525.Az

Üzeyir və Məleykə


 

MƏKTUBLARDA YAZILAN ROMAN 

Üzeyir və Məleykə<b style="color:red"></b>

Azərbaycanın XX əsr mədəniyyət və musiqi tarixində Üzeyir Hacıbəyli (Hacıbəyov) qədər hələ öz sağlığında geniş şöhrət qazanaraq tanınan və sonralar da adı və xatirəsi daim əziz tutulan ikinci bir şəxs təsəvvür etmək çətindir. İlahi istedad, böyük zəhmət, təhsil və qiraətlə daim artırılan bilik, yeniliyə açıqlıq, maraq, müşahidə, ünsiyyət, xeyirxahlıq, nəhayət qayğı və məhəbbət kimi keyfiyyətlərin təcəssümü olan bu insan nəinki öz zamanında, bəlkə də Zamanın fövqündə doğulmuşdu. Belə ki, yaşadığı bütün üç fərqli siyasi quruluş, üç dövlət - Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti, Azərbaycan SSR - şəraitində bütün sarsıntı və təlatümlərə, maneə və çətinliklərə baxmayaraq, özünütəsdiqin bütün sınaqlarından keçərək baş vurduğu hər sahədə peşə, həyatda isə şəxsi Kimliyini saxlaya bilmişdi: bəstəkar, dirijor, musiqişünas, pedaqoq, jurnalist, publisist, redaktor, naşir, dramaturq, alim, ictimai-siyasi xadim! Oğul, Qardaş, Dost, Ər, Qohum, Müəllim, sadəcə İnsan!

 

(Əvvəli ötən sayımızda)

 

Üzeyir və Məleykə Hacıbəyovlar arasında yazışmanın şərti olaraq ikinci dövrü adlanacaq zaman kəsiyi 1912-ci il avqust-oktyabr aylarının əvvəllərini əhatə edir. Bu müddət ərzində əldə olan 51 məktubdan 35-i Üzeyir bəy, 16-sı Məleykə xanım tərəfindən yazılıb. Burada "əldə olan" ifadəsinə diqqət yetirmək lazımdır. Belə ki, 1909-cu ilə aid yazışmada olduğu kimi, məktubların  məzmun və tarixlərindən aydın görünür ki, onların heç də hamısı hifz olunmayıb, bəzi məktubların isə ya əvvəl, ya son vərəqləri yoxdur. Bununla belə, bu dövr yazışması da istər Üzeyir-Məleykə Hacıbəyovlar münasibətlərinin xarakteri, istərsə də toxunulan digər mövzulara dair çox maraqlı məlumatlar, xüsusilə Üzeyir bəyin bioqrafiyasındakı bəzi tarixləri və məqamları dəqiqləşdirmək baxımından böyük əhəmiyyətə malikdir.

Üzeyir bəyin 1912-ci ilin 10 avqustunda qatarla Bakıdan Moskvaya yola düşdüyü gündən Zaqafqaziya dəmir yolunun demək olar ki, bütün stansiyalarından Məleykə xanıma poçt-kartlarda qısa məktublar göndərməsi və onların məzmunu 3 illik ailə həyatının onun ilk sevgi qığılcımlarını nəinki söndürmədiyini, əksinə, daha da alovlandırdığını göstərir. Beləliklə, Bakını tərk etdikdən bir gün sonra, 11 avqust 1912-ci il tarixdə Üzeyir bəyin Rostov-Don şəhəri dəmir yolu stansiyasında yazdığı poçt-kartdan: "Ayrılığımızdan sonra mən özümü çox pis hiss etdim, bu haqda hələ yazacam. Mən yolda özümü  gözləyirəm və çox ehtiyatlıyam, mənim üçün narahat olma, amma lütfən (pojaluysta), özünü qoru, darıxma, məndən ötrü narahat olma, ən başlıcası, həmişə yaxşı əhval-ruhiyyədə ol, çox xahiş edirəm". Bu ruh bütün digər 34 məktubun məğzini təşkil edir və Məleykə xanım gəlib Moskvaya çıxana qədər Üzeyir bəyin ayrılıqdan çəkdiyi qüssə və iztirablar, onları ifadə tərzi, sevgilisinin gəlişini sürətləndirmək üçün etdiyi təkliflər və s. məhəbbət mövzusunda epistolyar janrda yazılmış ən gözəl ədəbi nümunələr sırasına daxil edilməyə layiqdir.

