525.Az

Vətən müharibəsinin yeganə qadın şəhidi


 

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ARƏSTƏ BAXIŞOVANIN ANASI MƏKTUBƏ XANIM BAXIŞOVA: "MƏN DƏ, UŞAQLAR DA ARƏSTƏNİ SONUNCU DƏFƏ MÜHARİBƏDƏN İKİ AY ƏVVƏL GÖRMÜŞDÜK"

Vətən müharibəsinin yeganə qadın şəhidi<b style="color:red"></b>

Vətən sevgisinin nə adı olur, nə sərhədi. Bu sevgi millətlərə, irqlərə, yaş həddinə, fərdlər arasındakı fərqə bölünmür. Vətən varsa, onu sevən, qoruyan, dar günündə harayına gələn, düşünmədən canını belə, fəda edən vətənpərvərlər var. Amma bəzən Vətən sevgisi səssiz olur. Əslində o sevginin təmtəraqlı sözlərə ehtiyacı yoxdur, çünki vətənpərvərlik duyğusu bir uşağın gördüyü bayraqdan, dinlədiyi himndən, anasından eşitdiyi: "Vətən sağ olsun" nidasından yoğrulur. Bizim torpaq belə sevgidən yaranıb. Hər qarışı bir yaddaş olan Qarabağ da, Araz da, Göyçə də tarixin əmanətidir bizlərə. Və bəzən tarixin elə bir anını yaşayırıq ki, bir millətin bütöv ruhu o anın içində cəmlənir. Biri irəli çıxır, biri səngərə doğru qaçır, biri dua edərək Tanrıya əl açır. Amma hamının dilində Vətən adlı kəlmə şüara çevrilir. Vətənpərvərlik nəsildən-nəslə ötürülən miras deyil, xalqın geninə vurulmuş bir möhürdür, içindəki torpaq, yurd, Vətən adlı gizli səsdir. O səs zilə qalxarsa, deməli, Vətənə sahib çıxmaq gərəkdir. Məhz beş il əvvəl həmin səs dünyanın hər bucağına yayıldı, çünki torpağın öz övladlarının köməyinə ehtiyacı vardı. Onlar isə düşünmədən haraya gəldilər. Vətəni qorumaq kimi bir amal, bir məslək uğrunda 44 günlük dastan yazdılar. Hər ilin bu 44 günü hamımız üçün həssas və Zəfər qarışıq unudulmaz günlərdir. Bu günlərdə mütəmadi olaraq, şəhidlərimizin xatirəsini anmaq can borcumuzdur. Bu gün haqqında danışmaq istədiyimiz daha bir şəhidimiz isə fərqlidir. Fərqlidir ona görə ki, Vətən müharibəsinin ilk və yeganə şəhid qızı, ailəsindən xəbərsiz könüllü od-alovun içinə atılan iki övlad anasıdır, iki qardaşın tək bacısı, anasının bircəcik qızıdır. Qəlbindəki Vətən sevgisilə böyüyən, döyüş meydanında qadın cəsarətinin, Azərbaycan övladının simvoluna çevrilən Tanrının yaratdığı zərif və incə varlıq... Bu şənbə onun haqqında danışmaq istədik. Şəhid anası ilə görüşüb söhbətləşmək heç də asan olmasa da, bu gün yenə daha bir qapını döydük.

Müsahibimiz iki gün əvvəl anım günü olan, Silahlı Qüvvələrin çavuşu, "Vətən uğrunda" medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarı ilə ingiltərəli tibb bacısının şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif olunan Arəstə Baxışovanın anası Məktubə xanım Baxışovadır.

 

- Arəstə pedaqoji təhsil alıb, özü də ingilis dili ixtisası üzrə, amma seçimi tam fərqli bir sahə oldu...

