525.Az

ADU-da beynəlxalq elmi konfrans


 

ADU-da  beynəlxalq elmi konfrans <b style="color:red"></b> Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İ. Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə  “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

525.az–ın məlumatına görə, konfransda çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq keçirilən konfransın əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri, yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. S. Seyidov dilçilik məsələlərinə xüsusi diqqət yetirilməli və bu sahədə geniş araşdırmaların aparılmasına ehtiyac olduğunu deyib: “Azərbaycanda dilçilik məsələləri geniş tədqiq edilməlidir. İ. Nəsimi adına Dilçilik İnstitutunda artıq bu sahədə işlər aparılır”.

Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova ADU-nun yüksək templə inkişaf etdiyini və universitetin Azərbaycanın aparıcı təhsil ocaqlarından biri olduğunu bildirib.
İki ölkə arasında dostluq münasibələrindən danışan Gürcüstan Texniki Universitetinin professoru Tatyana Meqrelişvili  Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib.

Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  İ. Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi, professor Fəxrəddin Veysəlli “Tətbiqi dilçilik: dünən, bu gün və sabah”, Gürcüstan Texniki Universitetindən akademik Boris İmnadze “Xarici dillərin öyrənilməsində müasir intensiv metodların elmi əsasları” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzəçilər tətbiqi dilçiliyin inkişaf tarixindən, mövcud problemlərdən və həlli yollarından danışıblar.

Konfrans  “Dil və kompüter”, “Xarici dillərin tədrisi kommunikativ səriştə  kontekstində”, “Tərcümə dillərarası və mədəniyyətlərarası  kommunikasiya vasitəsi  kimi”, “Psixolinqvistika: problemlər və perspektivlər” adlı bölmələrdə öz işini davam etdirəcək.  Bölmələrdə tətbiqi dilçiliyin problemləri ilə bağlı məruzələr səslənəcək, fikir mübadilələri aparılacaq.

“Tətbiqi dilçiliyin müasir problemləri”  beynəlxalq elmi konfrans noyabrın 28-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsilə başa çatdıracaq. 

S.QARAYEVA
 





27.11.2012    çap et  çap et