Moskva məktublarında həmişə pul qıtlığı çəkən Üzeyir bəyin bu böyük şəhərdə öz məişət problemlərini həll etməsinə həsr olunan parçalar, gətirdiyi xırda təfərrüatlar, rastlaşdığı insan obrazlarının təsvirləri də şübhəsiz ki, güclü müşahidə qabiliyyəti və yumor hissi olan yazıçı və publisist qələmindən çıxan mətnlərdir.

Bu dövr məktubların ən mühüm məna və informasiya yükünü isə, təbii ki, Üzeyir bəyin Moskva konservatoriyasından bəhs edən məlumatlar daşıyır. Moskvada yerləşdikdən sonra dərhal konservatoriyaya gedən Üzeyirin ilkin təəssüratı: "Mən bu müqəddəs sənət məbədini titrək qəlb və həyəcan içində seyr etdim! Binanın təkcə zahiri görkəmi aydın göstərir ki, onun daxilində böyük sənətə ciddi xidmət edilir!"

Sənədlərinin təqdimi və digər rəsmi formallıqlar haqqında qısa məlumat verən Üzeyir bəy konservatoriyanın direktoru ilə görüşü üzərində ətraflı dayanır və bu zaman gənc azərbaycanlı bəstəkarın öz həmsöhbətini yaxşı "tanıdığı" və elə ilk görüşdən onun da diqqətini cəlb etdiyi məlum olur: "Bu gün  Konservatoriyanın direktoru, əsərlərini hələ səninlə birlikdə Jeleznovodskda dinlədiyimiz  bəstəkar və dirijor İppolitov-İvanovun yanında oldum. O, məni çox mehribanlıqla qarşıladı və  mənim əsərlərimlə maraqlandı, əsərlərimi ona göstərəcəyimi vəd etdim. Biz onunla Şərq musiqisi haqqında danışdıq və mən onun öz musiqisində başa çatdırmadığı bir hissəni  xatırlatdım. O, bunu nəzərə alacağını bildirdi və sonra həftədə bir dəfə ona baş çəkməyimi və işlərimi göstərməyimi istədi. Nəhayət ki, əsl professorla qarşılaşdığım üçün necə də sevinirdim..." 

Moskva konservatoriyasının rektoru, tanınmış rus bəstəkarı, dirijor və pedaqoq M.M.İppolitov-İvanov  Üzeyir bəyin pianoda yaxşı çalmadığını biləndən sonra ona bəzi əməli məsləhətlər verir və onu daha bir tanınmış rus bəstəkarı və  pedaqoqu, konservatoriyanın professoru A.A.İlinskiyə yönəldir. Məlum olur ki, azərbaycanlı gənc konservatoriyaya daxil olmaq üçün hələ ən azı bir il hazırlıq mərhələsindən keçməlidir. 

Lakin sonrakı məktublardan görünür ki, ağır maddi durum, hər qəpiyin aparılan hesabı, yeni qazanc mənbələrinin axtarışı, təkliyin çəkdirdiyi əzablar, Bakıda qalan böyük ailəsinin ehtiyacları, xüsusilə müqavilə bağladığı "Nicat" cəmiyyəti ilə münaqişə həddinə çatmış münasibətlər Üzeyiri daim "Konservatoriyaya daxil olmaq kimi əsas məqsəddən" yayındırır.