- Biz xeyli müddət Ukraynada yaşamışıq. Həyat yoldaşım Fövqəladə Hallar Nazirliyinin Mühafizə İdarəsinin rəisi idi. Çernobıl faciəsi baş verəndə yoldaşım xilasetmə işlərində iştirak edərkən şüa almışdı. Çox yerlərdə müalicə olunsa da, köməyi olmadı. Hadisədən bir müddət sonra Azərbaycana qayıtdıq. Arəstə gözünü açandan atasının hərbi formasını geyinməyi sevərdi və həmişə deyərdi ki, böyüyəndə hərbçi olacağam. Mən isə onu həmişə həkim kimi görmək arzusunda olduğumdan etiraz edərdim. Gülüb deyərdi, ay ana, həkim olacağam, amma hərbi həkim. Həyat elə gətirdi ki, Arəstənin dörd yaşı olanda atası dünyasını dəyişdi. Övladlarımın arasında iki yaş fərq vardı və sonbeşik oğlumun iki yaşı olanda mən üç uşaqla tək qaldım. Uşaqlar böyüdü, lakin mən onların təhsilində daha maraqlı idim, xüsusən də Arəstənin. Həmişə o fikirdə olmuşam ki, qız uşağına təhsil vermək daha vacibdir. Arəstə istəməsə də, Dövlət Pedaqoji Kollecinə daxil oldu, təhsilini bitirdi, lakin hərbi sahəyə olan həvəsi ondan uzaqlaşmadı. Nəhayətdə Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalında tibb bacısı təcrübəsi topladı. Bir ildən sonra isə Beyləqan rayonundakı "N" saylı hərbi hissədə operator kimi xidmətə başladı. Müharibədən bir il iki ay əvvəl. Yəni qısa müddətli də olsa, arzusunu gerçəkləşdirdi.

- Atalarını itirəndə uşaqlar bunu dərk edəcək yaşda deyildilər, amma zamanla onlara bunu deməli idiniz...

- Biz Ukraynadan Vətənə qayıtsaq da, yoldaşım ara-sıra ora müalicə üçün gedirdi. Hər dəfə də əlində böyük çemodanla qayıdardı. Ən üstdə Arəstənin hədiyyələri olardı - pal-paltar, uşaq üçün müxtəlif bəzəklər. Arəstə onun gəlişini səbirsizliklə gözləyirdi. Onu itirəndən sonra atam nə vaxt gələcək deyə, aramsız suallar başladı. Daha sonra atamı istəyirəm deyə, axan göz yaşları. Bu hal bir neçə il davam etdi. Arəstənin doqquz yaşı olanda mən uşaqları Kərimin məzarı üstünə gətirdim və dedim ki, atanızın yeri buradadır. O zaman çiyinlərimdən bir ağır yükün qalxdığını hiss etdim.

- İki qardaşın bir bacısı kimi yəqin ki, ərköyünlüyü də olub...

- Arəstə qız uşağı kimi böyümədi, çünki onun xarakteri bir başqa idi. Çox dəcəl, cəsarətli, heç nədən qorxmayan bir uşaq idi. Qardaşlarını incidən hər kəsin qarşısında durardı. Uşaqlıqdan qürurlu idi, heç kəsdən söz götürməzdi. İndi fikir verirəm ki, qızı Zəhra da qoçaqlıqda anasına bənzəyir. Arəstənin on iki yaşı olanda mən uşaqları evdə tək qoyub kənddəki torpaq sahəmizdə işləməyə gedərdim. Qardaşlarının yeməyi, paltarlarının təmizliyi, onlara qulluq Arəstənin öhdəsində idi və bunu bacarırdı da. Evi dolandırmaq, qazanc gətirmək mənim üzərimdə olduğundan, o, kiçik yaşlarından mənə əl tutmağa başladı. Bir dəfə belə bir hadisə oldu. Arəstənin yeddi yaşı vardı və böyük qardaşı xəstələnib, mən də kənddə torpaq əkib becərirəm. Görüb ki, qardaşının hərarəti qalxıb, ona zoğallı çay verib, lakin qızdırma düşməyib. Təcili yardıma zəng çalıb ki, tez gəlin, qardaşımın halı yaxşı deyil. Çağırışa gələn yaşlı bir həkim olub. Dərmanı şprisə çəkəndə görüb ki, həkimin əlləri əsir. Deyib ki, verin mən çəkim, həkim razılaşıb. Sonra Arəstəyə deyib ki, madam dərmanı çəkdin, iynəni də özün vur. Yerini göstərəndən sonra Arəstə qorxmadan iynəni qardaşına vurub. Bu söhbəti həmin həkim hara gedərdisə, danışardı. Yəni bu qızda nədənsə ehtiyat edərək çəkinmək kimi xarakter yox idi. İşdən qəti qorxmazdı. Bir pomidor sahəmiz vardı, o, mənimlə gələr, torpağı təmizləyər, əkər, tərəvəz yığar və bütün işləri ürəklə görərdi. Ona görə ki, Arəstənin böyük ürəyi vardı. İndi həmin sahə mənim üçün ürəyimi boşaldacaq bir yerə çevrilib. Ancaq orada ürəkdən hönkürüb ağlaya bilirəm ki, bu da məni xeyli sakitləşdirir.

- Deməli, Arəstəyə məhəbbətiniz də fərqli olub...

