımız və qardaşlıq münasibətlərimiz çox möhkəm tarixi təməllər üzərində qurulub. Hesab edirəm ki, tarixçilərimiz peşəkar diqqətini bu maraqlı qədim səhifələrin öyrənilməsinə yönəltməlidirlər".
Pərvanə Sultanova
çap et