Bu "müqəddəs sənət məbədinə" qəbulla bağlı üzləşdiyi şərtlər və özünün çıxardığı qərar haqda xəbərlərin Bakıda məyusluq və narahatlıq doğurması isə Üzeyir bəy üçün xüsusilə anlaşılmazdır: "Cənablar, mən buraya musiqi öyrənmək üçün gəlmişəm; Mənim təhsilim harada və necə keçəcək, bunun qətiyyən əhəmiyyəti yoxdur, təki o, yaxşı nəticələr versin. Musiqi bəstələmək üçün əsas olan nəzəri biliklərimi mən 6-7 ay ərzində fərdi qaydada təkmilləşdirə bilərəm, pianino üçün isə mənə yalnız 1 il müəllimlə çalmaq kifayətdir, sonra özüm davam edə bilərəm. Belə olan halda, iki il nəzəriyyə, yeddi il fortepiano oxumalı olacağım konservatoriyaya niyə yazılmalıyam? Məqsədimə ən qısa yolla nail oluramsa, uzun yol nəyə lazımdır?"

Məleykə xanım, qardaşı Ceyhun və Müslüm Maqomayevin bu məsələ ilə bağlı ifadə etdikləri "kədər" Üzeyir bəyə "gülünc gəlirsə", konservatoriyaya qəbul olunmadığı xəbərinə "Nicat" cəmiyyətinin münasibəti onu artıq qəzəbləndirir: "Nicat"ın mənə konservatoriyaya daxil olmaq şərti qoymağa haqqı yoxdur, belə ki, mən onların pulu ilə oxumuram. Üstəlik, məni Moskvaya musiqi öyrənməyə "Nicat" göndərməyib, mən özüm gəlmişəm. Mən "Nicat" ilə sırf kommersiya münasibətindəyəm; Mən onlara  şəxsi işlərimə qarışmaq üçün heç bir hüquq vermirəm. Bu haqda heç bir  söz ola bilməz".

Hər məktubda adı çəkilən "Nicat" cəmiyyətinin əsərlərindən daim pul qazandığı və bu cəhətdən əslində özünün asılı olduğu Üzeyir bəyi az qala istismar etdiyi, uzaq Moskvada daim gərginlik və əsəb içində saxladığı onun yalnız Məleykə xanımla deyil, qardaşı Ceyhun və Bakıdakı bütün işlərini həvalə etdiyi Müslüm Maqomayevlə yazışmalarından da qırmızı xətt kimi keçir. Maddi durumuna görə çarəsiz vəziyyətə düşən Üzeyirin bəzən bu cəmiyyətin irəli sürdüyü ən alçaldıcı şərtlərə razı olmaq məcburiyyətində qalması isə onun son nəhayətdə Moskva konservatoriyasında artıq uğurlar qazandıqdan sonra belə, təhsilini yarımçıq qoyub Bakıya qayıtmaq qərarına təsir edəcək.

Üzeyir Hacıbəyovun Moskvada təhsil dövrü onun böyük şəhərin açdığı imkanlardan faydalanmaq bacarığı və uzaqgörənliyi kimi keyfiyyətlərini üzə çıxarır. Moskvaya gəldiyi ilk gündən özünün və Bakıdakı böyük ailəsinin dolanışığı üçün böyük cidd-cəhdlə əlavə gəlir mənbələri axtarışları Üzeyir bəyi Rusiyada geniş "sinematoqrafiya" şəbəkəsi olan Fransanın "Pate qardaşları" kampaniyasının kino çəkilişləri cəmiyyətinə gətirir: "Məni, müsəlman yazıçısı və bəstəkarı kimi çox hörmətlə qarşıladılar. Mən onlara Şərq həyatından səhnələr çəkməyi təklif etdim və bildirdim ki,  indiyə qədər filmlərdə Şərq həyatından heç nə yoxdur. Onlar məndən süjetlər təqdim etməyimi xahiş etdilər, bəyənərlərsə, qəbul edərlər".