- Mən bu fikri dəfələrlə demişəm, təəssüf ki, oğul anaları bəzən məndən inciyir. Qız övladı anaya daha yaxın olur. Qızınla hər dərdini-sərini bölüşə bilirsən, hansı ki, bunu oğulla etmək olmur. Qız olan evdə bərəkət, hüzur olur. Çox xırdalıqlara getmək istəmirəm, qızı olan ana xoşbəxtdir. Biz ana-bala bir-birimizlə nəfəs alırdıq. Hər işimdə Arəstə mənim sağ əlim idi. Ataların bir məsəli var - oğul kimi qız. Arəstə məhz elə biri idi. Mən bilmirdim onun içində nələr vardı, nələr bilirdi, 2020-ci ilin iyul ayının əvvəli idi, on beş günlük məzuniyyət götürmüşdü ki, uşaqları ilə vaxt keçirsin. Həmin vaxtda bir gün çox aramla soruşdu ki, ana, mənə nəsə olsa, nə edərsən? Fəryaddan başqa bu suala nə cavab verə bilərdim.

Aradan bir qədər keçdi yenə dedi ki, mən atamın yaşına çatan deyiləm. Ağlayaraq dedim ki, ağzından yel alsın, bu nə fikirlərdir gəlir ağlına. Sonra yenə nə düşündüsə, dedi ki, onsuz da torpağın üzü soyuqdur, bir az ağlayıb unudacaqsan. O, şəhid olandan sonra Arəstənin hər sözünü xatırlayıb özlüyümdə xırdalayardım. Düz iki il gözümün yaşı qurumadı. Heç nə ilə ovuna bilmədim. Bilirdim ki, Arəstənin məndə iki əmanəti var, onlar üçün ayaqda qalmağa borcluyam. Ovuna bilmirdim. Mən yuxulara çox inanıram və bir gecə yuxumda gördüm ki, Arəstə məni arxadan qucaqladı, üzünü görmədim. Dedi ki, ay ana, sən niyə bu qədər ağlayıb üzülürsən, axı mən hər addımında sənin yanındayam. Həmin yuxudan sonra sanki özümə gəlməyə çalışdım. Balamın həyatda naxışı gətirmədi. Taleyi uğursuz oldu, uşaqlarından doymadı, onlarla bağlı arzuları yarımçıq qaldı və sonda ömrü çox qısa oldu. Mən əsla üsyan etmirəm, bir ona yanıram ki, əcəl Arəstəni vaxtsız yaxaladı, onu övladlarına bağışlamadı.

- Hərbçilərin xarakterində ciddilik və sərtlik olur, yəni bu, onların xidməti işindən irəli gəlir. Amma Arəstə bir qadın, bir ana idi, onda bu, özünü çox büruzə verməzdi...

- Sərtlik deməzdim, amma ciddilik çox idi. Uşaqlarının təhsilinə qarşı çox ciddi və tələbkar idi. Həmişə onlara deyirdi ki, həyatda öz ayaqlarınız üzərində dayanmağı bacarın. Nənəniz yaşlıdır, mən də qocalacağam, yaxşı oxuyub təhsil alın ki, sabah heç kəsin əlinə baxmayasınız. Mən də, uşaqlar da Arəstəni sonuncu dəfə müharibədən iki ay əvvəl gəldiyi on beş günlük məzuniyyətdə gördük. Mərdana bahalı velosiped aldı, Zəhraya bir cüt sırğa. Dedi ki, bəlkə sonra almağa imkan olmadı. Arəstənin arzusu Mərdanın İngiltərənin Oksford Universitetində təhsil alması idi. Ataların bir məsəli var - niyyətin hara, mənzilin ora. Düzdür, Arəstə olanları görmədi, lakin bu gün dövlətimizin qayğısı ilə Mərdan Bakı Oksford məktəbinin sonuncu, Zəhra isə doqquzuncu sinfində oxuyur. Mərdanın anasının arzuladığı ali təhsil ocağında oxuyacağına inamım böyükdür. Mən onlara nə qədər diqqət ayırıb qayğı göstərsəm də, ana sevgisini, ana hərarətini əvəz edə bilmirəm. Çox ağır bir yükdür, ömür vəfa etsin ki, bu uşaqların analarının arzusunu yaşatdığını görə bilim.

- Bir səhər isə qəfil müharibə xəbərilə açıldı...