Sonrakı məktublarında Üzeyir bəy öz pyesləri əsasında "Şah Abbas" və "Şeyx Sənan" mövzularında süjetləri artıq kino cəmiyyətinə təqdim etdiyini xəbər verir: "Burada məndən nəsə ciddi yapışıblar, 3 süjet verməyimi və danışıqlara gəlməyimi istəyirlər". Bu kino truppasının Puşkin və Lermontovun əsərləri üzrə çəkiliş etmək üçün Qafqaza yollandığını və ona da bu səfərə getmək təklifi edildiyini bildirən Üzeyir bəy "musiqi təhsili ilə məşğul olduğu" üçün bu təklifdən imtina etdiyini yazır.

Başqa bir kino cəmiyyətində "İş sahibi" ilə xeyli müzakirələrdən sonra Üzeyir bəy maraqlı bir təklif alır: Şərq həyatından onun yazdığı maraqlı süjetlər əsasında studiyanın öz hesabına çəkəcəyi filmin lentinin bir surətinin pulunu ödəyərək yalnız özünə tanış məntəqələrdə - Qafqaz, Zakaspi vilayəti, İran və Türkiyədə nümayiş üçün satmaq. Həmin təklif-sövdələşmənin bütün təfərrüatlarını açıqlayan Üzeyir bəy Məleykədən bu haqda yalnız Ceyhunla bölüşməyi, başqa bir kimsəyə deməməyi xahiş edir. Bu zaman Məleykə xanımın film çəkiləndən sonra səhnə əsərlərinin öz əhəmiyyətini itirəcəyi barədə narahatlığına: "Opera ayrı, sinematoqraf isə tamam ayrı işdir" - deyə cavab verən Üzeyir bəy kino sənətinin perspektivlərini qiymətləndirərək Ceyhunun da Moskvaya gələcəyi təqdirdə bu işləri birgə görəcəklərinə böyük ümidlər bəsləyir və azərbaycanca yazır: "Bu şəhər əsl bizim yerimizdir".

Yolunu həsrətlə gözlədiyi Məleykə xanıma məktublarının birində "Moskvada avaraları sevmirlər, amma zəhmətkeşlərə çox hörmətlə yanaşırlar" - deyə Üzeyir bəy bu şəhərdə dolanışıq üçün gəlir mənbələri axtarışlarını davam etdirir. Məşhur  "Russkoye slovo" qəzetinə məqalələr göndərdiyi, həmin qəzetdə Şərq dillərində dərs verdiyi barədə elanlar yerləşdirdiyi, eləcə də axşamlar "bekarçılıqdan" Orucovların qəzetləri üçün "hər sətri 3 qəpikdən" özünün məşhur "Ordan-burdan" başlıqlı kiçik felyetonlar yazdığını xəbər verir: "Bunu özləri xahiş ediblər. Mən isə qismən pul qazanmaq üçün, qismən də öz üslubumda yazmaq kimi hansısa daxili ehtiyacdan yazıram".

Bu "daxili ehtiyac" Üzeyir bəyi görünür, heç vaxt tərk etmir, belə ki, başqa bir məktubunda Bakı mətbuatı ilə, Orucovlarla əməkdaşlığını: "Zatən mənim yazmağımın ümdə  səbəbi öz fikrimi bəyan etmək və camaatımızdan əlaqəmi kəsməməkdir" - deyə əsaslandırır.

Bütün bu qayğılarının fövqündə  "əsas məqsədim musiqidir" - vurğulayan Üzeyir bəy, "lakin sakitcə musiqi ilə məşğul olmaq və istədiyin nəticəni əldə etmək üçün aram və təminatlı həyatla yaşamaq lazımdır" - qeydini də əlavə etməyə bilmir. Belə ki, məhz dolanışıq qayğıları və Moskvanın heç də unutdurmadığı, əksinə, Bakıdan gələn məktubların daim xatırlatdığı böyük ailəsinin maddi ehtiyacları Üzeyir bəyin özünü tamamilə musiqi təhsilinə həsr etməsinə mane olur. Bu sarıdan keçirdiyi mənəvi əzab və gərginlik onun Məleykə xanıma yazdığı bütün məktublarda açıq-aydın əksini tapır. Bəzi imtahanların öhdəsindən gəlmədiyinə dair Bakıdan, o cümlədən Məleykədən aldığı iradlar isə onun bu əhvalını daha da dərinləşdirir.

Moskva konservatoriyası kimi mükəmməl ali musiqi təhsil ocağında ibtidai musiqi təhsili belə olmayan bir dinləyicinin dərhal hər hansı uğur qazanacağı, təbii ki, mümkün deyildi və Üzeyir bəyin bir çox fənlər üzrə, xüsusilə nəzəri fənlərə dair imtahanlardan yüksək qiymətlər alması qarşısında, yalnız piano çalmaq kimi məhz uzun müddət və davamlı təcrübə tələb edən fəndən kəsilməsi yəqin ki, gözlənilən idi. "Mən hələ Konservatoriya üçün ikrahedici, yad bir şey olmadığımı sübut etmək istəyirdim. Mənə hazırlaşmaq lazımdır və sonra, əgər lazım gələrsə, daxil olmaq. Mən sizi məyus etməmək üçün hər halda imtahanlarımı verdim, amma nə olsun? Sonrakı işlərimdən imtina etməyə məcburam, üstəlik, əvvəldə mənə mehribanlıqla düz yol göstərən direktorun qarşısında rüsvay oldum".

Lakin bu halda da Üzeyir bəy Məleykə xanımı kədərləndirmək istəmir, özünə bəraətdən daha çox, onu sakitləşdirməyə çalışır: "Bunu da bil ki, 10 nəfərdən yalnız 2 nəfər qəbul olundu, mənimlə bərabər imtahan verənlər neçə illərdir professorlarla məşğul olublar, mən yazıq isə bir dərs də almamışam..." Hərçənd, "əgər "Nicat" yayın əvvəllində mənə qulaq asıb Moskvaya gəlməyə və professorlarla hazırlaşmaq üçün pul ödəməyə imkan yaratsaydı, mən birinci olardım!"...

Ən kritik məqamların birində isə tamamilə pulsuz qaldığını və naharı da "nisyə" etdiyini bildirən Üzeyir bəy "yeni borclara girməmək" üçün artıq geri qayıtmaq və bir də gələn il təhsil almaq üçün çalışmaq planını bölüşdürür. Lakin Məleykə xanımın və dostların nəhayət ki, işləri bir qədər yola qoyması və Məleykənin özünün Moskvaya gəlib çıxması bu planları hələ bir müddət təxirə salır. Bütün bu vaxt ərzində Məleykə xanımın öz həyat yoldaşına və onun böyük ailəsinə nə qədər maddi və mənəvi dəstək verdiyi məktublardan çox aydın görünür.  

Üzeyir və Məleykə Hacıbəyovların 1912-ci ilə aid yazışması, təbii ki, Məleykə xanım Moskvaya gələndən sonra başa çatır və Moskva dövrü haqqında qalan məlumatlar artıq Üzeyir bəyin Ceyhuna, Müslümə və bacısı oğlu Camala məktublarında əks olunur. Lakin bu dövr Üzeyir bəyin Məleykə xanımla yazışmasında diqqəti cəlb edən daha bir önəmli məqam var. Məktubların birində Üzeyir bəy hər hansı xəbərdarlıq etmədən, rusca yazdığı mətnin arxasına birdən-birə ərəb əlifbasında belə bir əlavə edir: "Sevgili Məleykə! Bundan sonra mən sənə kağız yazanda türkcə də yazacağam. Mənim hər bir kağızım sənin üçün bir dərs olar. Amma gərək sən də hərdən bir mənə türkcə kağız yazasan ki, görüm nə tövr yazırsan. Qələt olsa da, zərər yoxdur, mən burada düzəldib sənə bildirərəm. Məndən hər bir barədə (vo vsex otnoşeniəx) xatircəm ol.  Yemək  sarıdan (so storonı)  nigaran olma (ne bespokoysə), yaxşı yeyirəm. Məndən cəmi qohum-əqrəbaya salam-dua söylə. Hələ ki, xudahafiz. Sağ ol, var ol. Səni sevən Üzeyir".