- O zaman pandemiya dövrü idi, dərslər onlayn keçirilirdi. Mən də uşaqları götürüb rayona gəlmişdim. Həmin günü səhər bazarlıq etməyə çıxdım uşaqlarla. Bir də gördüm bazarda hamı bir-birinə dəydi, xəbər yayıldı ki, müharibə başlayıb. Əl-ayağım süstləşdi, evə necə gəldim bilmədim. Arəstəyə zəng çaldım, cavab olmadı. İkinci dəfə yenə cavab gəlmədi. Üçüncü dəfə axır ki, səsini eşitdim. Bircə onu dedim ki, bala, müharibə başlayıb, özünü qoru. Çox aramla cavab verdi ki, mən hospitaldayam, döyüş bölgəsində deyiləm ki, özümü qoruyum, narahat olma. Həm də bu müharibə bir gün olmalı idi, illərlə verdiyimiz itkilərin, Xocalı fəryadının, qaçqın və məcburi köçkünlərin, günahsız körpələrin intiqamı mütləq alınmalı idi. Sən özündən və uşaqlardan muğayat ol. Gözün üstlərində olsun. Bilirəm ki, onların qayğısına yaxşı qalırsan. Onu Allaha əmanət edib, sağollaşdıq və həmin andan narahat günlərim başlandı.

- Amma əlaqə saxlamaq imkanınız olurdu...

- Həmişə yox. Mən Arəstənin cəbhəyə könüllü yazıldığını şəhid olduğu gün bilmişəm. Ara-sıra danışanda sözüm ancaq bu olurdu ki, balalarına görə özünü qoru. Hər dəfəsində də hospitaldayam, yaralılar çox olduğundan bizə telefonla danışmağa icazə vermirlər deyirdi. O, məni inandırmağa çalışsa da, əlim ürəyimdə səksəkə içində günləri keçirirdim. İçimdə təlatüm var idi, amma bunu heç kəsə bildirmirdim. Arəstə şəhid olmazdan üç gün əvvəl isə ardıcıl yuxular gördüm. Xeyli vaxt idi yoldaşımı yuxumda görmürdüm. Oktyabrın iyirmisi Kərim yuxuma gəldi. Əynində hərbi forma vardı, hərbi marş səsi gəlirdi. Yoldaşım üzümə belə baxmadan irəlidə qaçırdı, əsgərlər də onun arxasınca. Yuxudan ayılıb Allaha yalvarmağa başladım. İkinci gecə isə gördüm ki, Arəstə ilə mənim kənddə qaldığım ev yarıldı, dərin quyu açıldı və mən düşdüm ora. Nə qədər qışqırdımsa, harayıma heç kəs gəlmədi və quyudan çıxa bilmədim. Bu iki yuxunun təsirindən çox həyəcanlandım. Namaz qılıram, dualar edirəm, nəzir paylayıram, bilmirəm nə edim. Artıq oktyabrın iyirmi üçü idi. Axşam tərəfi Arəstə Mərdanla danışıb, həmişəki kimi tapşırıqlarını verib. Dərslərinə fikir ver, bacına nəzarət elə, nənənin sözünə qulaq asın. Şəhid olmazdan bir saat əvvəl...

- Və...

- Saat ona yaxın böyük oğlum zəng çaldı ki, ana, bacı yaralanıb, gəl gedirik. Pandemiya olduğundan nəqliyyat yox idi, ancaq qatarla gedib-gəlmək mümkün idi. Qatar isə Xaçmazdan gecə saatlarında keçirdi. Vaxta var idi deyə, həyətdən iki çolpa kəsib təmizlədim ki, orada bişirib suyunu Arəstəyə içirdərəm. Mən bu xəyallarda idim, bilmirdim ki, fələk evimi yıxıb. Səhər çatdım Bakıya. Xaçmaz, Şabran, Binəqədi hərbi komissarlıqları maşın ayırmışdılar. Mən və iki oğlum yollandıq cəbhə bölgəsinə. Gəlib çatdıq Cəbrayılla Füzuli arasındakı böyük hərbi səhra hospitalına. Ömrümün sonuna qədər gördüyüm o mənzərəni unutmaram. Uzun bir yer idi, mənə dedilər ki, sağa-sola baxma. Gördüklərindən yan keçmək mümkün deyildi. Yuxarı tərəfdə üstünə ağ çəkilmiş bir cənazə vardı. Diqqətlə baxanda kənara sallanan uzun saçlar gördüm və qızımı tanıdım. Hiss etdim ki, yerə çökürəm. Bir onu eşitdim ki, qardaşları məni tutub dedilər ki, ana, sən Mərdan və Zəhraya görə ayaqda qalmalısan. Sonra komandiri ağlaya-ağlaya mənə yaxınlaşıb dedi ki, nə qədər israr etsək də, Arəstə yaralı əsgərlərimizə döyüş meydanında yardım etməkdən çəkinmədi və Qubadlı döyüşləri zamanı şəhid oldu. Güllə alnından dəymişdi. Mənə onun yaralı olduğunu dediklərindən bütün yolu Allaha yalvararaq gəlmişdim ki, həyat bir dəfə mənə itki yaşadıb, övlad acısına isə tab gətirə bilmərəm. İçəridə yaşlı bir kişi vardı, mənə yaxınlaşıb dedi ki, iki oğlumun parçalanmış əzalarını tapa bilmirəm. Sənin övladın əlindədir, bəs mən nə edim? Kişinin sözləri mənə bir qədər toxtaqlıq verdi. Hələ də tapılmayan şəhidlərimiz var ki, anaları illərdir onları gözləyir. Arəstənin əynindəki köynəyin cibindən bir kağız parçası çıxdı. Bilirsiniz orada nə yazılmışdı? Uşaqlar hansı saatda dərsə gedəcək, onların dərs cədvəli və neçədə evə qayıdacaqlar. Od-alovun içində də, o, övladlarına nəzarət edib.