Beləliklə, Üzeyir bəyin sevimli xanımına öz ana dilini öyrətmək cəhdləri kiçik məktublar şəklində başlayır. Məleykə xanımın bu "dərsləri" necə mənimsədiyi isə onun Üzeyir bəyə cavablarından məlum olur. 

Artıq deyildiyi kimi, Üzeyir Hacıbəyovun ev-muzeyi arxivində 1912-ci ilə aid Üzeyir bəyin öz xanımına 35, Məleykə xanımın isə ərinə 16 məktubu saxlanılır ki, bu say nisbəti məktubların ünvanları - Bakı və  Moskva - nəzərə alınmaqla başa düşüləndir. Bakıya gələn məktublar əksərən qorunmuşdur, Moskvaya göndərilən məktubların da bir qismini Üzeyir bəyin saxladığını və özü ilə Bakıya gətirdiyini ehtimal etmək olar. Onların arasında Məleykə xanımla yanaşı, Ceyhun bəyin və Müslüm Maqomayevin də məktublarının olması bu ehtimalı bir daha təsdiq edir. Məleykə xanımın cavab məktublarının sayca daha az olmasının başqa səbəbləri də var və bu heç də "diqqətsizlikdən" irəli gəlmir. Üzeyir bəyi qatarla Moskvaya yola salarkən "bütün pəncərələrin qarşısı tutulduğu üçün sevgilisi görə bilməməsindən hədsiz narahat olan" Məleykə xanımın ayrılıq və təklikdən çəkdiyi nisgilli hisslərinin ifadəsi heç də Üzeyir bəyin məktublarından az təsirli deyildir. Amma indi ərinin artıq özününkü bildiyi böyük ailəsinin qayğıları, dolanışığı həm də onun üstünə düşüb. Aldığı maaşla həm ailəyə, həm Üzeyirə dəstək verən Məleykə xanımın boynuna çəkdiyi iş üçün duyduğu məsuliyyət, ağbirçək Şirin anadan tutmuş, qayınlarına, baldızlarına və onların çoxsaylı uşaqlarına qədər çox səmimi, səbirli və doğma münasibəti məktublarının hər sətrində özünü büruzə verir. Məleykə xanım həm də Üzeyir bəyin Bakıda ən etibarlı "vasitəçisi"dir, həll olunmalı problemlərin, dolaşığa düşmüş işlərin, pul haqq-hesablarının içindədir, əlindən gələni edir, hara lazımdır gedir, kiminlə gərəkdir danışır, bu barədə ərini ən kiçik xırdalıqlarına qədər məlumatlandırır, ürək-dirək verir, sakitləşdirir. Üzeyir bəyin bəzi qərarları ilə razı olmadığı məqamlarda isə fikrini bildirməkdən çəkinməsə də, bunu mümkün qədər yumşaq tərzdə edir: "Mən belə düşünürəm ki, əgər sən öz əsərlərini sinematoqraf vasitəsilə şəhərlərə yaysan, onda mümkündür ki, heç kim teatra getməsin, çünki insanlar filmlərə baxmağa daha həvəslidirlər. Məsələn, əgər "Fenomen"də "Şah Abbas"ı göstərsələr, tamaşasına kim gedər? Hər halda, sən özün bu barədə yaxşıca fikirləş, amma mən qorxuram ki, bu yolla sən öz pyeslərini itirməyəsən".

Üzeyir bəyin Moskva konservatoriyasına daxil olmaq işini bir il təxirə salmaq planı ilə bağlı qərarına da Məleykə xanım özünəməxsus tərzdə münasibət bildirir: "Hə, mən çox istərdim ki, sən heç olmasa konservatoriyanın kiçik sinfinə daxil olasan və orada artıq ayrıca olaraq piano çalmağı öyrənəsən. Sənin üçün axı fərqi yoxdur, əgər bu il daxil olsan, gələn il yuxarı sinifdə olacaqsan. Yox, əgər ayrıca hazırlaşsan, onda yuxarı sinfə daxil olacaqsan. Sənin məktubundan mən bunu anladım. Və əgər məsələ belədirsə, mənim sənə məsləhətim budur ki, mümkünsə heç olmasa aşağı sinfə daxil ol. Bir sözlə, özün hər şeyi yaxşıca götür-qoy elə və hansı yaxşıdırsa, elə də et".

Nəhayət, Məleykə xanım Üzeyir bəyin ana dilində danışmaq və yazmaq "təklifinə" də eyni təmkin və səliqə ilə əməl edir. İlkin olaraq əvvəl kiril əlifbasında "Allah qoysa" kəlməsi ilə başlanan dil təcrübələri daha sonra ərəb əlifbasında: "Səbr elə, halva olar, ay qora səndən" kimi  atalar məsəli ilə davam edir, bəzi məktublar isə ümumiyyətlə Azərbaycan dilində yazılmış sonluqlarla bitir: "Baği salam dualar ki, xudahafiz. Allah qoysa, gələn səfər müfəssəl yazaram. Sevgilin Məleykə"; yaxud: "Acıqlanma ki, kağızım bu səfər müxtəsər oldu və gec yazdım. Səni sevən Məleykə".

Məleykə xanımın tədricən Azərbaycan dilində tam sərbəst danışdığı və yazdığı məlumdur. Üzeyir bəyin tarixi göstərilməyən, amma artıq sovet dövrü kiçik bir kağız parçasında Azərbaycan dilində ərəb əlifbasında Məleykə xanıma tələsik yazdığı bir məktub isə  deyilənlərə ən bariz sübut ola bilir: "Məleykə! On varaq not kağızı göndər. Həmin kağızdan. Üzeyir".

Məleykə xanıma bütün qohum və dostlarının, eləcə də Üzeyirin özünün əvvəllər bir qayda olaraq rusca "Malika" müraciəti qarşısında bu kiçik sifariş-məktubdakı "Məleykə" müraciəti onun ömür-gün yoldaşının adının bu şəkildə məhz azərbaycanlı qohumları tərəfindən işlənməyə başladığını və oturuşduğunu göstərir.

Üzeyir bəyin Məleykə xanıma məktublarında açıq nəzərə çarpan daha bir məqam da var: bu, onun sevdiyi qadının və xanımının səhhəti üçün daim çəkdiyi dərin nigarançılıq və narahatlıqdır. Məktublarda Məleykə xanımın hələ gənc yaşlarından sağlamlığı ilə bağlı problemləri olduğu, mütəmadi müalicələr aldığı, bir sıra ağır, hətta infeksion xəstəliklərə tutulduğu kimi məlumatlar vardır. Üzeyir bəyin yalnız onun özü ilə deyil, qardaşı Ceyhunla, hətta sovet dövrünə aid yazışmalarında belə Məleykə xanımın səhhəti məsələsini daim diqqətdə saxladığını, ümumən qayğıkeş, səbirli, mehriban həyat yoldaşı kimi davrandığını görməmək mümkün deyildir.        