- Ən böyük ağrı bu xəbəri övladlarına bildirmək idi...

- Oktyabrın iyirmi dördü şəhid balamı götürüb Bakıya qayıtdıq, birbaşa Heydər məscidinə aparıb orada qoyduq. Evə qayıdanda həyət adamla dolu idi. Yolboyu Mərdan dəfələrlə mənə zəng çalıb ağlaya-ağlaya qışqırırdı ki, nənə, düzünü de, anama nə olub? Ona nə deyəcəyimi bilmirdim. Tək onu deyə bildim ki, çatım hər şeyi biləcəksən. Mən evə girəndə Mərdan məndən heç nə soruşmadı, susqunluğundan anladım ki, hadisədən xəbərdardır. Sonradan dedi ki, evdə əşyaların üstünə örtük salanda, mən həqiqəti bildim. Zəhra isə mənə yaxınlaşıb tək bunu dedi - nənə, yetimlik mənim alnımamı yazılıb? Bir möcüzə də dəfn zamanı baş verdi. Anasının şəklini sinəsinə basan Mərdan son ana qədər bir çaşqınlıq içində idi. Dedi ki, bəlkə dəfn olunan heç mənim anam deyil, əminsiniz ki, odur? Bu anda sanki bir meh əsdi və Arəstənin saçından bir tel kəfənindən çıxdı. Bu, Mərdanın ehtimalına bir işarə idi. Əbədi ayrılıq anında belə, Arəstə oğlunun şübhəsinə son qoya bildi.

- İki həftədən sonra isə qələbə xəbəri bütün qapıları döydü...

- O xəbəri eşidəndə sevinc ilə ağrı qarışıq bir hiss yaşadım... Hönkür-hönkür ağladım... Bu həm sevinc, həm də bir şəhid anasının göz yaşları idi. Tanrı möhlət versəydi, tək Arəstə deyil, bütün şəhidlər bu qələbəni görərdilər. Həmin anda şahidi olduğum hərbi səhra hospitalı göründü gözlərimə. Nədənsə mənə elə gəldi ki, gördüyüm o dəhşət saçan məkan belə, şəhidlərimizin ruhu ilə işıqlandı. Arəstə həmişə deyərdi ki, ana, bizim elə oğlanlarımız var ki, icazə verilərsə, bircə saata İrəvana qədər gedərlər. Mən ona sevindim ki, yerə baxan gözlərimiz qalxdı, aşağı əyilən başımız dikəldi, alnımızdan illərin ləkəsi silindi. Çoxu bizə istehza ilə deyirdi ki, bir ovuca sığmayan məxluqlarla niyə bacarmırsınız. Bu sözü dəfələrlə eşitmişəm. Bizim ağrımız nə qədər acı olsa da, şəhidlər Qarabağ adlı bir yükü övladlarının çiyinləri üzərindən götürdü. Bütün dünya şahid oldu ki, ədalət həmişə haqq yolu ilə yürüyənlərindir. Bu gün illərlə yurduna həsrət qalanlar yavaş-yavaş elinə dönür. Bir duam da odur ki, bütün yurd yerlərində yanmayan ocaq qalmasın.

SÖZARDI: Ananın duasına biz də öz duamızı qataq. Torpaq ana nəfəsi kimi isti, Vətən övlad sevgisi kimi saf qalsın. Heç bir ana göz yaşlarını içinə axıtmasın, heç kimsə oğul, ata, qardaş yolunun intizarını çəkməsin. Hər qapıdan uşaq gülüşünün sədası eşidilsin. Şəhid ruhları boylanan Vətən səmasından bir daha savaş alovu saçmasın.

Tamilla M-ZADƏ

 





27.10.2025    çap et  çap et