1912-ci ilin avqust-oktyabr aylarını əhatə edən yazışma həm də Üzeyir bəylə Məleykə xanımın ən uzun müddətli ayrılıq dövrü kimi səciyyələndirilə bilər. Belə ki, birgə həyatlarının bütün sonrakı mərhələlərində onlar kiçik müddətli istisnalarla demək olar ki, istər istirahətə, istərsə Üzeyir bəyin iştirak etdiyi rəsmi toplantıların keçirildiyi şəhərlərə birlikdə səfər etmişlər. Bu səbəbdən Üzeyir və Məleykə xanımın yazışmasının şərti olaraq üçüncü dövrü sayıla biləcək zaman kəsiyində yalnız həmin istisnalara aid az saylı sənədlər yer almışdır ki, bunları da əsasən Üzeyir bəyin Məleykə xanıma göndərdiyi  bir neçə məktub və teleqramlar təşkil edir. Diqqətəlayiqdir ki, bilavasitə Üzeyir bəyin özü və ailəsi, əslində bütün Azərbaycan xalqı üçün ən təhlükəli bir vaxtda - 1918-ci qanlı mart hadisələri zamanı - erməni silahlı dəstələrinin Üzeyir bəyin yaşadığı evə hücumundan sonra bolşevik partiyasına mənsub qaynı Hənəfi Terequlovun vasitəsilə Şaumyan hakimiyyətindən "Hacıbəyov qardaşları" teatr truppasının "İrana qastrola" çıxmaq icazəsi alaraq Bakını tərk etməsi ilə başlanan ayrılıq da çox uzun sürməmişdir. Üzeyir bəyin 1918-ci ildə İrandan yol adamları ilə göndərdiyi məktublar əldə olmasa da, Məleykə xanımın 22 aprel tarixli cavab məktubundan qastrollarla bağlı İrandakı gözləntilərin özünü doğrultmadığı aydınlaşır və truppanın tezliklə Bakıya qayıdacağına ümid bildirilir. Lakin yəqin ki, Üzeyir bəy bolşevik-daşnak-rus qüvvələrinin hakimiyyətdə olduğu Bakıya qayıtmağı hələ məqbul saymır. Zülfüqar Hacıbəyova aid sənədlərdən göründüyü kimi, 1918-ci ilin 22 may tarixində Üzeyir bəyin bütün böyük ailəsi - anası Şirin xanım, Məleykə xanım, bacısı Sayad xanım və qızları, qardaşı Zülfüqar bəy və xanımı, qardaşı Ceyhun və digər şəxslər üçün Bakıdan çıxmaq və Ənzəli limanı vasitəsilə İrana keçmək icazəsi əldə edilmişdir. Üzeyir bəyin özünün, ailəsinin və teatr truppasının həmin dövr İranda üzləşdiyi ümumi vəziyyət haqqında isə Məleykə xanımın xatirə dəftərçəsində onun bacısı oğlu Ramazan Xəlilov tərəfindən yazılmış kiçik yazıda bəhs olunur.

Beləliklə, adı çəkilən I cildin I fəsli  Üzeyir və Məleykə Hacıbəyovların bir-birinə məktublarından və Məleykə xanımın xatirələrindən ibarət olmaqla Üzeyir bəyin həyatının əsasən iki dövrünü -  yeniyetməlik və gənclik illərini əhatə edir. Həmin sənədlərin fonunda Üzeyir Hacıbəyovun şəxsiyyətinin formalaşması prosesinin və yaşadığı mühitin ümumi mənzərəsi yaranır. Bu şəxsi yazışmalar həmçinin Üzeyir bəyin indiyədək az məlum olan daxili aləmini, şəxsi hisslərini, duyğular dünyasını, ailə münasibətlərini əks etdirir. Həmin məktubların və xatirələrin arxasından Üzeyir bəyin olduqca romantik və sentimental, saf qəlbli, çox ədəbli, sadə və mehriban, səmimi və qayğıkeş, eyni zamanda dözümlü, səbirli, zəhmətkeş obrazı boylanır. Diqqətəlayiqdir ki, bu Obraz həmin dövr artıq öz adını Azərbaycan mədəniyyəti tarixinə yazmış - bütün Şərqdə opera teatrının əsasını qoymuş bir Məşhur deyil, özünə qarşı çox tələbkar, nə istədiyini bilən və məqsədinə doğru gedən inadlı bir Gəncdir. Artıq sevgilisinə qovuşmuş bu Üzeyirin bir məqsədi var - ali musiqi təhsili almaq! Bir istəyi var - musiqidə kamilləşmək!

Bu məqsəd, bu istək onun sonrakı illərdə də əsas hədəfi olacaq və qardaşı Ceyhunla yazışmalarının da əsas məzmunu təşkil edəcək. 

 





24.10.2025    çap et  çap et